Xırdabuynuzlu heyvanların taun xəstəliyi
2 Fevral 2022 14:35
Xırdabuynuzlu heyvanların taun xəstəliyi (Peste des petits ruminants-PPR) əsasən iti və ya yarımiti formada davam edən, temperaturun yüksəlməsi, ağız və burun boşluğu selikli qişalarının zədələnməsi, konyunktivit, hemorragik qastroenterit, limfa sisteminin zədələnməsi və pnevmoniya ilə xarakterizə olunan, yüksək kontagioz virus mənşəli xəstəlikdir. PPR-ə hazırda Afrika, Yaxın Şərq və Asiyanın 70-ə yaxın ölkəsində xırdabuynuzlu heyvanlar arasında rast gəlinir. Son məlumatlara görə, dünyanın 48 ölkəsində xırdabuynuzlu heyvanlar arasında PPR-ə yoluxma hallarının olmaması Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən təsdiqlənib. Qeyd edək ki, bu ölkələr tarixən Amerika və Avropanın xəstəlikdən azad əraziləri olub. Buna baxmayaraq, OIE bu təhlükəli xəstəlikdən azad status üzrə tələb olunan beynəlxalq tanınma prosesini həmin ölkələrə də şamil edib.
Xəstəliyin törədicisi Paramyxoviridae ailəsinə, Morbillivirus cinsinə mənsub olan RNT tərkibli virusdur. Virus antigen və immunogen xüsusiyyətlərinə görə iribuynuzlu heyvanların taunu, ətyeyənlərin taunu və qızılca xəstəliyi törədicilərinə bənzəyir.
Xəstəlikdən sağalan heyvanlarda uzunmüddətli immunitet formalaşır. Virus 37° C-də 3 saat, 56° C-də 2.2 dəq, 70° C-dən yüksək temperaturda isə daha qısa müddət ərzində tələf olur. Virus üçün mühitin optimal pH göstəricisi 5.0-10.0 hesab olunur. PPR törədicisi bir çox dezinfeksiyaedici vasitələrin (fenol, 2 %-li natrium hidroksid, spirt və s.) təsirinə qarşı davamsızdır.
Qoyun və keçilər PPR-in yeganə təbii sahibi hesab olunur. Qoyunlarla müqayisədə keçilər daha həssasdır və xəstəliyi ağır keçirir. Xəstəlik törədicisi yüksək yoluxduruculuq xüsusiyyətinə malik olduğundan epizootik şəraitdə xəstə heyvanların 80-100 %-nin ölümü ilə nəticələnir.
Xəstəliyin yayılmasında mövsümilik müşahidə edilməsə də, yağmurlu və soyuq havalarda, həmçinin heyvanların miqrasiyası və doğum dövründə PPR-ə daha çox rast gəlinir. Xəstəliyə yoluxmuş heyvanlar ifrazatları (göz yaşı, burun axıntısı, ağız suyu, kal və s.) vasitəsilə virusu ətraf mühitə yayır. Xəstəliyin yayılmasında törədici ilə sirayətlənmiş vasitələrin (yem, peyin, geyim, alətlər, gübrə və s.) rolu olsa da, PPR əsasən xəstə heyvanlarla birbaşa təmas nəticəsində baş verir. Xəstəliyin reproduktiv yolla (sperma, embrion və s.) yayılması da mümkündür.
Xəstəliyin inkubasiya dövrü əsasən 3-10 gün arasında dəyişir. OIE-nin Quruda Yaşayan Heyvanların Sağlamlıq Kodeksində isə PPR-in inkubasiya müddəti 21 gün olaraq qeyd edilmişdir. Xəstəlik heyvanın növü, yaşı və virusun orqanizmə daxil olma miqdarından asılı olaraq iti, yarımiti və ya subklinik formalarda təzahür edə bilər. İti forma heyvanlarda temperaturun yüksəlməsi (40-41° C), iştahsızlıq, depressiya, halsızlıq, ishal, burun aynasının quruması və konyuktivitlə xarakterizə olunur. Yarımiti formaya daha çox cavan fərdlər arasında təsadüf edilir. Qeyd edək ki, xəstəliyin yarımiti forması heyvanlarda temperaturun ani olaraq yüksəlməsi, depressiya, iştahsızlıq və çətin nəfəsalma kimi əlamətlərlə özünü göstərir. Bəzən selikli qişalarda hemorragiyalar da müşahidə oluna bilər. Subkliniki formada xəstəliyin kliniki əlamətləri müşahidə edilməsə də, bəzi hallarda heyvanlarda temperaturun yüksəlməsi və heyvanın vəziyyətində ani dəyişikliklərin baş verməsi qeyd olunur. Xəstəliyin yarımiti və subkliniki formalarında xəstə heyvanların daxili orqanlarında patoloji dəyişikliklərə rast gəlinməsə də, xəstəliyin iti formasından ölmüş heyvanların cəsədində bir sıra patoloji dəyişikliklər (toxumaların susuzlaşması, gözlərin göz çuxurunun dibinə enməsi, ağız, burun və dildə yaralar, ağciyərlərin iltihabı, limfa düyünlərində və dalaqda böyümə, şırdanda qansızmalar və yoğun bağırsaqda zebra dərisinə bənzər qansızmalar) qeydə alınır.
Diaqnostika məqsədilə xəstəliyə şübhəli heyvanlardan götürülən qan, göz yaşı, burun və ya anal yaxması nümunələri, həmçinin ölmüş heyvanların zədələnmiş toxuma nümunələri (dalaq, limfa düyünləri, qaraciyər, dil, diş əti və s.) soyuq zəncir prinsipi əsasında laboratoriyaya göndərilir. Laborator müayinələr immunoferment (ELISA) və molekulyar-genetik (PZR) metodlar əsasında həyata keçirilir.
Heyvanların peyvəndlənməsi PPR-ə qarşı əsas mübarizə yolu hesab olunur. Bu məqsədlə xəstəliyə qarşı zəiflədilmiş (canlı), inaktivləşdirilmiş, monovalent və ya polivalent peyvəndlərdən istifadə edilir.
Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinin baş verməsinin qarşısının alınması məqsədilə təsərrüfatlarda sanitar-gigiyenik və biotəhlükəsizlik qaydaları təmin olunmalı, təsərrüfata yeni gətirilən heyvanlar karantində saxlanılmalı, yay mövsümündə otlaq şəraitində heyvanların vəhşi heyvanlarla təmasının qarşısı alınmalı, xəstəlik aşkar edilən ölkələrdən heyvan və heyvan mənşəli məhsulların idxalı məhdudlaşdırılmalıdır. Heyvanlar arasında xəstəliyə şübhəli hal aşkar edildiyi zaman dərhal baytar həkiminə məlumat verilməlidir.
Azərbaycanda xırdabuynuzlu heyvanların taun xəstəliyinə görə epidemioloji vəziyyət sabitdir. Odur ki, ölkədə bu xəstəliyə qarşı qoyun və keçilər arasında profilaktik peyvəndləmə tədbirləri həyata keçirilmir.
Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ç. Əliyeva, R. Kəngərli və K. Əliyeva tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Dekabr ayının 7-11 tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq. Monitorinq çərçivəsində ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara baxış keçirilməsi nəzərdə tutulur. Vəhşi quşlar xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanacaq, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr götürülərək laboratoriyalarda müvafiq müayinələr aparılacaq. Tədbir müddətində ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara da ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək. Monitorinq zamanı götürülmüş nümunələr və epizootoloji vəziyyət barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
Giriş