Yunanıstanın Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb
26 Avqust 2024 11:03
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstan Respublikasının Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Makedoniya və Frakiya inzibati ərazi vahidində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı növbəti müşavirə Zaqatala rayonunda keçirilib.
İri və xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
2024-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planına əsasən, epizootoloji monitorinqlər müddətində peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə tədbirlər davam etdirilir. Bununla əlaqədar, rayon (şəhər) üzrə təsadüfi seçmə üsulu ilə iri və xırdabuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında cari ilin 2-20 sentyabr tarixlərində epizootoloji monitorinqlər keçiriləcək. Monitorinqlər zamanı xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.