Balıqçılıq təsərrüfatlarında xəstəliklərin profilaktikası
10 Mart 2023 00:00
Balıqçılıq təsərrüfatlarında profilaktika balıq xəstəliklərinin yaranmasının qarşısını almaq üçün görülən tədbirlərdir. Bu tədbirlər sayəsində xəstəliklərin qarşısını almaq mümkün olur. Profilaktika işlərinin həyata keçirilməsinə təsərrüfatların layihələndirilməsi mərhələsində başlanılır. Profilaktik tədbirlər zamanı əsasən dezinfeksiyaedici maddələrdən və peyvəndləmə üsullarından istifadə edilir.
Profilaktika məqsədi ilə istifadə olunan dezinfeksiyaedicilər balıqlar üçün demək olar ki, zərərsiz sayılan və təsərrüfatlarda xəstəliklərin yaranmasının qarşısını almaq üçün ən güclü təsirə malik maddələr sayılır. Balıqçılıq təsərrüfatlarında dezinfeksiya işləri əsasən xörək duzu, marqan kalium, xlorlu əhəng, yodofor (batikon, vanodin), natrium hipoxlorit, natrium hidroksid və formaldehid kimi maddələrlə aparılır. Təsərrüfatlarda profilaktika məqsədiylə ən çox istifadə olunan effektiv vasitə formaldehid (formalin) sayılır. Beynəlxalq təcrübəyə əsaslanaraq dezinfeksiyaedici maddələr sayılan malaşit yaşılı və metilen göyünün kanserogen təsirə malik olması nəzərə alınaraq, balıqların yetişdirilməsi zamanı belə maddələrdən istifadə edilməsi tövsiyə olunmur.
Balıqçılıq təsərrüfatlarında profilaktik tədbirlərdən sayılan peyvəndləmə xəstəliklərə yoluxmanın qarşısını almaq üçün balıqların immunitetini möhkəmləndirmək məqsədi ilə həyata keçirilir. Balıqların peyvəndlənməsi inyeksiya, immersion (balığı peyvənd məhlulunun içərisinə batırıb çıxartmaq) və oral üsullarla aparılır. Peyvəndləmədə ən effektiv üsul sayılan inyeksiya prosesi canlıda stresə səbəb olduğu üçün balıq məhlulun içərisində keyləşdirildikdən sonra həyata keçirilir. Peyvənd balığın əsasən qarın boşluğuna, həmçinin effektivliyi artırmaq məqsədiylə damar, əzələ, dərialtı və ürəkdaxili nahiyələrə tətbiq olunur. İmmersion (balığı peyvənd məhlulunun içərisinə batırıb çıxartmaq) üsulunda balıqlar seyrəldilmiş peyvənd məhlulunun içərisinə yerləşdirilir. Bununla da, məhlul qəlsəmələr vasitəsilə sovrulur. Oral üsulu isə peyvəndin yemlə qəbul edilməsi prinsipinə əsaslanır. Bu metodda hər bir balığın müvafiq miqdarda yemi qəbul edə biləcəyinə zəmanət verilmir.
Təsərrüfatlarda balıqların xəstəliyə yoluxması aşkarlandığı təqdirdə, antibiotiklərdən istifadə olunur. Akvakulturada antibiotiklərin istifadəsi oral (yemə qatılaraq qəbul), immersion terapiya (balığı antibiotikli məhlulun içərisinə batırırb çıxartmaq) və inyeksiya şəklində mümkündür. Balıqçılıq təsərrüfatlarında yalnız xəstəliklərlə mübarizə uğursuz olduğu hallarda antibiotiklərin istifadəsinə icazə verilir. Antibiotiklərin tətbiqindən sonra balıqların istehlak üçün yararlı olması qənaətinə gəlməmişdən öncə isə onları mütəmadi müşahidə edərək antibiotik qalıqların bədəndən atılma müddətinə nəzarət olunmalıdır. Qeyd edilənlərə əməl olunmadığı təqdirdə, balıqların istehlakı zamanı antibiotik qalıqların insan sağlamlığı üçün ciddi fəsadlara yola aça biləcəyi nəzərə alınmalıdır.
Balıqçılıq təsərrüfatlarında profilaktik tədbirlər mütəmadi görülmədikdə, bu, balıqların kütləvi ölümünə səbəb olur. Yoluxma baş verdikdən sonra isə xəstəliklə mübarizə aparmaq çətin olur və daha çox maliyyə tələb edir. Bu baxımdan təsərrüfatlarda ilk növbədə balıqların xəstəliyə yoluxmasının qarşısının alınmasına nəzarət etmək lazımdır. Ümumiyyətlə hər bir təsərrüfatda mütəmadi profilaktik tədbirlər görməklə xəstəliyi nəzarətdə saxlamaq, yoluxma baş verdikdə isə tez bir zamanda balıqların müalicəsinə başlamaq tövsiyə olunur.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Yusif Babayev tərəfindən hazırlanıb.