ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu təsdiqlədi
18 Noyabr 2024 10:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir.
Görülən tədbirlər, həmçinin bioloji təhlükəsizliyin təmin olunması üçün yaradılan mexanizmlərin etibarlılığını qəbul edərək ölkəmizin yüksək patogen quş qripindən azad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib və müvafiq məlumatlar təşkilatın rəsmi internet səhifəsində yayımlanıb.
(www.woah.org/app/uploads/2024/11/2024-11-azerbaijan-hpai-selfd-a.pdf)
Qeyd edək ki, son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi iş aparılır. Bu çərçivədə yüksək patogen quş qripindən azad olma statusunun təsdiqlənməsi ölkəmizdə bioloji təhlükəsizliyin qorunması, bu sahədə nəzarət və tənzimləmə sisteminin daha bir uğuru kimi qiymətləndirilə bilər. Belə ki, ÜHST tərəfindən xəstəlikdən azad olma statusunun təsdiq edilməsi ölkəmizdən quşçuluq məhsullarının ixracına olan ən böyük maneələrdən birinin götürülməsinə və quşçuluq sektoruna aid məhsulların ixracının asanlaşmasına səbəb olacaq.
Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün də təhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir. Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqları mövcuddur. Azərbaycanda mütəmadi olaraq epizootoloji monitorinqlərin aparılması və təhlükəli halların dərhal aşkarlanaraq adekvat tədbirlərin görülməsi, xüsusi təhlükə mənbəyi ola biləcək quş və quşçuluq məhsullarının ölkəmizə gətirilməsinin qarşısının alınması nəticəsində ölkəmizin bu xəstəlikdən qorunmasına nail olunub.
Oxşar xəbərlər
Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası ABŞ-ın “OTSC - Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Aflatoksinin ümumi miqdarı” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib. Milli Referens Laboratoriyasının bu uğuru təsadüfi deyil. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Laboratoriyalarda qabaqcıl texnologiyalar tətbiq olunur. Milli Referens Laboratoriyasının apardığı uğurlu müayinələr nəticəsində ölkəmizdə istehsal edilən fındıq məhsullarında aflatoksinin yaranma riski minimuma endirilib. Buna görə də, 2024-cü il ərzində Avropa bazarlarına ixrac olunan məhsullarda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb. Bu nailiyyət qida məhsullarının ixracı zamanı tətbiq olunan gücləndirilmiş nəzarət tədbirlərinin nəticəsidir. Milli Referens Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrləri yüksək səviyyədə yoxlanılır. Burada mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Səriştəliliyin artırılması üçün kadrlar təlimlərə cəlb olunur. Həmçinin onların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib
Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
13-17 yanvar tarixlərində respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş ərazilərdə vəhşi quşlara klinik baxış keçirilib, 64 baş müxtəlif növ vəhşi quşdan nümunələr götürülüb. Bundan əlavə, 30 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 300 baş, habelə 19 rayonun (şəhər) 206 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 634 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib, toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.