Quşçuluğun inkişafı mövzusunda videokonfrans keçirilib
14 Yanvar 2021 10:14
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, ASK-ın prezidenti Məmməd Musayev, Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev və quşçuluq şirkətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə bildirilib ki, 2021-ci il Azərbaycanda böyük quruculuq ilidir və iqtisadi inkişafla bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlərdə özəl sektor, sahibkarlar da fəal iştirak edəcəklər. Ölkəmizin ərzaq təhlükəsizliyi, daxili istehsal hesabına özünü təmin etməsində böyük irəliləyişlər var. Qida zəncirində mühüm həlqələrdən biri də quş əti və yumurta ilə təminatdır: “Azərbaycan özünü yumurta ilə tam təmin edir, quş ətində isə 25 faiz idxaldan asılılıq qalır. Qeyd olunub ki, quş ətinə olan daxili tələbatı təmin etməyə imkan verən potensial mövcuddur və Azərbaycan Sahibkarlar Konfederasiyası bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu sahədə fəaliyyət göstərən sahibkarların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirib. Q.Təhməzli ölkə iqtisadiyyatının inkişafı, milli sahibkarların dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Agentlik sədri Azərbaycanda quşların pərakəndə satışının epizodik vəziyyətə təsiri, zəif patogen quş qripinə qarşı vaksinasiya ilə bağlı gələcəkdə həyata keçiriləcək tədbirlər, quşçuluq müəssisələrinin idarə olunmasında mövcud olan nöqsanları tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu istiqamətdə agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara peşəkar dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.
Kənd təsərrüfatı naziri İ.Kərimov hazırda Azərbaycanın quşçuluq sənayesində rəqabət qabiliyyətini yüksəltmək, bu sahədə dövlətin tənzimləmə mexanizmləri barədə fikirlərini iştirakçılarla bölüşüb. Eyni zamanda, nazir ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.
Müzakirələr nəticəsində ASK-ın prezidentinin sədrliyi ilə işçi qrup yaradılıb və sahibkarlardan toplanan təkliflər əsasında bir həftə ərzində hökumətə və müvafiq qurumlara müvafiq təkliflər paketinin təqdim edilməsi qərara alınıb.
Oxşar xəbərlər
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi davam etdirilir
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. 2021-ci il 15 dekabr - 2025-ci il 8 yanvar tarixlərində respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446143 baş iribuynuzlu heyvan, 4302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir. Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq 2024-cü ilin 16-20 dekabr tarixlərində həyata keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar müvafiq proqrama daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Xovd vilayətində xırdabuynuzlu heyvanların taun və keçilərin yoluxucu plevropnevmoniyası, Avstriya Respublikasının Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol, Zalsburq ştatlarında blutanq, Polşa Respublikasının Mazoviesk, Lyubelinsk inzibati ərazilərində Nyukasl, Fransa Respublikasının Normandiya regionunda, İsrail Dövlətinin Mərkəz dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Xovd vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə qeyd olunan heyvanların Azərbaycan Respublikasının ərazisindən tranzitinə, eləcə də Xovd vilayətində keçilərin yoluxucu plevropnevmoniyası xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən qeyd olunan heyvanların tranzitinə, Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol və Zalsburq ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Mazoviesk və Lyubelinsk inzibati ərazilərində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Normandiya regionunda və Mərkəz dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.