Dabaq heyvandarlıq üçün təhlükəli xəstəlikdir
24 İyun 2022 00:00
Dabaq – cütdırnaqlı heyvanların yoluxduğu virus mənşəli xəstəlikdir. Heyvanın yemdən imtina etməsi, gövşəmənin pozulması və ya tam dayanması, ağızdan selik axının çoxalması, yüksək hərarət, dırnaq və yelində yaraların əmələ gəlməsi, ağızda, burun ətrafında qabarcıqların yaranması və başqa əlamətlərlə özünü göstərir.
Xəstəliyin törədicisi RNT tərkibli virusdur. Dabaq virusu ətraf mühitin mənfi təsirlərinə davamlı olmaqla yanaşı, aşağı temperaturlu, yüksək rütubətli və neytral mühitdə uzun müddət qalır. Dabağın mənbəyi xəstə və ya yeni sağalmış heyvan hesab olunur. Xəstəliyin inkubasiya dövrü dəyişkəndir, 2-7 gün, bəzən 14-21 gün çəkir. Xəstəliyə yoluxma nəticəsində ölüm halları heyvanın növündən və yaşından asılı olaraq 1-5%, bəzən isə 20% təşkil edə bilər.
Virusun yayılmasında xəstə heyvanla birbaşa təmas, törədicinin sirayət etdiyi yem və su, nəqliyyat vasitələri, işçi heyətin geyimi, heyvanların daşınması və quşların miqrasiyası, həmçinin külək böyük rol oynayır. Yoluxma başlıca olaraq həzm və tənəffüs yolunun selikli qişası, həmçinin dəri zədələnmələri ilə baş verir.
Yoluxmanın birinci mərhələsində vezikulalar (qabarcıqlar) əmələ gəlir, sonrakı mərhələdə virus limfa və qan dövranı ilə bütün orqanizmə yayılır. İnfeksion prosesin gedişatı bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunur. Virus heyvanın ürək və skelet əzələlərinə qədər sirayət edir.
Dabaq virusu zoonoz olduğundan, insan sağlamlığı üçün də təhlükəli sayılır. Dabağa yoluxmuş insanda xəstəlik titrəmə, temperaturun 39-400 C-dək yüksəlməsi, baş və əzələ ağrıları ilə başlayır. Xəstəliyin başlanğıc dövründə ağız boşluğunda yanma hissi, ağız suyu ifrazının artması, sidik ifrazatı zamanı ağrı və bağırsaqların funksiyasının pozulması qeydə alınır. Bundan başqa, dabağa yoluxmuş insan əsəbi olur, danışmaqda və udqunmaqda çətinlik çəkir. Ağırlaşma halları olmasa, xəstə 5-7 gündən sonra sağalır.
İnsanların xəstə heyvanlarla təmas, heyvan mənşəli çiy qida məhsullarının istehlakı və başqa yollarla bu xəstəliyə yoluxması mümkündür. Virusun insandan insana yoluxma halı isə qeydə alınmayıb.
Dabaq xəstəliyinə qarşı əsas mübarizə üsulu təsərrüfatlarda biotəhlükəsizlik və baytarlıq-sanitariya qaydalarının gücləndirilməsi hesab olunur. Bununla yanaşı, infeksiyaya qarşı immunoprofilaktiki tədbirlərin həyata keçirilməsi də zəruridir. Bu məqsədlə bütün sağlam heyvanlar dövri peyvəndlənməyə cəlb olunmalıdır.
Dabaq xəstəliyinin spesifik müalicə üsulu yoxdur. Hətta kliniki cəhətdən sağalmış heyvanlar virusdaşıyıcı hesab olunur. Ona görə də təsərrüfatda dabaq aşkarlandığı halda bütün heyvanların (xəstə, xəstəlik şübhəsi olan və sağlam heyvanlar) sanitar kəsiminin həyata keçirilməsi, ət və ət məhsullarının isə termiki emala cəlb olunması məqsədəuyğun hesab olunur.
Dabaq xəstəliyi iqtisadi itkilərə, o cümlədən heyvandarlıqda ət və süd məhsuldarlığının azalmasına gətirib çıxarır. Xəstəliyə nəzarət və onun aradan qaldırılması tədbirlərinə sərf olunan vəsait, həmçinin heyvan mənşəli məhsulların ixrac və idxal prosesinə tətbiq olunan məhdudiyyətlər dabaq xəstəliyinin yayıldığı ölkənin iqtisadiyyatına böyük zərər vura bilər. Bu səbəbdən də heyvanların və insanların dabaq xəstəliyindən qorunması, əhalinin heyvan mənşəli təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl olunması böyük əhəmiyyət kəsb edir.
Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin əməkdaşları Q. Cəlladov, K. Əliyeva, S. Məmmədova, Ç. Əliyeva, R. Kəngərli, Ş. Məmmədova tərəfindən hazırlanıb.