AQTA maarifləndirir - Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?
4 Noyabr 2019 00:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?” mövzusunda olacaq.
Azərbaycanın milli mətbəxi dedikdə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Əlbəttə, bu mətbəxi dəqiq araşdırmaq çox da asan deyil. Milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir. Kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə digər xalqların mətbəxlərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad, tam keyfiyyətləri ilə dünyada məşhurdur.
Xəmir xörəkləri və kulinar məmulatları isə Azərbaycan mətbəxində xüsusi yer tutur. Yay mövsümündə xəmir xörəklərindən az istifadə etmək daha məqsədəuyğundur. Çünki xəmir xörəklərindən çox istifadə etdikdə insanlarda halsızlıq və yorğunluğa səbəb olur.
Havaların soyuması ilə əlaqədar qida rasionuna müəyyən dəyişikliklər etmək olar. İnsanlar soyuq havalarda xəmir xörəklərindən daha çox istifadə edir-əsasən də xəngəl, xəşil, düşbərə, əriştə və gürzədən. Xəmirdən hazırlanmış şorbalar soyuqdəymənin qarşısını almaq üçün geniş istifadə olunur.
Xəmir xörəklərinin kalorisi yüksək və karbohidratla zəngin olduğu üçün normadan artıq qəbul edildikdə insan orqanizmində ciddi problemlər yarada bilər. Bu yeməklər əsasən nahara salınmalıdır ki, yeyildikdən sonra aktiv iş həyatı həzmi asanlaşdırsın. Axşam isə xəmir xörəklərinin qəbulu tövsiyə olunmur, çünki həzm prosesi çətinləşir.
Yaxşı olardı ki, həftəlik qida rasionunda xəmir xörəklərindən az istifadə edilsin. Hər həftə mütəmadi şəkildə qutab, xəngəl və un məmulatlarından istifadə məsləhət görülmür. Xəmir xörəklərinin ət və toyuqla qarışdırılması tövsiyə olunmur. Belə qidaların tərəvəz və ya qatıqla yeyilməsi məsləhətdir. Xəmir xörəklərini hazırlayarkən istifadə edilən una da diqqət yetirmək lazımdır. Xəmir xörəklərində əsasən kəpəkli undan, qara yulaf unundan istifadə etmək tövsiyə olunur. Çünki kəpəkli un buğda unundan fərqli olaraq, həm kalorisi aşağıdır, həm də rahat həzm olunur. Məhz buna görə də, yulaf, çovdar və kəpəkli undan hazırlanan xəmir xörəkləri daha faydalıdır.
Əgər xəmir xörəklərindən düzgün qaydada istifadə edilərsə, insan sağlamlığına heç bir zərər gəlməz.