AQTA maarifləndirir: Suyun xeyri və təhlükəsi - nələri bilməliyik?
22 Noyabr 2018 00:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Suyun xeyri və daşıdığı risk faktorları” adlanır
Su orqanizmin müqavimət gücünün formalaşmasında və vücudumuzda baş verən biokimyəvi proseslərin tənzimlənməsində əvəzedilməz rola malikdir. İnsan qidasını təşkil edən maddələrin böyük əksəriyyəti yalnız su ilə həzm oluna bilər. Beynimizin 95, qanın 83-90, əzələlərin 75, sümüklərin 22-24% sudan ibarətdir. Sağlam, yetkin insan vücudunun 50-60%-ni su təşkil edir, körpələrdə bu rəqəm 70-80% arasında dəyişir.
Mütəxəssislər deyir ki, sutkada bədən kütləsinin hər kiloqramına 40 qram su qəbul edilməlidir. Yəni, orta çəkili (70-75 kq) insan gündə 2-3 litr su içməlidir. Kəskin susuzlaşma insanın ölümünə belə səbəb ola bilər. Su qəbul etdiyimiz zaman bədənin müxtəlif bölgələrindəki zəhərli tullantılar orqanizmdən təmizlənir. Eyni zamanda, normada içilən su insanın sağlam çəkidə qalması, fiziki inkişafı və xroniki xəstəlik risklərinin azalmasına imkan verir.
Suyun insan orqanizmi üçün faydaları ilə yanaşı, riskləri də var. İçməli sularda əsasən 3 risk faktoruna rast gəlinir. Bunlara mikrobioloji, kimyəvi və radioloji risk faktorlarını misal göstərmək olar.
Suyun kimyəvi çirklənməsi təbii və suni baş verir. Azot, duzlar, aqrokimyəvi preparatlar, metallar, bakteriyaların toksinləri, insan və heyvan dərmanları suyun kimyəvi çirklənməsinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara görə, içməli sularda kimyəvi çirkləndiricilərin 50%-i nitrat və nitritlərin payına düşür. Bu da əsasən aqrokimyəvi preparatların normadan artıq istifadəsi nəticəsində həmin preparatların komponentlərinin süzülərək şirin su mənbələrini çirkləndirməsi nəticəsində yaranır.
Suyun radioloji çirklənməsi sezium, plutonium və uran kimi radionukleotidlər vasitəsilə baş verir. Radioloji çirklənmə digər risk faktorları ilə müqayisədə nadir görülsə də, əsasən ətraf mühitin radioloji tullantılarla çirklənməsi nəticəsində yarana bilir. Qeyd etmək lazımdır ki, radioloji çirklənmə, eyni zamanda, yeraltı süxurlardan süzülərək gələn qurunt sularından qaynaqlanır.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, hər il dünyada 5 milyondan artıq insan su vasitəsilə yayılan, xüsusilə, bağırsaq infeksiyaları səbəbindən dünyasını dəyişir. Zərərli mikrorqonizimlər müxtəlif yollarla şirin su ehtiyatlarını çirkləndirə bilir. Bunlardan ən başlıcası çirkab suların içməli sulara qarışmasıdır. Qeyd etmək lazımdır ki, durğun su hövzələri mikroorqanizmlərin çoxalması üçün münbit şərait yaradır. Xüsusən də, üstü açıq su hovuzları və təbii su mənbələri çirklənməyə qarşı daha həssasdırlar. Bu mərhələdə dezinfeksiya xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə xlor, ozon və digər dezinfeksiyaedici maddələrdən istifadə edilir. Bu dad üzgün tətbiq edilmədikdə kimyəvi risk faktorlarının meydana gəlməsinə səbəb olur.
Günümüzdə içməli suların qablaşdırılması müəyyən risk faktorları daşıyır. İçməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal olunduqda həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu zamanla daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.
Ölkəmizin yerləşdiyi, geosiyasi mövqe patogen mikroorqanizmlərin və toksiki-kimyəvi maddələrin içməli su mənbələri vasitəsilə geniş sahələrə yayılma riskini daha da artırır. Odur ki, elmi prinsiplərə əsaslanaraq kimyəvi-toksikoloji risklərin təyini, qiymətləndirilməsi və müvafiq sahədə risklərin idarəedilməsi nəticəsində qeyd edilən risk faktorlarını nəzərəçarpacaq dərəcədə azaltmaq mümkündür.