Quş qripi xəstəliyinə qarşı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
10 Mart 2025 12:46

Quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Tədbir zamanı epizootik risk əsasında müəyyən olunan dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 64 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 230 baş, habelə 16 rayonun (şəhər) 152 ailə təsərrüfatından müxtəlif növ 472 baş ev quşundan qan və yaxma nümunələri götürülüb.
Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələrinə, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib.
Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və hər hansı şübhəli hala rast gəlinməyib.
Oxşar xəbərlər

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 1-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qoşqar Təhməzli Ağsuda vətəndaşları qəbul edib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-i Ağsuda Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Göygöldə "Dost" kafesində normativ tələblərin pozulduğu müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Balçılı kəndində fəaliyyət göstərən “Dost” kafesində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativ tələblərə cavab vermədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu və etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Emal sahəsində ayrıca yuma çanaqlarının təşkil edilmədiyi, havalandırma sisteminin təchiz edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin dönər hazırlanma sahəsində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
