Qida təhlükəsizliyinin təmin olunması hər bir sahibkardan məsuliyyət tələb edir
29 İyun 2018 00:00
AQTA bitkiçilik məhsullarının istehsalçıları və ixracatçıları ilə görüş keçirib
İyunun 29-da Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iştirakı ilə bitkiçilik məhsullarının istehsalçıları və ixracatçıları arasında görüş keçirilib. “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən görüşdə sahibkarlara Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri barədə məlumatlandırılması, qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatı və reyestrinin aparılması qaydaları, qida təhlükəsizliyinin təmin olunması, bu sahədə milli və beynəlxalq qanunvericiliyin mənimsənilməsi, Azərbaycan brendinin xarici bazarlarında satışının təşkili və tanıdılması və digər istiqamətlər barədə məlumat verilib.
Tədbiri giriş nitqi ilə açan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı X.Dadaşova Agentliyin çevik idarəetmə strukturunun formalaşdırılması, qida bazarına və keyfiyyətə nəzarət, istehsal və ixrac məhsullarının və davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində davam etdirilən işlərdən bəhs edib. Bildirib ki, Agentlik ölkəmizdə sağlam qida məhsullarının istehsalı və ixrac potensialının gücləndirilməsini fəaliyyətinin əsas hədəflərindən biri hesab edir. Müəyyən edilmiş siyasətə əsasən, Agentlik zərərli orqanizmlərin diaqnostikası üzrə milli qida təhlükəsizliyi laboratoriyaların yaradılması, karantin rejiminin tətbiqi və ixracdan əvvəl fitosanitar karantin baxışının keçirilməsi, qablaşdırma, ixracın sertifikatlaşdırılması, fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi, bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi və digər istiqamətlərdə tədbirlər həyata keçirməkdədir.
Çıxış edən Dövlət Gömrük Komitəsinin əməkdaşı R.Məmmədov hər bir istehsalçı və ixracatçını qida təhlükəsizliyinin təmin olunmasında və nəzərdə tutulan proseslərdə fəal və məsuliyyətli olmağa dəvət edib, milli və beynəlxalq qanunvericiliyinin tələblərinə daha ciddi əməl etməyə çağırıb.
Dövlət Gömrük Komitəsinin digər əməkdaşı M.Əlizadə isə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, sahibkarların fəaliyyətinin stimullaşdırılması, dövlət dəstəyinin yaxşılaşdırılması, idxal və ixracın asanlaşdırılması, gömrük sahəsində aparılan islahatlardan danışıb.
Tədbirdə iştirak edən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin əməkdaşı N.Aslanova Qida Təhlükəsizliyi Agentliyinin qida bazarında nəzarət işinin təşkili, keyfiyyətin və insanların sağlam qida məhsulları ilə təmin olunması sahəsində fəaliyyətini təqdir edib. İnsanların keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasında üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Tədbirin sonunda ishehsalçı və ixracatçı sahibkarları narahat edən məsələlərə aydınlıq gətirilib, sualları cavablandırılıb.
Oxşar xəbərlər

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Dünyada epizootik vəziyyətə dair - VİDEOMƏLUMAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.