Qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı AQTA-nın sahibkarlara müraciəti:
14 Sentyabr 2018 00:00
Dəyərli iş adamları!
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılmışdır.
Ancaq, təəssüf ki, qeydiyyatın başlamasından xeyli vaxt keçməsinə və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunmuş vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməmişlər.
Məlumat üçün bildiririk ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (maddə 7), Azərbaycan Respublikasında qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Qanunun 7.3-cü maddəsinə əsasən Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.
Bununla bağlı olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir və bildirir ki, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində ciddi tədbirlər həyata keçiriləcəkdir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.