Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?
11 Avqust 2023 09:36
Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır. İlk növbədə gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Qida təhlükəsizliyi əllərin düzgün və təmiz yuyulmasından başlayır. Qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Əllərinizin və qida ilə təmasda olan səthlərin təmizliyi qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır. Bundan başqa yalnız istehlak üçün yararlı olan sudan istifadə tövsiyə olunur. Bir göl və ya çay sizə təhlükəsiz gələ bilər. Lakin unutmayın ki, bakteriya və viruslar açıq gözlə görülməyəcək qədər kiçikdir. Yaxşı olar ki, yemək hazırlamaq, içmək və ya əl yumaq üçün özünüzlə şüşə qabda su götürəsiniz. Qab-qacaqların təmizliyi vacib şərtdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün, xüsusən də qril və ya kabab hazırlayarkən çiy ət, quş əti və ya dəniz məhsullarını qoyduğunuz boşqabları təkrarən hazır yemək qoymaq üçün istifadə etməyin. Onları mütləq isti və sabunlu su ilə yuyub, durulayın.
Qida məhsullarını uzun müddət keyfiyyətli saxlaya bilmək üçün buz və ya gel ilə doldurulmuş izolyasiyalı paketlərdən ibarət soyuducudan istifadə edin. Çimərliyə gedərkən (birbaşa günəş işığı xaricində) soyuducunuzu avtomobilin ən soyuq hissəsində daşımaq lazımdır. Soyuq saxlanması lazım olan qidalara çiy ət, toyuq əti, dəniz məhsulları, doğranmış meyvə-tərəvəz, tez xarab olan süd məhsulları aiddir. Digər qidalara damcılamanın qarşısını almaq üçün çiy əti soyuducunun alt təbəqəsində xüsusi qabda saxlamaq lazımdır. Həmçinin çiy ət və dəniz məhsullarının etibarlı şəkildə büküldüyündən əmin olun ki, suyu bişmiş qidaları və ya meyvə-tərəvəzi çirkləndirməsin. Soyuducuda qablaşdırmadan əvvəl təzə meyvə-tərəvəz axar su altında yuyulub, təmiz parça dəsmal və ya kağız dəsmal ilə qurulanmalıdır. Mütəmadi istifadə olunan məhsulları üst təbəqəyə qoyun.
Soyuducunu tez-tez açıb-bağlamaqdan da çəkinin. Bu, temperaturun artmasına səbəb ola bilər. Bu baxımdan yemək və içki üçün ayrı soyuducuların olması məsləhət görülür. Soyuducunuzu kölgədə və ya sığınacaqda qoyaraq, birbaşa günəş şüalarından uzaq tutmaq vacibdir. Yəni günəşdən kənar bir yer təyin edib, qismən qumda basdıra bilərsiniz. Üzərini isə adyalla örtün və çimərlik çətiri ilə kölgə salın. Çalışın ki, soyuducunu bir gün əvvəldən soyudasınız. Soyuducunun daxili temperaturu ilıq olduğundan buz paketlərini yerləşdirdikdə onun müəyyən miqdarı əriyə bilər. Buna görə də, evdən çıxmadan əvvəl dondurula biləcək məhsulları dondurun. Nəzərə alın ki, soyuq hava kütləsi aşağı düşdüyündən soyuducunun alt təbəqəsi daha sərin olur. Kənardan daxil olan havanın dolaşmaması üçün soyuducunun içini tamamilə doldurmalısınız. Əgər kifayət qədər qida və içki yoxdursa, su şüşələrini dondurub, boş yerlərə yerləşdirə bilərsiniz. Unutmayın ki, soyuq yeməklər 4⁰ C temperaturda və ya aşağı temperaturda saxlanılmalıdır.
Yay əyləncələri zamanı qida seçiminə diqqət edin. Hazırlamağı mürəkkəb olmayan və dağılmayan qidalara üstünlük verin. Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edin (bunun üçün xüsusi termometrdən istifadə edə bilərsiniz). Yeməyin lazımi temperaturda saxlanması da vacib şərtdir. Ona görə də, isti qidaların isti və soyuq qidaların isə soyuq qalmasını təmin edin. Tez xarab olan yeməklər 2 saatdan çox açıqda qalmamalıdır. İsti havalarda (32° C-dən yuxarı) isə yemək 1 saatdan çox açıqda qalmamalıdır. Unutmayın ki, qidanın “təhlükəli bölgə” adlandırılan 4° C ilə 60° C arasında 2 saatdan çox (və ya açıq havada temperatur 32° C-dən yuxarı olduqda 1 saatdan çox) saxlanması bakteriyaların sürətlə çoxalmasına və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Soyuq yeməkləri kiçik ölçülərdə servis edin. Yaxşı olar ki, bu tip yeməkləri elə əvvəlcədən kiçik ölçülərdə qablaşdırasınız. Çünki böyük ölçüdə qablaşdırılmış qidanı hər dəfə servis üçün soyuducudan çıxartdıqda temperatur balansı pozulur. Ət və toyuq əti bişirildikdən sonra servis edənə qədər isti (60° C-də və ya daha isti) saxlayın. İsti yeməyi qril rəfinin yanına qoyaraq isti saxlaya bilərsiniz. Yeməyinizi hazırlamaq üçün palaz və ya dəsmaldan istifadə edərək qumsuz bir bölgə yaratmağa çalışın.
Turizm obyektlərində də qidalanma zamanı yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi təmin edilməlidir. Həmçinin xəstəliklərə yoluxma hallarının və ya yayılmasının qarşısının alınması məqsədilə profilaktik olaraq bir sıra qaydalara əməl edilməlidir. Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir. Mətbəxdə, sanitar qovşaqda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. Müəssisə daxilində işçi heyət şəxsi gigiyena qaydalarına riayət etməlidir. İşçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir. Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Yeməklər hazırlanarkən lazımi temperatur dərəcəsinə qədər bişirilməli, xam məhsullar istifadədən əvvəl düzgün yuyulub qurudulmalı, həmçinin yemək dəstləri, mətbəx avadanlıqları, kirli səthlər yuyulub təmizlənməlidir. Qida qəbulu zallarında həm yemək masaları, həm də oturacaq yerləri arasında ara məsafəsi gözlənilməlidir.
Oxşar xəbərlər
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Giriş