Çörəkdə kif təhlükəsi
20 İyul 2020 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə çörəkdə yaranan kif göbələyinin orqanizmə təsiri haqqındadır.
Çörək karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır. Bu cür hallar vaxtı keçmiş, keyfiyyətsiz çörəklərdə olur. Belə kiflər insan sağlamlığı üçün çox təhlükəlidir. Bəzən bir sıra istehsalçılar yeni partiya çörək-bulka məmulatlarının istehsalı zamanı xəmirin tərkibinə vaxtı ötmüş, xarab olmuş, qurumuş məhsul qatırlar. Bu, yolverilməz haldır. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün.
Çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur:
Yaşıl – yalnız isti mühitdə çoxalır. Bu növ göbələklərə əsasən çörəkbişirmə müəssisələrində sobalarda rast gəlinir.
Qara – əsasən çörək-bulka məmulatlarında rast gəlinir. Bu növ göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir.
Çəhrayı – əsasən çörək qırıntılarında özünü göstərir. Bu növ göbələkləri kartof xəstəliyi də adlandırırlar. Yoluxma dənli bitkilərin yetişdirilməsi mərhələsində yaranır.
Ağ – insan sağlamlığı üçün çox təhlükəlidir. Taxta materialdan olan çörək dolablarında, arakəsmələrdə, rəflərdə aktiv şəkildə çoxalır.
Boz – göbələyin ən zəhərli növü sayılır. Kif istənilən mühitdə inkişaf edir. Bütün məhsulun tərkibində bərabər şəkildə yayılır, hətta görünməsə belə.
Çörək-bulka məmulatlarında olan istənilən kif insan sağlamlığı üçün təhlükəlidir. Kifli çörəyi sadəcə iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə rahat bir şəkildə daxil olsun. Zəhərlənmənin əlamətləri özünü yaşlı insanlarda, uşaqlarda və hamilə qadınlarda daha kəskin göstərir. Çörəkdə kif yaranmasının bir neçə səbəbi vardır:
-istehsal zamanı sanitar normalara riayət olunmaması;
-məhsulun düzgün şəraitdə saxlanılmaması;
-çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə olunması;
-çörəyin yarıçiy bişirilməsi.
Kifli çörəyi yedikdə nə baş verir?
Çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür. Buna görə çoxları sadəcə kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edir. Belə etmək çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalandığımız zaman orqanizmdə ciddi intoksikasiyanın (zəhərləyici maddələrin orqanizmə təsiri nəticəsində əmələ gələn patoloji hal) yaranmasına səbəb olur. Kifli çörəyi iyləmək tənəffüs yollarının xroniki xəstəlikləri riskini meydana gətirir. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır. Kifli çörəklə qidalanma orqanizmdə bu simptomların meydana gəlməsinə səbəb olur:
-allergik rinit;
-dəridə səpgi;
-epiqastral ağrı;
-ürəkbulanması;
-qusma;
-tezyorulma;
-ishal.
Bəs çörəyi kifdən qorumaq üçün nə etməli?
Burada vacib məsələ çörəyin düzgün şəraitdə saxlanılmasıdır. Bu həm istehsalçıya, həm də istehlakçıya aid olan bir məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Göbələk sporları çörəyə gəmiricilər və həşəratlar vasitəsilə də daxil olur. Mətbəxdə çörəyi saxladığınız yerin təmiz, quru, havalandırılmış olmasını təmin edin. Çörəkqabını tez-tez yuyub qurulayın. Mətbəx şkaflarının arxasına çörək qırıntılarının düşüb, həşəratları cəlb etməsinə imkan verməyin. Çörəyi sellofanda saxlamayın. Əgər çörəkqabında bir çörəkdə az da olsa, kif varsa, artıq yanındakı çörəkdə də kif olması labüddür. Ona görə də hər iki çörəyi daha istifadə etməyin. Standarta görə, çörəyin yararlılıq müddəti 3 gündür. Lakin elə çörək növləri var ki, 2 gündən artıq saxlamaq olmaz.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Sahibkarlarla əməkdaşlıq şöbəsinin Təlim sektorunun aparıcı mütəxəssisi Vüsal Qocayev tərəfindən hazırlanıb.