“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinə maraq artıb
10 Aprel 2019 15:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində həyata keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi davam edir. Artıq məktəblilər müxtəlif rəsm əsərləri ilə layihəyə böyük maraq göstərir.
Həm paytaxt məktəbliləri, həm də respublikanın digər regionlarından, eyni zamanda ən ucqar kənd məktəblərindən belə rəsm əsərləri təqdim olunub. Müsabiqə çərçivəsində ümumilikdə məktəblilər tərəfindən 1000-dən artıq əl işi AQTA-ya təhvil verilib. Daxil olan rəsm əsərlərində məktəblilərin sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırdıqları görülür.
Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmək istəyən məktəblilər may ayının 25-dək rəsm əsərlərini Agentliyə və onun regional bölmələrinə təqdim edə bilərlər. Rəsmlər A4 və A3 formatında olmaqla sağ alt hissədə rəsmi çəkən məktəblinin adı, soyadı, sinif və məktəb haqqında məlumatları yer almaqla qəbul edilir. Müsabiqənin qalibləri "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" təşkil olunacaq sərgidə elan ediləcək, Agentlik tərəfindən qalib və iştirakçılara müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatalar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək və sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsi ilə ifadə etmələrini təmin etməkdir. Eyni zamanda layihə məktəblilərin təhlükəsiz qida ilə bağlı dünyagörüşlərini, istək və arzularını öyrənmək üçün geniş imkanlar yaratmaqdadır.
Oxşar xəbərlər

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.