Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
9 Aprel 2025 09:48
Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə 2025-ci ilin 3-7 mart tarixlərində quş qripi xəstəliyi ilə bağlı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 68 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 340 baş, habelə 16 rayonun (şəhər) 406 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 1234 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.
Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb, toplanmış epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib.
Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Oxşar xəbərlər
AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlim iştirakçılarına “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. Qida subyektlərinin nümayəndələri müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. İnteraktiv formada təşkil edilən təlimin sonunda bəhs olunan mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim ediləcək.
“Gəncə Təndiri"ndə keçirilən yoxlama zamanı nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağsu şəhəri, S.Vurğun küçəsində fəaliyyət göstərən “Gəncə Təndiri” ictimai iaşə obyektində yoxlama aparılıb. Yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzv seçilib. Üzvlük çərçivəsində ölkəmiz dabaq xəstəliyinə və oxşar transsərhəd heyvan xəstəliklərə qarşı hazırlığın və nəzarətin gücləndirilməsində Komissiya ilə sıx əməkdaşlıq edəcək. Azərbaycan EuFMD proqramı vasitəsilə təklif olunan geniş texniki dəstək və imkanlardan faydalanacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iki il ərzində təlim proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, üzv ölkələr dabaq və oxşar transsərhəd heyvan xəstəliklərinə nəzarət ilə bağlı bütün məsələlər üzrə texniki məsləhətlər ala biləcək, fövqəladə hallar zamanı yardım, o cümlədən böhranların koordinasiyası və cavab tədbirlərində dəstək göstəriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş