Almaya ən çox zərər vuran xəstəliklər
13 Aprel 2021 00:00
Dünyada ən çox istehlak edilən meyvələrdən biri olan alma insan sağlamlığına faydalı olan C və E vitaminləri, kalium (K) və maqnezium (Mg), pəhriz lifləri və digər qida maddələri ilə zəngindir. Eyni zamanda almanın tərkibindəki bir çox bioaktiv birləşmələr bağırsaq florasının fəaliyyətinə müsbət təsir edir, qan təzyiqi və damar funksiyasını yaxşılaşdıraraq ürək-damar xəstəliklərinin qarşısını alır. Qeyd edək ki, bədəndə sərbəst radikalların normadan artıq toplanması xərçəng, diabet də daxil olmaqla bir sıra xəstəliklərə yol açır. Təbii proseslər və ətraf mühitdə baş verən təzyiq nəticəsində formalaşan həmin reaktiv molekullar almanın tərkibindəki antioksidantlar sayəsində təsirsiz hala gətirilir. Finlandiyada bir qrup qadında aparılmış tədqiqat gündə 71 qram və daha çox alma istehlak edənlərdə heç istehlak etməyənlərə nisbətən xroniki ürək xəstəlikləri ilə bağlı ölüm hallarının 43 % azaldığını göstərib. Gündə 1 ədəd və ya həftədə 2-6 ədəd alma istehlak etmək şəkərli diabet riskinin azalmasına da səbəb olur.
Alma ağaclarından yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və düzgün yerinə yetirilməlidir. Həmçinin xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq məqsədilə tətbiq olunan bitki mühafizə tədbirlərinin düzgün həyata keçirilməsi şərtdir. Bəzən bu xəstəliklər məhsul yığımından bir qədər əvvəl, məhsul yığımı zamanı və ya meyvə saxlandıqdan sonra nəzərə çarpmır.
Keyfiyyətin və yararlılığın qorunması üçün məhsulun saxlanma rejiminə (temperatur, nəmlik, nisbi rütubət və s.) ciddi qaydada riayət edilməlidir. Çünki zədələnmiş və tam yetişmiş meyvədə turş mühit və karbohidratlar ilk növbədə kif göbələklərinin inkişaf etməsinə səbəb olur. Qeyd edək ki, bu göbələklər qışda sağ qalaraq növbəti mövsümdə alma ağacına zərər vermək qabiliyyətinə malikdir.
Almada ən geniş yayılmış və ona ciddi zərər vuran göbələk xəstəlikləri qara xərçəng, unlu şeh, dəmgil, meyvə çürüməsidir. Sadalanan göbələk xəstəliklərinin patogenləri əsasən yaz-yay aylarında inkişaf edir. Xüsusilə havaların qeyri-sabit (əsasən də yağışlı havalarda) keçdiyi vaxtlarda patogenlər intensiv inkişaf edir və yeni bitkiləri yoluxdurur.
Qara xərçəng (Sphaeropsis malorum) dünyanın əksər ölkələrinin tumlu meyvə plantasiyalarında geniş yayılmış ən zərərli xəstəliklərdən hesab edilir. Xəstəliyin törədicisi Sphaeropsis malorum göbələyidir. Əsasən, alma bitkisinin yarpaq və çiçəyini, nadir hallarda isə meyvələrini yoluxdurur. Xəstəlik adətən çox da iri olmayan qonur-bənövşəyi basıq ləkə şəklində ağacın oduncaq hissəsində meydana çıxır. Bir müddət sonra ləkə böyüyərək xroniki xarakter alır. Almanın xəstəliklə yoluxmasının xarakterik əlaməti epidermis altında patogenin piknidlərindən ibarət fır əmələ gətirməsidir. Yarpaqların yoluxması zamanı qırmızıtəhər qəhvəyi rəngdə kiçik nekrozlu ləkələr əmələ gəlir və sonradan bu ləkələr getdikcə biri digərindən yaranan kimi artıb yarpağın bütün hissəsinə yayılır. Yoluxmuş yarpaqlar vaxtından əvvəl tökülür. Meyvələrdə isə əvvəlcə qonur ləkələr əmələ gəlir, ləkələr yayılaraq bütün meyvəni əhatə edir. Meyvələr yoluxan zaman qara xərçəng “meyvə çürüməsi” formasında inkişaf edir. Lakin monilioz və ya meyvə çürüməsindən fərqli olaraq, qara xərçəng xəstəliyinə yoluxan meyvələr parlaq şəkilli olmur və epidermisin altında çoxlu sayda piknidlər formalaşır. Yetişmə, daşınma və saxlanma zamanı meyvədə şəkərin miqdarı yüksəldiyindən turşuluq azalır və nəticədə yoluxma üçün əlverişli mühit yaranır. Qeyd edək ki, xəstəliyə qarşı profilaktik olaraq ağacların normal inkişafını təmin edən kompleks aqrotexniki və digər tədbirlər həyata keçirilməlidir. Güclü yoluxmuş və quru ağaclar bağdan kənarlaşdırılmalı, bağ salınarkən torpağın yararlılığı, sortların davamlılığı və bitkilərin sıxlığı kimi vacib nüanslar mütləq nəzərə alınmalıdır.
