Çərəzlərin faydası və istehlak qaydaları
22 Mart 2024 10:13
Novruz bayramı günlərində insanlar tərəfindən ən çox istehlak olunan qidalardan biri də çərəzlərdir. Yüksək qidalılıq dəyərinə və zəngin tərkibə malik olan çərəzlər insan orqanizminin ehtiyac duyduğu bəzi vitamin və mineralların gündəlik normasını qarşılayır. Eyni zamanda beynin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır. Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin bəzi vitaminlərə olan gündəlik tələbatını qarşılamağa kifayət edir. Qoz, fındıq, badam, fıstıq, iydə və innab kimi çərəzlər gündəlik istehlak miqdarına diqqət edilməklə yeyilə bilər.
Qoz yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink və fosfor kimi orqanizm üçün vacib komponentlərlə zəngindir. Qoz orqanizmin ehtiyacı olan Omega-3 yağ turşusunu ehtiva edən yeganə çərəzdir. E vitamini və alfa-linolenik turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir göstərir. Damarların kirəcləşməsinin qarşısının alınmasına, qanda xolesterolun və şəkərin səviyyəsinin stabilləşməsinə kömək edir. Tərkibindəki lif və proteinin sayəsində Alzheimer xəstəliyinin və şəkərli diabetin proqressivləşməsini ləngidir. Stres və yuxu problemini aradan qaldırır. Eyni zamanda sümüklərin güclənməsini və dərinin cavan qalmasını təmin edir.
Fındıq insan orqanizmi üçün olduqca faydalıdır. Fındığın tərkibi zülallar, karbohidrat, doymamış yağ, E və B qrupu vitaminlər, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibindəki yağların 96 %-i insan orqanizmi üçün faydalı olan doymamış turşular: olein və linolindən ibarətdir. Bu çərəz immun sistemini gücləndirir, şəkərli diabet riskini azaldır, sinir sisteminə faydalı təsir göstərir, eləcə də orqanizmi xərçəngə qarşı qoruyur. Fındıq insanda toxluq hissini artırır, bağırsağın normal fəaliyyəti üçün faydalıdır. Eyni zamanda tərkibindəki liflər və vitaminlər əzələləri gücləndirir, hüceyrələrin erkən yaşlanmasının qarşını alır. Fındığın tərkibi triptofan və izoleysin kimi amin turşuları ilə zəngin olduğu üçün beynin fəaliyyətini yaxşılaşdırır və zehni qabiliyyəti artırır.
Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Badam ürək-damar xəstəliklərinə qarşı olduqca faydalıdır, qan təzyiqini tənzimləyir, beynin fəaliyyətini yaxşılaşdırır. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın ac vaxtı istehlakı tövsiyə olunur.
Fıstığın tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və proteinlə olduqca zəngindir. Bu çərəz həzmin yaxşılaşması, qan təzyiqinin tənzimlənməsi, immun sisteminin gücləndirilməsi və qanazlığı üçün faydalıdır. Zehni qabiliyyətin inkişafına müsbət təsir etdiyi üçün uşaqlar tərəfindən istehlakı tövsiyə olunur.
İydə və innabın tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr var. Bu maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. İydə kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyaları üçün faydalıdır. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. Bu məhsul diabet xəstələrinə də məsləhət görülür. İnnab böyrək və tənəffüs orqanları xəstəlikləri üçün də faydalıdır. Uşaqların da innabdan istifadə etməsi tövsiyə olunur.
Çərəzlərin qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur. Çünki çərəzlər qovrulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər.
Çərəzləri alarkən xarici görünüşə və məhsulun satışa qədər düzgün saxlanılıb-saxlanılmamasına diqqət yetirmək lazımdır. Çərəzlərin üzərində kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun olmayan qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanılmamasının və sağlamlıq üçün təhlükəli olmasının göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən etiketinin üzərində yararlılıq müddətinə mütləq nəzər yetirilməlidir.
Çərəzlər istehlak edilməmişdən əvvəl mütləq yuyulmalıdır.
Oxşar xəbərlər
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Giriş