Antibiotiklərin heyvandarlıqda istifadəsinin tənzimlənməsi qida təhlükəsizliyi tələbidir
14 İyun 2021 00:00
Antibiotiklər insan və heyvan sağlamlığının qorunmasında, eyni zamanda qida məhsullarının emal prosesində mühüm əhəmiyyət kəsb edən farmakoloji vasitələrdir. Bu preparatlar səhiyyə və baytarlıq sahəsində xəstəliklərin müalicə və profilaktikası, qida sənayesində isə məhsulların tez xarab olmasının qarşısının alınması məqsədilə geniş istifadə olunur. İntensiv heyvandarlıqda, xüsusilə quşçuluqda boy stimulyatoru olaraq çəki artırmaq məqsədilə subterapevtiki dozalarda tətbiq edilən antibiotiklər “yem antibiotikləri” və ya “anabolik antibiotiklər” kimi tanınır. Tədqiqatlar göstərir ki, antibiotiklər heyvanların həzm traktında mikrobioloji prosesləri stimullaşdırmaqla həzmi və qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır, eyni zamanda yemlərin konversiya əmsalını azaltmaqla məhsuldarlığın və rentabelliyin yüksəlməsini təmin edir. Antibiotiklərin qeyd olunan bu xüsusiyyətləri iqtisadi və kommersiya baxımından səmərəli olsa da, sosial və ekoloji baxımdan mənfi qiymətləndirilir. Belə ki, bu preparatların kortəbii və nəzarətsiz istifadəsi mikroorqanizmlərdə antibiotiklərə qarşı davamlılıq (antibiotikorezistentlik) yaratmaqla yanaşı, antibiotiklərin heyvanların orqan və toxumalarında qalıq şəklində toplanması qida zənciri ilə insanlarda kumulyativ və toksiki təsirlər törədir.
Məlum olduğu kimi, antibiotiklərə qarşı davamlılıq mikroorqanizmlərin özünümüdafiə reaksiyası olub, polirezistentliyin və superinfeksiyaların yaranması və dövr etməsi ilə nəticələnən mürəkkəb prosesdir. Digər tərəfdən rezistent genlərin ətraf mühitə, o cümlədən qida zənciri ilə insanlara sirayət etməsi insan sağlamlığı ilə bağlı riskləri artırır.
Qeyd etmək lazımdır ki, antibiotikorezistentliyin yaranması və yayılmasında kənd təsərrüfatı sahəsində, o cümlədən baytarlıqda istifadə olunan antibiotiklərin miqdarı daha böyükdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hər il heyvandarlıqda min tonlarla antibiotik istifadə olunur ki, bu da səhiyyədə istifadə olunan antibiotikləri iki dəfədən çox üstələyir. Odur ki, antibiotikorezistentliyin azaldılması məqsədilə heyvandarlıqda antibiotiklərin elmi əsaslandırılmış norma və qaydalar çərçivəsində, o cümlədən yalnız zəruri hallarda tətbiqi böyük əhəmiyyət kəsb edir.
Bununla bağlı ÜST tərəfindən insan sağlamlığına görə tibdə istifadə olunan antibiotiklər 3 kateqoriyaya bölünür: vacib əhəmiyyətli, yüksək əhəmiyyətli və kritik əhəmiyyətli antibiotiklər. Kritik əhəmiyyətli antibiotiklərə xinalonlar, sefalosporinlərin üçüncü və sonrakı yeni nəsilləri, makrolidlər, ketolidlər, qlikopeptidlər və polimiksinlər aiddir. İnsanlar arasında baş verə biləcək təhlükəli infeksiyaların müalicəsi və profilaktikasında son dərəcə əhəmiyyətli hesab edilən preparatların baytarlıqda istifadəsi tövsiyə olunmur.
ABŞ-ın Ərzaq və Dərman Agentliyi (FDA) tərəfindən bütün antibiotiklər təyinatına görə üç qrupa bölünür:
- yalnız tibdə istifadə üçün nəzərdə tutulan antibiotiklər;
- yalnız baytarlıqda istifadə üçün nəzərdə tutulan antibiotiklər;
- həm tibdə, həm də baytarlıqda istifadə üçün nəzərdə tutulan antibiotiklər.
