Xırdabuynuzlu heyvanların taun xəstəliyi
2 Fevral 2022 14:35

Xırdabuynuzlu heyvanların taun xəstəliyi (Peste des petits ruminants-PPR) əsasən iti və ya yarımiti formada davam edən, temperaturun yüksəlməsi, ağız və burun boşluğu selikli qişalarının zədələnməsi, konyunktivit, hemorragik qastroenterit, limfa sisteminin zədələnməsi və pnevmoniya ilə xarakterizə olunan, yüksək kontagioz virus mənşəli xəstəlikdir. PPR-ə hazırda Afrika, Yaxın Şərq və Asiyanın 70-ə yaxın ölkəsində xırdabuynuzlu heyvanlar arasında rast gəlinir. Son məlumatlara görə, dünyanın 48 ölkəsində xırdabuynuzlu heyvanlar arasında PPR-ə yoluxma hallarının olmaması Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən təsdiqlənib. Qeyd edək ki, bu ölkələr tarixən Amerika və Avropanın xəstəlikdən azad əraziləri olub. Buna baxmayaraq, OIE bu təhlükəli xəstəlikdən azad status üzrə tələb olunan beynəlxalq tanınma prosesini həmin ölkələrə də şamil edib.
Xəstəliyin törədicisi Paramyxoviridae ailəsinə, Morbillivirus cinsinə mənsub olan RNT tərkibli virusdur. Virus antigen və immunogen xüsusiyyətlərinə görə iribuynuzlu heyvanların taunu, ətyeyənlərin taunu və qızılca xəstəliyi törədicilərinə bənzəyir.
Xəstəlikdən sağalan heyvanlarda uzunmüddətli immunitet formalaşır. Virus 37° C-də 3 saat, 56° C-də 2.2 dəq, 70° C-dən yüksək temperaturda isə daha qısa müddət ərzində tələf olur. Virus üçün mühitin optimal pH göstəricisi 5.0-10.0 hesab olunur. PPR törədicisi bir çox dezinfeksiyaedici vasitələrin (fenol, 2 %-li natrium hidroksid, spirt və s.) təsirinə qarşı davamsızdır.
Qoyun və keçilər PPR-in yeganə təbii sahibi hesab olunur. Qoyunlarla müqayisədə keçilər daha həssasdır və xəstəliyi ağır keçirir. Xəstəlik törədicisi yüksək yoluxduruculuq xüsusiyyətinə malik olduğundan epizootik şəraitdə xəstə heyvanların 80-100 %-nin ölümü ilə nəticələnir.
Xəstəliyin yayılmasında mövsümilik müşahidə edilməsə də, yağmurlu və soyuq havalarda, həmçinin heyvanların miqrasiyası və doğum dövründə PPR-ə daha çox rast gəlinir. Xəstəliyə yoluxmuş heyvanlar ifrazatları (göz yaşı, burun axıntısı, ağız suyu, kal və s.) vasitəsilə virusu ətraf mühitə yayır. Xəstəliyin yayılmasında törədici ilə sirayətlənmiş vasitələrin (yem, peyin, geyim, alətlər, gübrə və s.) rolu olsa da, PPR əsasən xəstə heyvanlarla birbaşa təmas nəticəsində baş verir. Xəstəliyin reproduktiv yolla (sperma, embrion və s.) yayılması da mümkündür.
Xəstəliyin inkubasiya dövrü əsasən 3-10 gün arasında dəyişir. OIE-nin Quruda Yaşayan Heyvanların Sağlamlıq Kodeksində isə PPR-in inkubasiya müddəti 21 gün olaraq qeyd edilmişdir. Xəstəlik heyvanın növü, yaşı və virusun orqanizmə daxil olma miqdarından asılı olaraq iti, yarımiti və ya subklinik formalarda təzahür edə bilər. İti forma heyvanlarda temperaturun yüksəlməsi (40-41° C), iştahsızlıq, depressiya, halsızlıq, ishal, burun aynasının quruması və konyuktivitlə xarakterizə olunur. Yarımiti formaya daha çox cavan fərdlər arasında təsadüf edilir. Qeyd edək ki, xəstəliyin yarımiti forması heyvanlarda temperaturun ani olaraq yüksəlməsi, depressiya, iştahsızlıq və çətin nəfəsalma kimi əlamətlərlə özünü göstərir. Bəzən selikli qişalarda hemorragiyalar da müşahidə oluna bilər. Subkliniki formada xəstəliyin kliniki əlamətləri müşahidə edilməsə də, bəzi hallarda heyvanlarda temperaturun yüksəlməsi və heyvanın vəziyyətində ani dəyişikliklərin baş verməsi qeyd olunur. Xəstəliyin yarımiti və subkliniki formalarında xəstə heyvanların daxili orqanlarında patoloji dəyişikliklərə rast gəlinməsə də, xəstəliyin iti formasından ölmüş heyvanların cəsədində bir sıra patoloji dəyişikliklər (toxumaların susuzlaşması, gözlərin göz çuxurunun dibinə enməsi, ağız, burun və dildə yaralar, ağciyərlərin iltihabı, limfa düyünlərində və dalaqda böyümə, şırdanda qansızmalar və yoğun bağırsaqda zebra dərisinə bənzər qansızmalar) qeydə alınır.
Diaqnostika məqsədilə xəstəliyə şübhəli heyvanlardan götürülən qan, göz yaşı, burun və ya anal yaxması nümunələri, həmçinin ölmüş heyvanların zədələnmiş toxuma nümunələri (dalaq, limfa düyünləri, qaraciyər, dil, diş əti və s.) soyuq zəncir prinsipi əsasında laboratoriyaya göndərilir. Laborator müayinələr immunoferment (ELISA) və molekulyar-genetik (PZR) metodlar əsasında həyata keçirilir.
Heyvanların peyvəndlənməsi PPR-ə qarşı əsas mübarizə yolu hesab olunur. Bu məqsədlə xəstəliyə qarşı zəiflədilmiş (canlı), inaktivləşdirilmiş, monovalent və ya polivalent peyvəndlərdən istifadə edilir.
Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinin baş verməsinin qarşısının alınması məqsədilə təsərrüfatlarda sanitar-gigiyenik və biotəhlükəsizlik qaydaları təmin olunmalı, təsərrüfata yeni gətirilən heyvanlar karantində saxlanılmalı, yay mövsümündə otlaq şəraitində heyvanların vəhşi heyvanlarla təmasının qarşısı alınmalı, xəstəlik aşkar edilən ölkələrdən heyvan və heyvan mənşəli məhsulların idxalı məhdudlaşdırılmalıdır. Heyvanlar arasında xəstəliyə şübhəli hal aşkar edildiyi zaman dərhal baytar həkiminə məlumat verilməlidir.
Azərbaycanda xırdabuynuzlu heyvanların taun xəstəliyinə görə epidemioloji vəziyyət sabitdir. Odur ki, ölkədə bu xəstəliyə qarşı qoyun və keçilər arasında profilaktik peyvəndləmə tədbirləri həyata keçirilmir.
Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ç. Əliyeva, R. Kəngərli və K. Əliyeva tərəfindən hazırlanıb.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: