Bioloji fəallığa malik qida əlavələri və ondan istifadə qaydaları
19 Dekabr 2020 00:00
Hər kəsin sağlamlığı birbaşa qəbul etdiyi qidadan asılıdır. Sağlam və düzgün qidalanmaq üçün rasionumuza vitamin və minerallarla zəngin qidaların daxil edilməsi vacibdir. Qida rasionunun zənginləşdirilməsində bioloji fəallığa malik qida əlavələrindən də istifadə olunur. Bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioloji aktivliyə malik bu məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Bioloji fəallığa malik qida əlavələri gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır.
Bioloji fəallığa malik qida əlavələri əsas qidalandırıcı birləşmələr sinfinə daxil olan komponentlərin (vitamin, mineral və s.) orqanizmdə çatışmazlığının aradan qaldırılması, xüsusi fizioloji funksiyaların dəstəklənməsi və ya orqanizmin normal fəaliyyətinin təmin edilməsi baxımından qida rasionunu zənginləşdirmək məqsədilə istifadə olunur. Bu məhsulların əsas qidalandırıcı komponentlərindən olan vitaminlər həyati bir qida olaraq orqanizmin məhdud miqdarda tələb etdiyi üzvi maddələrdir. Vitaminlərin kifayət qədər qəbul edilməməsi insan orqanizminə mənfi təsir göstərir. Vitamin çatışmazlığı yarandıqda orqanizmin xəstəliklərə qarşı davamlılığı zəifləmiş olur. Sağlamlığın qorunması və yaxşılaşdırılması üçün orqanizmin vitaminlərə gündəlik tələbatının ödənilməsi vacibdir.
Mineral maddələrin orqanizmin normal fəaliyyəti üçün əhəmiyyəti böyükdür. Minerallar orqanizmdə gedən maddələr mübadiləsində əvəzedilməz rol oynayır. Mineral çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Orqanizmin minerallara olan gündəlik tələbatı təbii qidalanma yolu ilə ödənilmədikdə sümük, əzələ, sinir toxumalarında ciddi fəsadlara yol açır.
Bundan başqa, bioloji fəallığa malik qida əlavələrinin tərkibində amin turşuları, yağ turşuları, zülallar və müxtəlif bitki mənşəli ekstraktlar da daxil olmaqla məhdud çeşiddə digər maddələr də mövcud ola bilər.
Bioloji fəallığa malik qida əlavələri farmaseptik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar olmasına baxmayaraq, heç bir halda dərman vasitəsi hesab edilə bilməz. Hazırda qida əlavələrinin satışı apteklərdə aparıldığından, həmçinin onlardan istifadə əksər hallarda həkim məsləhəti ilə həyata keçirildiyindən bəzən istehlakçılar bu məhsulları dərman vasitəsi hesab edirlər. Lakin unutmaq olmaz ki, bioloji fəallığa malik qida əlavələrinin istifadəsində əsas məqsəd qida rasionunu zənginləşdirməkdir. Qida əlavələri orqanizmdə farmakoloji, immunoloji və ya metabolik təsirlərə malik deyildir. Bu səbəbdən də onların istifadəsi insanlarda xəstəliklərin müalicəsi və ya fizioloji funksiyaları dəyişdirmək məqsədi daşımır. Xatırladaq ki, qida əlavələri orqanizmin zəruri tələbatlarının ödənilməsi üçün qidalanma zamanı və ya qida məhsulları kimi ayrıca qəbul edilir. Lakin heç bir halda normal qidalanmanı əvəz etmir.
Beləliklə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz edə bilməz. Yəni bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bu və ya digər tələblər Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarında öz əksini tapıb. Belə ki, Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarında bioloji fəallığa malik qida əlavələri ilə bağlı bir sıra tələblər və qaydalar müəyyən edilib. Bu tələblərdən irəli gələrək, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilməməlidir. Bu məhsulların istifadə təlimatında müalicəvi təsirinin olmaması açıq-aydın əksini tapmalıdır. Belə ki, bioloji fəallığa malik qida əlavələrinin qablaşması üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “Dərman vasitəsi deyildir”, “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” sözləri yazılmalıdır.
Qeyd edək ki, inkişaf etmiş bir sıra ölkələrdə bu məhsulların idxalı, ixracı, satışı və dövriyyəsi qida məhsulları ilə eyni qaydada tənzimlənir.
Hər bir istehlakçı bilməlidir ki, orqanizmin bütün qidalandırıcı komponentlərlə təmin edilməsində ən ideal vasitə düzgün qidalanmağa, o cümlədən gündəlik qida rasionunda vitamin, mineral və digər qidalandırıcı komponentlərlə zəngin olan müxtəlif tərkibli qidalara üstünlük verilməsidir. Lakin maraqlıdır ki, bir çox istehlakçılar təkcə həmin maddələrə olan zəruri ehtiyacın qarşılanması üçün yox, həmçinin immun sistemini və ya dolayısı ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığını düşünərək, zərurət olmadıqda belə, qida əlavələri qəbul edirlər. Çünki tərkibində bütün qidalandırıcı komponentlərə malik olan bir tabletlə orqanizmin zəruri ehtiyaclarının qarşılanması asan səslənir. Lakin unutmamalıyıq ki, qida əlavələri heç də həmişə təhlükəsiz və sağlam qidalanmanın tələblərinə cavab vermir. Bu və ya digər səbəblərdən dünyanın aparıcı araşdırma mərkəzləri tərəfindən qidalanma mənbəyinin düzgün seçilməsi, bütün qidalandırıcı komponentlərin qidalardan alınması tövsiyə olunur.
Bioloji fəallığa malik qida əlavələrini alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmaq lazımdır. Bu imkan verəcək ki, aldığımız məhsulun potensial faydaları ilə bərabər, yaratdığı riskləri, gündəlik qəbuletmə dozası və əks göstərişləri ilə bağlı məlumatlı olaq. Hər bir qida əlavəsinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi onun yalnız müəyyən edilmiş qəbuletmə dozalarında özünü göstərir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasının Qida və qida əlavələri bölməsinin rəhbəri Şiralı Zərbalıyev tərəfindən hazırlanıb.