Çağdaş dövrdə antibiotiklərin baytarlıq sahəsində və qida sənayesində geniş tətbiqi antibiotikorezistentliyin qlobal xarakter almasına gətirib çıxarıb. Bu isə öz növbəsində insan və heyvan rifahının, eləcə də ətraf mühitin ekoloji tarazlığının qorunmasında çətinliklər yaradır. Odur ki, patogen və rezistent infeksiya növlərinin yaranması və yayılmasının qarşısının alınması hazırda ümumbəşəri problemə çevrilib. Son məlumatlara əsasən, Avropa Birliyi ölkələrində insanların antibiotiklərə davamlı infeksiyalarla yoluxmalarının sayı ildə 2 milyon nəfərə çatır ki, bu da təxminən 25 min nəfərin ölümü ilə nəticələnir. Bu səbəbdən Avropa Birliyi ölkələrində 2006-cı ildən etibarən 11 antibiotikin (avoparsin, karbadoks, olakvindoks, tilozin, sink basitrasin, virginiamisin, avilamisin, monenzin, salinomisin, flavomisin və spiramisin) boy stimulyatoru kimi heyvanların yemləndirilməsində oral (yem və ya su vasitəsilə) istifadəsi qadağan olunub və yemləməyə dair fərqli konsepsiya hazırlanıb. Yeni konsepsiyada yem rasionunda boy stimulyatoru kimi antibiotiklər deyil, ekoloji-təhlükəsiz vasitələrin (fitobiotiklər, probiotiklər, prebiotiklər, fermentlər və s.) istifadəsi tövsiyə olunur. Elmi araşdırmalara görə, qeyd olunan qeyri-antibiotik tərkibli boy stimulyatorlarının istifadəsi heyvanlarda həzm prosesini, yemlərin mənimsənilməsini, eləcə də immun sistemini stimullaşdırmaqla məhsuldarlığa və məhsulun keyfiyyətinə müsbət təsir göstərir. Ekoloji təmiz heyvan mənşəli qida məhsulları istehsalına nail olmaq üçün bu cür yanaşma mütərəqqi addım kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü ilə antibiotikorezistentliklə mübarizəyə dair birgə qlobal strategiya layihəsi hazırlanıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) da iştirakçısı olduğu bu layihədə antibiotikorezistentliklə mübarizəyə dair mövcud milli strategiyaların ölkələr üzrə uzlaşdırılması və problemin “Vahid sağlamlıq” konsepsiyası çərçivəsində həyata keçirilməsi tövsiyə olunur. O cümlədən səhiyyə və baytarlıqda antibiotiklərin istifadəsi ilə bağlı müntəzəm monitorinqlərin həyata keçirilməsi, kritik tibbi əhəmiyyət kəsb edən antibiotiklərin heyvandarlıqda istifadəsinin məhdudlaşdırılması, antibiotiklərlə bağlı əhalinin maarifləndirilməsi və s. kimi mühüm aspektlər layihədə öz əksini tapır.
Ümumiyyətlə, antibiotikorezistentliklə mübarizənin düzgün təşkili məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruri hesab olunur:
- təsərrüfatlarda sanitar-gigiyenik və biotəhlükəsizlik qaydalarının gücləndirilməsi;
- antibiotiklərin heyvandarlıqda istifadəsinin minimuma endirilməsi;
- heyvanların yetişdirilmə və bəslənmə şəraitinin yaxşılaşdırılması;
- profilaktiki peyvəndləmə tədbirlərinin effektivliyinin artırılması və s.
Nəzərə almaq lazımdır ki, antibiotikorezistentliklə mübarizə proqramı çərçivəsində hər bir ölkədə müvafiq tənzimləyici tədbirlərin həyata keçirilməsi zəruridir. Ölkəmizə də geniş çeşiddə antibiotiklərin idxal olunmasını nəzərə alaraq, bu preparatların dövriyyəsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun tənzimlənməsi əhəmiyyətli hesab edilir. Bu məqsədlə ilk növbədə mikroorqanizmlərdə davamlılıq yaradan stimulyator antibiotiklərin və paralel olaraq tibbi əhəmiyyət kəsb edən antibiotiklərin baytarlıqda istifadəsinin məhdudlaşdırılması üzrə müvafiq tədbirlər həyata keçirilməlidir. Odur ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsi tərəfindən “Antibiotiklərin quşçuluqda istifadəsi və antibiotikorezistentliyin elmi qiymətləndirilməsi” layihəsi çərçivəsində ölkəmizdə qida təhlükəsizliyinin və insan sağlamlığının təmin olunması üçün müxtəlif siniflərə mənsub olan antibiotiklərin quşçuluq sahəsində istifadəsinin araşdırılması, həmçinin quşçuluq məhsulları istehsalının müxtəlif mərhələlərində aşkar edilən mikroorqanizm ştamlarının bu preparatlara qarşı həssaslığının və davamlılığının tədqiq edilməsi istiqamətində tədqiqat işləri aparılır. Əldə olunacaq nəticələr əsasında antibiotiklərin quşçuluqda istifadəsinin minimuma endirilməsi, o cümlədən antibiotiksiz və orqanik quş yetişdirilməsinə nail olunması üçün infeksiyalara qarşı sanitar-gigiyenik, biotəhlükəsizlik və profilaktik tədbirlərin təkmilləşdirilməsinin, eyni zamanda yemləmədə alternativ ekoloji-təhlükəsiz stimulyatordan istifadənin ölkədə qida təhlükəsizliyi baxımından məqsədəuyğunluğuna dair sahibkarlar, baytar həkimlər və əhali arasında maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Məqalə AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva, Ç. Süleymanova, S. Məmmədova, F. Əlizadə, R. Kəngərli, Ş. Məmmədova, J. İsgəndərova, Ş. Rüstəmli tərəfindən hazırlanıb.