AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
10 Aprel 2025 10:15
Qarayara təhlükəli zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər.
Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir.
Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər.
İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər.
Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.
Oxşar xəbərlər
Masallı və Ağsu heyvan bazarları açılıb - VİDEO
Masallı və Ağsu rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Hazırda Abşeron, Cəlilabad və Xaçmaz heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar və Kürdəmir rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Gürcüstandan və Türkiyədən idxal edilən toxumluq kartof məhv edilib
Nəzarət tədbirləri çərçivəsində “ROSTA M” MMC-nin Gürcüstandan idxal etdiyi 48750 kq və fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğlunun Türkiyədən idxal etdiyi 24800 kq toxumluq kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib. Yoxlama zamanı götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək məhv edilib.
Xəzər rayonunda qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1A, m.1505 ünvanında fəaliyyət göstərən qənd və karamel emalı müəssisəsində yoxlama keçirib. Müəssisədə emal prosesinin antisanitar şəraitdə həyata keçirildiyi müəyyən edilib. Həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, istifadə edilən avadanlıqların korroziyaya uğradığı, anbar və emal sahəsinin təmirsiz olduğu və xammalların, hazır məhsulların saxlanma şəraitinə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və qida təhlükəsizliyi sahəsində digər tələblərin pozulduğu aşkarlanıb. Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri bəlli olana kimi məhsulların dövriyyəsi qadağan olunub. Nöqsanlar aradan qaldırılanadək müəssisədə qənd, karamel, kozinak, iris və s. konfetlərin emalı sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş