Botulizm nədir və botulizmə yoluxmamaq üçün nələrə diqqət etməliyik?
19 Dekabr 2024 10:57
İnsanlar meyvə - tərəvəzlərdən, eləcə də ət və balıq məhsullarından il boyu istehlak etmək məqsədilə məişət şəraitində konservləşdirmə və ya hisəvermə üsullarından istifadə edirlər. Bu kimi proseslərin düzgün aparılmaması qida təhlükəsizliyi ilə bağlı ciddi riskləri ortaya çıxarır. Belə hallarda “botulizm” adlanan qida zəhərlənmələri baş verə bilər.
Botulizmin ilk əlamətləri bəzən qısa – bir neçə saat, bəzən 1-3 gün davam edən inkişaf dövründən sonra təzahür edir. İlkin simptomlar həzm sistemi ilə əlaqəli olsa da, xəstəlik irəlilədikcə toksin sinir sisteminə ciddi təsir göstərir. Simptomlara ağızda quruluq, qusma, mədəaltı nahiyədə ağrılar, bulanıq görmə, udma və nitq qabiliyyətində pozğunluq, xəstəliyin son fazasında isə diafraqma və tənəffüs əzələlərinin iflici ilə əlaqədar tənəffüs funksiyasının pozulması aiddir.
Dövlət tibb müəssisələrindən daxil olan məlumata əsasən, 2024-cü ilin 11 ayı ərzində Azərbaycanda 36 nəfər botulizmə məruz qalıb ki, bu da ev şəraitində konservləşdirilmiş məhsulların istehlakı nəticəsində baş verib.
Botulizmin baş verməməsi üçün məhsulların ev şəraitində konservləşdirilməsi zamanı sanitar-gigiyenik qaydalara riayət edilməli, sterilizasiya düzgün aparılmalı və məhsullar doğru şəraitdə saxlanılmalıdır. Eyni zamanda ev şəraitində hazırlanan konservləşdirilmiş məhsulların kütləvi tədbirlərdə istifadə edilməsi yolverilməzdir.