Qızılbalıqlarda yersiniozun səbəbləri və bu xəstəliklə mübarizə tədbirləri
12 İyun 2023 11:20

Yersinioz qızılbalıqlarda (alabalıq) tez-tez rast gəlinən kəskin və xroniki infeksion xəstəlikdir. Həm təbii mühitdə, həm də akvakultura şəraitində olan qızılbalıqlar bu xəstəliyə çox həssasdır. Ona görə də, qızılbalıqlar, xüsusilə də onların cavan fərdləri yersinioz xəstəliyinə daha tez yoluxur. Bu xəstəlik sazan, durna balığı və ilanbalığında da müşahidə edilir. Ümumiyyətlə suda yaşayan orqanizmlərin və bəzi məməli heyvanların bu bakteriya daşıyıcısı olduğu müəyyən edilib.
Xəstəliyin törədicisi Yersinia ruckeri bakteriyasıdır. Balıq patogeni sayılan Y.ruckeri Enterobacteriaceae fəsiləsinin Yersinia cinsinə aid olan kokobasil formasında fakultativ anaerob, qram-mənfi və hərəkət edən çöp şəkilli bakteriyadır. Bu bakteriya qida olan mühitdə asanlıqla çoxala bilir. Yersinialar adətən 26-29° C temperaturda, 0-3% duz ehtiva edən mühitdə daha da çoxalır. Həmçinin bu bakteriyanı laboratoriya şəraitində asanlıqla çoxaltmaq mümkündür. Buna görə də, standart mikrobioloji üsullardan istifadə olunmaqla, bu bakteriyanı orqanizmdən asanlıqla təcrid və təsbit etmək olur.
Balıqlarda yersinioz xəstəliyi adətən suyun temperaturu 10° C-dən yuxarı olduqda müşahidə edilir. Əgər temperatur yüksək olsa, bu xəstəlik bütün mövsümlərdə balıqları yoluxdura bilər. Bir çox hallarda isə xəstəlik balıqların 100% ölümü ilə nəticələnə bilir. Ümumiyyətlə suyun temperaturunun yüksəlməsi yersinioz xəstəliyinin geniş yayılması və çox sayda balığın tələf olması ilə nəticələnir. Məsələn, suyun temperaturunun 15° C-dən yuxarı olması balıqlarda ölüm hallarını artırır. Buna görə də, balıqların olduğu suyun temperaturunun 10° C-dən aşağı olması vacibdir.
Yersinioz xəstəliyindən sonra sağ qalan balıqların daşıyıcı olmasının nəzərə alınması və müvafiq tədbirlərin görülməsi çox əhəmiyyətli hesab edilir. Belə ki, bir yerdə suda olan balıqların 60-70%-i daşıyıcıdırsa, digərləri də asanlıqla bu xəstəliyə yoluxur. Bu proses suyun temperaturu 25° C olduqda, xüsusilə qısa zaman ərzində baş verir. İnfeksiya kəskin və ya xroniki hal alır. Kəskin hal aldığı zaman balıqlarda ilk əlamət olaraq süstlük və iştahsızlıq müşahidə edilir, dəridə qaralma nəzərə çarpır. Balığın qəlsəmələrinin altında, boğazının, ağzının, gözlərinin, xüsusilə də döş üzgəcinin ətrafında qanaxmalar müşahidə olunur. Xroniki hallarda isə balıqlarda hemorogik yaralar olmasa da, rəng dəyişikliyi, çəki itkisi, birtərəfli və ya ikitərəfli ekzoftalm müşahidə edilir. Suda oksigenin miqdarının azalması, eyni zamanda stres faktorlarının təsiri balıqlarda ölüm faizini artırır.
Yersiniozun diaqnostikası zamanı bu xəstəliyə yoluxmuş balıqlar yarılarkən əzələdə, qaraciyərdə, yoğun və kor bağırsaqlarda qanaxmalar, dalaq və böyrəklərdə böyümə müşahidə olunur. Bağırsağın içərisinə sarı rəngli maye yığılır. Yüksək patogen hesab edilən bu bakteriyanın diaqnostikası üçün balıqların izolasiya edilməsi vacib şərt hesab olunur. Bakteriyanın izolasiyası məqsədiylə xəstə balıqların böyrəyindən, qaraciyərindən və dalağından TSA, BHIA və SWA selektivlərinə əkmə edilir. Daha sonra əkmələr 20-25° C temperaturda 24-48 saat müddətində termostatda saxlanılır.
Yersinioz xəstəliyinə tutulan balıqların müalicəsi zamanı ən dəqiq üsul sayılan antibioqramma testinin nəticələrinə əsaslanaraq bakteriyanın həssas reaksiya verməsi nəticəsində təsbit edilən kemoterapevtik maddələrdən istifadə olunur. Peyvəndləmə isə bu xəstəlikdən qorunmaq üçün ən effektiv üsul hesab edilir. Peyvəndləmə zamanı bakteriyanın ölmüş kulturasından istifadə olunur. Peyvəndləmədən sonra immunitetin formalaşması 10 gün ərzində baş verir. Balıqların bu mikroorqanizmlə çirklənmiş yerlərdən digər təsərrüfatlara daşınması isə 15 gün öncədən peyvəndləmənin aparılması şərti ilə həyata keçirilə bilər.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin əməkdaşı Yusif Babayev tərəfindən hazırlanıb.
Oxşar xəbərlər

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

AQTA əməkdaşlarına təlim keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan əməkdaşlara “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda təlim keçirilib. Agentlikdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara liderliyin növləri, metodları və səriştələri barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.