Balıqlardan insanlara yoluxan parazitar zoonoz xəstəliklər
17 May 2021 00:00
Helmintlər tərəfindən törədilən və heyvanlardan insanlara yoluxan helmintozlar parazitar zoonoz xəstəliklərdəndir. Miqyasına görə bakteriya və virus mənşəli zoonoz xəstəliklərdən sonra ikinci yerdə durur və qlobal xarakter daşıyır. İnsanlara yoluxan helmintozlar əsasən nematodlar (yumru qurdlar), sestodlar (lentşəkilli yastı qurdlar) və trematodlar (sorucu yastı qurdlar) tərəfindən törədilməklə, müvafiq olaraq nematodozlar, sestodozlar və trematodozlar adlanır. Bioloji inkişaf xüsusiyyətindən asılı olaraq parazit helmintlər 3 qrupa– biohelmintlər, geohelmintlər və kontakt helmintlərə bölünür. Demək olar ki, bütün lentvari və sorucu yastı qurdlar, eləcə də yumru qurdların bəzi növləri biohelmintlərə aiddir. Məlum olduğu kimi, inkişaf tsiklində sahib orqanizmi dəyişmək biohelmintlərin xarakterik xüsusiyyətidir. Belə ki, biohelmintlərin sürfə forması aralıq sahibin, cinsi yetişkən forması isə əsas sahibin orqanizmində inkişaf edərək formalaşır. Çiy və müvafiq termiki təsirdən keçməmiş balıq məhsullarının istehlakı ilə insanlara yoluxan biohelmintozlar intoksikasiya, dispepsiya, allergiya, hematoloji problemlər və digər patologiyalarla nəticələnir. Balıq və balıq məhsullarının istehlakı ilə insanlara yoluxan belə xəstəliklərə anizakidoz, dioktofimoz, difillobotrioz, opistorxoz və digərlərini şamil etmək olar.
Anizakidoz (lat. Anisacidosis) – zoonoz nematodoz olub, Anisakidae ailəsinə mənsub Anisakis cinsli helmintlər tərəfindən törədilən xəstəlikdir. Bu helmintlər xarici görünüşünə görə askaridlərə oxşar olsa da, ölçüləri çox kiçik olmaqla balıqların orqanizmində qıvrılmış yastı spiral formasında yerləşir. Anizakidoz törədiciləri sürfə mərhələsində, həmçinin yetkin helmintə çevrildiyi dövrdə bütün növ dəniz və çay balıqlarının (treska, siyənək, xanı balığı, skumbriya, paltus, putassu, kambala, salaka və b.) müxtəlif nahiyələrində lokalizasiya edərək, əsasən onların qarın boşluğu üzvlərini və əzələlərini zədələyir. Qeyd etmək lazımdır ki, anizakislərin sürfə forması insan sağlamlığı üçün daha təhlükəli hesab olunur.
Anizakidoz xroniki gedişə malik xəstəlik olmaqla insanlarda toksiko-allergik reaksiyalara və mədə-bağırsaq traktının müxtəlif zədələnmələrinə səbəb olur. Xəstəliyin simptomları (ürəkbulanma, qusma, səpgi, qızdırma, ishal, diareya və s.) qida zəhərlənmələrini xatırladır. Çiy və müvafiq termiki təsirdən keçməyən balıq məhsullarının istehlakı anizakidozun insanlar arasında yayılma riskini artırır.
Anizakis sürfələri -18°C temperaturda 14 gün, -20°C-də 4-5 gün, -30°C-də isə 10 dəqiqə müddətində məhv olur. Yüksək temperatur anizakis sürfələrinə öldürücü təsir göstərdiyindən +60°C temperaturda 10 dəqiqə ərzində tələf olur.
