Süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
29 May 2018 00:00
Mayın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Süd məhsulları istehsalı sahəsində çalışan sahibkarların dinlənildiyi görüşdə əhalinin sağlam və təhlükəsiz süd məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğu bildirilib, beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli süd məhsullarının istehsalı və beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.
Agentliyin Aparat rəhbəri Rəşad Mafusov qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi, eləcə də ictimai iaşə və xidmət sahələrində istifadəsi ilə bağlı qanunvericiliyin tələblərini sahibkarlara izah edib. O bildirib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində lazım olan bütün tədbirləri həyata keçirəcək.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Başqırdıstan, Buryatiya, Tatarıstan respublikalarında, Zabaykalsk diyarında, Çelyabinsk vilayətində nodulyar dermatit, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda xırdabuynuzlu heyvanların çiçək, Macarıstanın Borşod-Abauy-Zemplen, Dyör-Moşon-Şopron inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Aydaho, Alabama, Nebraska, Qərbi Virciniya, Corciya, Vaşinqton ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində quş qripi xəstəliyinə qarşı 7-11 aprel tarixlərində epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə həyata keçiriləcək. Tədbir müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.

Quş qripi xəstəliyinə qarşı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunan dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 64 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 230 baş, habelə 16 rayonun (şəhər) 152 ailə təsərrüfatından müxtəlif növ 472 baş ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələrinə, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və hər hansı şübhəli hala rast gəlinməyib.