Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
9 Aprel 2025 09:48
Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə 2025-ci ilin 3-7 mart tarixlərində quş qripi xəstəliyi ilə bağlı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 68 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 340 baş, habelə 16 rayonun (şəhər) 406 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 1234 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.
Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb, toplanmış epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib.
Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Oxşar xəbərlər
Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Füzulidə “Mandarin” marketdə yoxlama zamanı nöqsanlar aşkar edilib
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində fəaliyyət göstərən Kərimli Oqtay Seymur oğluna məxsus “Mandarin” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə satış sahəsinin divar və tavan səthlərinin təmirli olmadığı, işçilərin soyunub-geyinməsi üçün otağın təşkil edilmədiyi, əllərin yuyulması üçün əl yuma çanağının təşkil edilmədiyi, təmizlik vasitələrinin saxlanması üçün ayrıca sahənin təşkil edilmədiyi, mexaniki və avtonom havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Rotterdam Konvensiyası üzrə onlayn görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə “Təhlükəli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası” üzrə aidiyyəti məsul şəxslər arasında onlayn görüş keçirilib. Tədbir çərçivəsində Konvensiyanın əsas müddəaları və mexanizmləri, xüsusilə əvvəlcədən əsaslandırılmış razılıq (Prior Informed Consent - PIC) proseduru barədə təqdimat edilib. Eyni zamanda ölkəmizdə pestisidlərin qeydiyyatı, dövriyyəsinə nəzarət, 238 adda qadağan edilmiş və məhdudlaşdırılmış pestisidlərə dair təsiredici maddələrin siyahısının təsdiqi, eləcə də idxal-ixrac əməliyyatlarının tənzimlənməsi sahəsində tətbiq olunan yanaşmalar barədə məlumat verilib. Görüş zamanı Konvensiyanın öhdəliklərinin effektiv icrası, institusional mexanizmlərin formalaşdırılması və aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin təşkili məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş