Bioloji parçalana bilən materiallara niyə üstünlük verilir?
10 Oktyabr 2024 12:48
Dünyada ekoloji problemlərin qarşısını almaq üçün sintetik qablaşdırma materiallarına alternativ olaraq bioloji parçalana bilən qida qablaşdırma materiallarından istifadə genişlənir.
Bioloji parçalana bilən polimerlər təbii olaraq heyvanlar, bitkilər, bakteriyalar, sellüloza, nişasta, dəri, xitin, xitozan, bakterial poliesterlər, həmçinin poliaktik turşusu (PLA) kimi canlı orqanizmlər tərəfindən sintetik olaraq istehsal edilsə də, onların bioloji parçalanma qabiliyyəti də sübut edilib. Bioloji parçalanmanın baş verməsi üçün əsasən üç əsas şərt var. Bunlar orqanizm, substrat və ətraf mühitin təsiridir. Bu şərtlərdən heç biri təmin olunmadıqda, bioloji parçalanma baş vermir.
Bioloji parçalana bilən materiallarla qablaşdırılan qida məhsullarının istehsal və istifadə zamanı materialların hissəciklərinin qida məhsullarına qarışaraq kimyəvi çirklənmə ehtimalı daha azdır. Belə ki, bioloji parçalana bilən materiallar əsasən təbii və təhlükəsiz maddələrdən hazırlanır. Ümumiyyətlə, belə materialların əksəriyyəti bitki nişastaları və ya mikroorqanizmlər istehsal olunan polimerlərdən hazırlanır. Bu isə bioloji sistemə daha uyğun maddələr olduğundan sintetik materiallarla bağlı sağlamlıq risklərini azaldır. Eləcə də bioloji parçalana bilən materialların PLA kimi bəzi növləri temperatura daha davamlı olduğundan qablaşdırma materiallarının doldurulması zamanı temperaturun təsirindən deformasiyaya uğraması və zəhərli maddələr buraxması halları baş vermir. Temperatura davamlılıq bu qablaşdırma materiallarını mikrodalğalı sobada və dondurucuda saxlanması üçün əlverişli edir. Bundan əlavə, bitki yağı, qarğıdalı və noxud nişastası və ya mikrobiota kimi yeməli biokütlə mənbələrindən istehsal olunan bioloji parçalana bilən plastik qablaşdırma materialları daha az istixana qazı emissiyasına səbəb olur.
Qeyd edək ki, istehlakçılarda qablaşdırma materiallarının təbiətə zərərli təsirlərinə qarşı məlumatlılıq son vaxtlar xüsusilə artmağa başlayıb. Həmçinin ölkəmizdə həyata keçirilən hüquqi tənzimləmələr nəticəsində polietilen paketlərdən istifadə azalır, bioloji parçalana bilən polimerlərə maraq artır. Amerika Birləşmiş Ştatlarında və Avropa Birliyi ölkələrində isə bioloji parçalana bilən plastik qablaşdırma materiallarının istehsalı və istifadəsi məcburidir. Həmin dövlətlərdə belə materialların istehsalı yeni texnologiya ilə getdikcə daha da genişlənir.
Xatırladaq ki, bioloji parçalana bilən materiallar müxtəlif mənbələrdən əldə edilə bilir və əsasən bioplastiklər, sellüloz, kağız və karton, dəniz yosunu və göbələk kimi növləri var.