Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq
22 Yanvar 2025 11:28
Helikopter vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçiriləcək.
Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan aldadıcı yemlərin paylanması nəzərdə tutulur.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər.
Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir.
Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
Qoşqar Təhməzli ərzaq və heyvan bazarlarının sahiblərini qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul yanvarın 30-u saat 15:30-da ərzaq və heyvan bazarlarının sahibləri ilə keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
AQTA sədri çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir. Bu çərçivədə bu gün çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı zamanı təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacib olduğu diqqətə çatdırılıb. Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ev 49 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Rövşən Əli oğluna məxsus lavaş emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emal sahəsində temperatur rejiminə əməl olunmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.