Opistorxoz (lat. Opisthorchiasis) – zoonoz trematodoz olub, Opisthorchis cinsinə mənsub olan yastı, lansetvari Opisthorchis felineus və Opisthorchis viverrini helmintləri tərəfindən törədilir. Opistorxozun törədiciləri qaraciyər sorucuları kimi də tanınır. Helmintlər üçün balıqlar aralıq, insanlar isə son sahib hesab olunur. Karp, sazan, çapaq, daban, durna və digər balıq növlərində opistorxoza daha çox rast gəlinir. Parazit sürfələri - serkarilər balıq orqanizmində əzələ və dərialtı toxumada məskunlaşır və inkişafın müəyyən mərhələlərini keçdikdən sonra invazion metaserkarilərə çevrilir. İnsan orqanizminə düşən metaserkarilər sistadan ayrılaraq öd yolları vasitəsilə öd kisəsinə və qaraciyərə sirayətlənir. Nəticədə xəstəlik öd kisəsi və öd axarları, qaraciyər və mədəaltı vəzi axarlarının mexaniki zədələnməsi ilə səciyyələnir. Opistorxoz insanlarda həmçinin toksiki (qızdırma, qusma, ishal, iştahasızlıq və s.) və allergik reaksiyalara da səbəb ola bilər.
Opistorchiasis sürfələri -40°C temperaturda 7 saat, -35°C-də 14 saat və -28°C-də 32 saat ərzində məhv olur. Metaserkarilər yüksək temperaturun (≥+100°C) təsirindən 5-20 dəq ərzində tələf olur. Odur ki, istehlak məqsədilə balıq və balıq məhsulları yaxşı bişirilməli və ya qaynadılmalıdır.
Difillobotrioz (lat. Diphyllobothriasis) – zoonoz sestodoz olub, lentvari Diphyllibothrium latum, Diphyllibothrium dendriticum və Diphyllibothrium klebanovskii helmintləri tərəfindən törədilir. Bu helmintlər üçün balıqlar aralıq sahib, insanlar isə son sahib hesab olunur. Parazit sürfələri – pleroserkoidlər balıqların orqanizmində dərialtı toxuma və daxili orqanlarda məskunlaşır. Durna balığı, xanı balığı və qızılbalıq cinsli balıq növlərində difillobatrioza daha çox rast gəlinir. Parazitlər insan orqanizmində toksiko-allergik təsir (ürəkbulanma, qusma, diareya, dəridə səpgilər və s.) göstərməklə yanaşı, vitamin B12 defisitli anemiyaya səbəb olur. Uzunluğu 10 m-ə çatan yetkin helmintin mədə-bağırsaq traktında tıxac əmələ gətirməsi bağırsaq keçməməzliyinə və hətta bağırsaq perforasiyasına (deşilməsinə) səbəb ola bilər.
Dioktofimoz (lat. Dioktophimosis) – zoonoz nematodoz olub, Dioctophymidae ailəsinə mənsub olan dəyirmi Dioctophyme renale helmintləri tərəfindən törədilir. Parazit açıq qırmızı rəngdə olub, uzunluğu dişilərdə 20-100 sm, erkəklərdə isə 14-40 sm arasında dəyişir. Cinsi yetişkənlik dövründə helmintlər son sahibin - insanların böyrək ləyənində, sidik yollarında, həmçinin qarın boşluğunda və qaraciyərdə lokalizasiya edərək parazitlik edir. Dioktofimoz insanlarda toksiko-allergik reaksiyalarla yanaşı, böyrəklərin atrofiyasına da səbəb olur. Sürfələr balıqların orqanizmində inkapsulyasiya olunaraq uzun müddət həyat fəaliyyətini qoruyub saxlaya bilir.
Qeyd etmək lazımdır ki, balıq və balıq məhsullarına vizual baxışın keçirilməsi onun sanitar qiymətləndirilməsi üçün kifayət etmir. Odur ki, bu məhsullardan maksimum faydalanmaq və səbəb ola biləcəyi təhlükələrdən qorunmaq məqsədilə baytarlıq-sanitariya ekspertizasına cəlb olunmuş məhsulların müvafiq termiki təsirdən sonra istehlak edilməsi tövsiyə olunur.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva, F. Əlizadə, R. Kəngərli tərəfindən hazırlanıb.