Şabran rayonunda baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı AQTA-nın məlumatı
5 Sentyabr 2018 00:00
04.09.2018-ci il tarixində gecə saatlarında Qida Təhlükəsizliyi Agentliyinə Şabran rayonunda baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub. Agentliyin mütəxəssislərindən ibarət işçi qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə ezam olunub. İlkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olmuşdur.
Dörd nəfərdən ibarət birinci qrup Şabran rayonu Nizami küçəsində Məcidov Fuad Akif oğlu tərəfindən satılan hisə verilmiş balıq məhsulunu aldıqdan və qəbul etdikdən sonra, həmin şəxslərdə qida zəhərlənməsi əlamətləri müşahidə olunmuş və qida zəhərlənməsi diaqnozu ilə Şabran rayonu xəstəxanasına yerləşdirilmişdir. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Bakı şəhərində yerləşən Klinik Tibbi Mərkəzə köçürülmüşdür. Hazırda həmin dörd nəfərdən ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Digər üç nəfərdən ibarət qrup da eyni ünvandan hisə verilmiş balıq məhsulundan almış, qəbul etdikdən sonra bir nəfər qida zəhərlənməsi diaqnozu ilə Şabran rayonu xəstəxanasına, daha sonra isə Klinik Tibbi Mərkəzə yerləşdirilmişdir.
İlkin araşdırmalar zamanı, hər iki qrupun eyni ünvanda hisə verilmiş balıq məhsulu aldıqları və həmin məhsulların Şabran rayonunda yerləşən, Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olmuşdur. Hazırda AQTA mütəxəssisləri Baş Prokurorluğun əməkdaşları ilə birgə araşdırmaları davam etdirir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Agentlik bəyan edir ki, qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən monitorinqlər və yoxlamalar zamanı Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında sanitar-gigiyenik tələblərə cavab verməyən, ev şəraitində kustar üsulla balıqların hislənməsi halları aşkar olunmuşdur. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığı üçün ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər. Bildirilir ki, Agentlik tərəfindən bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.