Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
9 Dekabr 2024 11:39
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək.
Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.
Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq.
Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısı alınıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) palma yağları, palma yağı tərkibli bitki yağları və digər məhsullar üzrə nəzarət və monitorinq tədbirlərini davamlı olaraq, risk əsaslı yanaşma prinsipi çərçivəsində həyata keçirir. Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Palma yağları ölkə ərazisinə idxal yolu ilə daxil olduğundan, bu mərhələdə tətbiq olunan gücləndirilmiş nəzarət tədbirləri zamanı məhsullardan nümunələr götürülür və akkreditasiya olunmuş laboratoriyalarda geniş spektrli müayinələrə cəlb olunur. Gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasının “Пищевые Ингредиенты” adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlandığından məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb və yük partiyası barədə gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib. Eyni zamanda, qarşı tərəf uyğunsuzluq aşkar edilmiş istehsalçı müəssisə barəsində tətbiq edilmiş qadağa ilə bağlı rəsmi qaydada məlumatlandırılıb. Elmi risk qiymətləndirmələrinə əsasən, bitki yağlarının rafinasiyası zamanı yaranan (3-monoxlorpropan-1,2-diol) emal çirkləndiricisinin uzunmüddətli və normadan artıq miqdarda qəbulu insan sağlamlığına toksiki təsir göstərir. AQTA istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin təmin edilməsini əsas prioritet kimi müəyyən edir və bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlər həyata keçirir.
Ramazan ayında necə qidalanmalı?
Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Oruc tutarkən düzgün qidalanmaq bədənin gün ərzində enerjili qalmasına və sağlamlığın qorunmasına kömək edir. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su ilə açmaq daha məqsədəuyğundur. İmsak mütləq edilməlidir, çünki səhər düzgün qidalanma gün ərzində enerji və su balansını qoruyur. Yulaf, düyü və ya bulqur kimi tox saxlayan qidalar, həmçinin yumurta və pendir kimi protein mənbələri seçilə bilər. Tərəvəz və meyvələr isə lifli olduqları üçün həm toxluq hissi yaradır, həm də susuzluğu azaldır. İftar zamanı tələsmədən qidalanmaq vacibdir. Su içdikdən sonra xurma, zeytun və ya yüngül salat qəbul edilə bilər. Bir qədər fasilə verdikdən sonra əsas yeməyə keçmək həzm sistemini yükləmir. Yeməyə əvvəlcə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır. Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən uzaq durmaq tövsiyə olunur. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi yaxşılaşdırır. İftardan sonra qidalanmanı bir neçə mərhələyə bölmək, kiçik porsiyalarla və yavaş-yavaş yemək daha məqsədəuyğundur. Qidaların yaxşı çeynənməsi həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül piyada gəzmək və yuxu rejiminə diqqət etmək də Ramazan ayını daha rahat keçirməyə kömək edir. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:
Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlanıb-VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşları Masallı rayonunun Banbaşı kəndində Cəfərov Rövşən Cəfərbala oğluna məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparıblar. Yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib. Belə ki, sexin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşların müşayiətedici baytarlıq sənədlərinin də mövcud olmadığı aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb. Daha ətraflı:
Giriş