Balıqlardan yoluxan parazitar zoonoz xəstəliklər
8 Oktyabr 2024 15:31
Helmintlər tərəfindən törədilən və heyvanlardan insanlara yoluxan helmintozlar parazitar zoonoz xəstəliklərdəndir. Miqyasına görə bakteriya və virus mənşəli zoonoz xəstəliklərdən sonra ikinci yerdə durur və qlobal xarakter daşıyır. Balıq və balıq məhsullarının istehlakı ilə insanlara yoluxan belə xəstəliklərə anizakidoz, dioktofimoz, difillobotrioz, opistorxoz və digərlərini şamil etmək olar.
Anizakidoz (lat. Anisacidosis) – zoonoz nematodoz olub, Anisakidae ailəsinə mənsub Anisakis cinsli helmintlər tərəfindən törədilən xəstəlikdir. Xroniki gedişə malik xəstəlik olmaqla insanlarda toksiko-allergik reaksiyalara və mədə-bağırsaq traktının müxtəlif zədələnmələrinə səbəb olur. Xəstəliyin simptomları (ürəkbulanma, qusma, səpgi, qızdırma, ishal, diareya və s.) qida zəhərlənmələrini xatırladır. Çiy və müvafiq termiki təsirdən keçməyən balıq məhsullarının istehlakı anizakidozun insanlar arasında yayılma riskini artırır.
Opistorxoz (lat. Opisthorchiasis) – zoonoz trematodoz olub, Opisthorchis cinsinə mənsub olan yastı, lansetvari Opisthorchis felineus və Opisthorchis viverrini helmintləri tərəfindən törədilir. Opistorxozun törədiciləri qaraciyər sorucuları kimi də tanınır. Helmintlər üçün balıqlar aralıq, insanlar isə son sahib hesab olunur. İnsan orqanizminə düşən metaserkarilər sistadan ayrılaraq öd yolları vasitəsilə öd kisəsinə və qaraciyərə sirayətlənir. Nəticədə xəstəlik öd kisəsi və öd axarları, qaraciyər və mədəaltı vəzi axarlarının mexaniki zədələnməsi ilə səciyyələnir.
Difillobotrioz (lat. Diphyllobothriasis) – zoonoz sestodoz olub, lentvari Diphyllibothrium latum, Diphyllibothrium dendriticum və Diphyllibothrium klebanovskii helmintləri tərəfindən törədilir. Bu helmintlər üçün balıqlar aralıq sahib, insanlar isə son sahib hesab olunur. Parazit sürfələri – pleroserkoidlər balıqların orqanizmində dərialtı toxuma və daxili orqanlarda məskunlaşır. Parazitlər insan orqanizmində toksiko-allergik təsir (ürəkbulanma, qusma, diareya, dəridə səpgilər və s.) göstərməklə yanaşı, vitamin B12 defisitli anemiyaya səbəb olur.
Dioktofimoz (lat. Dioktophimosis) – zoonoz nematodoz olub, Dioctophymidae ailəsinə mənsub olan dəyirmi Dioctophyme renale helmintləri tərəfindən törədilir. Parazit açıq qırmızı rəngdə olub, uzunluğu dişilərdə 20-100 sm, erkəklərdə isə 14-40 sm arasında dəyişir. Dioktofimoz insanlarda toksiko-allergik reaksiyalarla yanaşı, böyrəklərin atrofiyasına da səbəb olur. Sürfələr balıqların orqanizmində inkapsulyasiya olunaraq uzun müddət həyat fəaliyyətini qoruyub saxlaya bilir.
Qeyd etmək lazımdır ki, balıq və balıq məhsullarına vizual baxışın keçirilməsi onun sanitar qiymətləndirilməsi üçün kifayət etmir. Odur ki, bu məhsullardan maksimum faydalanmaq və səbəb ola biləcəyi təhlükələrdən qorunmaq məqsədilə baytarlıq-sanitariya ekspertizasına cəlb olunmuş məhsulların müvafiq termiki təsirdən sonra istehlak edilməsi tövsiyə olunur.