Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir
10 İyun 2024 10:45
Milli-mənəvi dəyərləri özündə əks etdirən Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək.
16-17 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək. Hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində Agentlik tərəfindən monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı geniş ictimaiyyətə açıqlanacaq. Bu ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə aparılacaq. Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınmaqla bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur. Kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə müvafiq satış şəbəkələrində həyata keçiriləcək.
Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.
Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşdıqda, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.