Unlu şeh (Podosphaera leucotricha) xəstəliyinə Azərbaycanın bütün bölgələrində, xüsusilə də cənub zonasında rast gəlinir. Unlu şeh erkən yazda, tumurcuqların açılmasının başlanğıcında qeydə alınır. Xəstəlik alma bitkisinin yarpaq və zoğunu, nadir hallarda isə meyvəsini yoluxdurur. Cavan yarpaqlarda fotosintetik fəallığı azaldan zərif, ağ unlu örtük görünür. Yoluxmuş cavan yarpaqlar qıvrılaraq şəklini dəyişir, saralır və tez quruyur. Həmçinin zoğlar inkişafdan qalır və ağac meyvə verə bilmir. Xəstəliyə yoluxmuş meyvələrin keyfiyyətində və görünüşündə dəyişiklik yaranır. Belə ki, xəstəliklə sirayətlənmiş meyvənin səthi hamarlaşır və ya rəngi dəyişib, solğunlaşır, bəzən isə məhsul cırlaşa bilir. Sağlam məhsul əldə etmək üçün erkən çiçək tumurcuğundan başlayaraq yay ayının ortalarına qədər xəstəliyə qarşı fungisidlərin tətbiqi məqsədəuyğundur. Bundan başqa, tökülmüş yarpaqları dırmıq vasitəsilə kənarlaşdırmaq əsas mübarizə tədbirlərindəndir.
Dəmgil xəstəliyinin törədicisi Fusicladium cinsli göbələklərdir. Yazda yağıntıların miqdarının normadan artıq olması xəstəliyin geniş yayılmasına şərait yaradır. Göbələyin sporları almanın çiçəklərini, toxumluq və bəzi hallarda tumurcuq pulcuqlarını da yoluxdura bilir. Erkən yazın əvvəllərində sirayətlənmiş yarpaqlarda və çiçəklərdə qara, hisli lezyonlar formalaşır. Belə ki, xəstəlik yarpaqların üzərində qonur örtüyün əmələ gəlməsi ilə başlayır, sonradan bu yarpaqlar quruyur və tökülür. Yoluxmuş meyvələrin qabığı üzərində kiçik solğun-tünd rəngli, sərhədləri dəqiq görünən ləkələr əmələ gəlir. Qeyd edək ki, ləkələrin ölçüləri yarpaqların yaşı, sortun xəstəliyə davamlılığı və hava şəraitindən asılıdır. Əgər yığım zamanı güclü yağışlar qeydə alınırsa, məhsulun saxlanması zamanı xəstəlik daha da intensivləşir və bu zaman xəstəlik “anbar dəmgili” kimi adlandırılır. Həmçinin meyvələrin dəmgil xəstəliyinə yoluxmuş hissələrində çatlar yaranır. Yaranmış ləkələr saxlanılma zamanı böyüyür və meyvənin rəngi solur. Dəmgil xəstəliyi meyvədə çürümə əmələ gətirməsə də, bunun üçün əlverişli mühitin yaranmasına səbəb olur. Dəmgil xəstəliyi ilə mübarizə məqsədilə infeksiya mənbəyi olan tökülmüş yarpaqlar məhv edilməli, cərgələrarası becərilmə tətbiq olunmalıdır. Nəticədə torpaq mikroorqanizmləri tökülən yarpaqlarda olan psevdotesiləri (qış mərhələsi) parçalayaraq dağılmasına səbəb olur. Bundan başqa, damcı suvarma üsuluna üstünlük verilməlidir.
Almada meyvə çürüməsi və ya monilioz xəstəliyinin törədicisi qeyri-müəyyən göbələklər sinfindən olan Monilia fructigenadır. Bu xəstəlik meyvələri vegetasiya dövründə və uzunmüddətli saxlama zamanı yoluxdurur. Yoluxma əsasən meyvənin mexaniki zədələnmiş hissələrindən keçir. Göbələyin mitselisi meyvə lətini zədələyərək onların üzərində qonur və ya tünd-qonur rəngli batıq ləkələr əmələ gətirir və məhsul kiflənir. Meyvələr qonurlaşır və yumşalaraq istifadəyə tam yararsız hala gəlir. Meyvə səthində qonurlaşma yarandıqdan sonra konsentrik halqalar şəklində şəffaf sarı spor yastıcıqları əmələ gəlir. Qeyd edək ki, xəstəliyin ən çox rast gəlinən növlərindən biri qonur və boz (Botrytis cinerea) çürümədir. Moniliozun digər forması olan monilial yanıq yoluxmuş çiçəklərin qonurlaşması və quruması ilə müşahidə edilir. Qışı çox qarlı, yazı isə rütubətli və soyuq olan illərdə monilial yanıq xəstəliyi daha geniş yayılır.
Meyvələrin göbələk xəstəlikləri ilə yoluxmasının qarşısını almaq mümkün olmasa da, düzgün həyata keçirilən aqrotexniki tədbirlər və fungisidlərin tətbiqi ilə (sirayətlənmənin dərəcəsindən asılı olaraq) xəstəliyin intensivliyini və məhsul itkisini azaltmaq olar. Kimyəvi mübarizə üsulları isə yalnız digər üsullar fayda vermədikdə tətbiq edilməlidir. Həmçinin düzgün diaqnoz və ən yaxşı idarəetmə təcrübələrini müəyyənləşdirmək də gələcək itkilərin qarşısını almaq üçün vacibdir. Qeyd edək ki, bitki mühafizə tədbirlərinin beynəlxalq norma və qaydalara uyğun həyata keçirilməsi, məhsul yığımından əvvəl xəstəliklərlə mübarizənin vaxtında tətbiq edilməsi və məhsul yığıldıqdan sonra sanitar-gigiyenik şərtlərin qorunub-saxlanılması qida təhlükəsizliyinin balanslaşdırılması məqsədilə aparılan ən mühüm tədbirlər sırasına daxildir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisi Aysel Səlimova tərəfindən hazırlanıb.