Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək
13 Yanvar 2025 10:14
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 13-17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçiriləcək.
Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.
Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Oxşar xəbərlər
Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində antisanitar vəziyyət aşkarlandı
Lənkəran şəhəri, Nizami küçəsi, ev 41 ünvanında yerləşən “Cənub-m” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı, məhsulların istehsalı zamanı etiketlənməyə dair tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib. Həmçinin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisələrin əks edildiyi videoçarx nümayiş olunub. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğından və bu faciənin qurbanlarından danışılıb. Eyni zamanda ölkəmizdə 20 Yanvar faciəsinin milli birlik və vətənpərvərliyin simvoluna çevrildiyi bildirilib. Qeyd edək ki, Agentliyin regional bölmələri tərəfindən də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə 20 Yanvar gününün Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.
Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsində qanunsuz olaraq kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı ərazidə yaşayan sakinlərin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Yasamal Rayon İcra Hakimiyyəti və polis orqanlarının əməkdaşları ilə birlikdə dərhal həmin ünvanda reyd keçirilib. Qeyd olunan ünvanda fiziki şəxs Cümşüdov Rövşən Vəli oğluna məxsus fərdi yaşayış evinin həyətində iribuynuzlu heyvanların saxlanıldığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə qanunsuz ət satışı məqsədi ilə heç bir norma və qayda gözlənilmədən heyvanların kəsildiyi aşkar edilib. Birgə tədbirlər nəticəsində qanunsuz fəaliyyətin qarşısı alınıb. O cümlədən qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmçinin reyd zamanı baytarlıq ekspertizasından keçməyən mənşəyi məlum olmayan 100 kq istehlaka yararsız ət aşkarlanıb və satışının qarşısı alınıb. Müayinələrinin aparılması üçün nümunələr götürülərək müvafiq laboratoriyaya təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.