Düzgün qidalanmanın əhəmiyyəti və ac qalmağın fəsadları
22 Fevral 2023 12:03
Qeyri-düzgün qidalanma insanın iş qabiliyyətini və orqanizminin müdafiə gücünü azaldır. Həmçinin orqanizmdə maddələr mübadiləsini pozur, insanın vaxtından əvvəl qocalmasına və onda bir çox, o cümlədən infeksion xəstəliklərin yaranmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, həddindən artıq qidalanma insanda ateroskleroz, piylənmə, podaqra, şəkərli diabet, poliosteoartoz, ürək və qan-damar sistemi xəstəliklərinin əmələ gəlməsinə təkan verir. Az qidalanma və aclıq qida çatışmazlığından qaynaqlanan xəstəliklərin yaranmasına səbəb olur. Davamlı şəkildə qidalanmamaq isə uşaqlarda zülal çatışmazlığına gətirib çıxarır. Nəticədə azyaşlılarda fiziki və zehni inkişafda ləngimə, sümüklərin formalaşmasının pozulması halları, eləcə də mədəaltı vəz və qaraciyərdə dəyişikliklər müşahidə edilir.
Qeyd olunan hallar nəzərə alınaraq, rasional qidalanma (latınca “rationalis”-ağlabatan, məntiqli deməkdir) qaydalarına əməl edilməsi vacib sayılır. Rasional qidalanma dedikdə, insanın normal həyat fəaliyyətini, yüksək iş qabiliyyətini, ətraf mühitin mənfi amillərinə qarşı müqavimətini tənzimləyən qidalanma nəzərdə tutulur. Rasional qidalanma təkcə metabolik deyil, bir çox digər xəstəliklərin qarşısının alınması üçün də ən vacib şərtdir. Bu qidalanma fizioloji ehtiyaclarla əlaqədar olaraq, orqanizmi zəruri qida maddələri və enerji ilə təmin edir. Normal böyümə və inkişaf üçün orqanizmin ehtiyac duyduğu zülal, yağ, karbohidrat, vitamin və minerallara olan ehtiyacını ödəyir.
Rasional qidalanmanı təmin etmək üçün istehlak olunan məhsullara da diqqət yetirmək vacib amillərdəndir. Maddələr mübadiləsində müsbət rol oynayan və prosesi sürətləndirən qida məhsullarına zülallarla zəngin olan ət, balıq, yumurta, paxlalılar, çərəzlər və süd məhsulları aiddir. Çünki bu cür qida məhsullarının həzmi üçün çox enerji tələb olunur ki, buna da qidanın termiki effektivliyi (QTE) deyilir. QTE istehlak edilən qida məhsullarının tərkibindəki maddələrin mənimsənilməsi və emalı üçün tələb olunan kalori miqdarını əhatə edir. Araşdırmalar göstərir ki, zülallarla zəngin qida məhsulları QTE-ni karbohidrat və yağ ehtiva edən qida məhsulları ilə müqayisədə daha çox, təxminən 15-30% artırır. Dəmir və selen kimi minerallarla zəngin qida məhsulları qalxanabənzər vəzinin funksiyasına müsbət təsir göstərir. Selen maddələr mübadiləsinin tənzimlənməsində əsas rol oynayır. Araşdırmalar nəticəsində müəyyən edilib ki, orqanizmdə selen və dəmir çatışmazlığı qalxanabənzər vəzi hormonunun ifrazının azalmasına səbəb olur. Ona görə də, gündəlik qida rasionunda bu minerallarla zəngin olan ətə, paxlalı bitkilərə, çərəzlərə və dəniz məhsullarına yer verilməlidir. Kapsaisin adlanan kimyəvi maddə ehtiva edən çili bibərinin, kofein tərkibli qəhvənin, katexinlərlə zəngin çayın da maddələr mübadiləsinə müsbət təsir göstərdiyi müəyyən olunub. Bundan əlavə, kofein orqanizmdə yağları parçalayaraq enerjinin əmələ gəlməsinə şərait yaradır. Digər bitki mənşəli qida məhsulları ilə müqayisədə zülallarla daha zəngin olan mərci, noxud, lobya kimi paxlalıların maddələr mübadiləsinə sürətləndirici təsir göstərdiyi aşkar edilib. Bunun qidanın termiki effektivliyi ilə əlaqədar olması güman edilir. Paxlalı bitkilər həmçinin lif və nişasta ilə zəngindir ki, bunlardan orqanizm yoğun bağırsaqda yaşayan faydalı bakteriyaları qidalandırmaq üçün prebiotik kimi istifadə edə bilər. Faydalı bakteriyalar isə öz növbəsində qısa zəncirli yağ turşuları istehsal edir. Bu yağ turşuları orqanizmdə enerji kimi yığılmış yağdan daha səmərəli istifadə etməyə və qan şəkərinin normal səviyyəsini saxlamağa kömək edə bilər.
Orqanizm üçün lazım olan qida məhsullarının qəbulu ilə yanaşı, gün ərzində kifayət qədər su içmək də sağlamlıq üçün olduqca faydalıdır. Araşdırmalar nəticəsində müəyyənlədirilmişdir ki, içməli su maddələr mübadiləsi 24-30%-ə qədər sürətləndirir. Tədqiqatçılar qeyd edirlər ki, bu artımın təqribən 40%-i suyun bədən istiliyinə qədər qızdırılması üçün lazım olan əlavə kalorilərlə bağlıdır. Bununla belə, təsirlər su içdikdən sonra yalnız 40-90 dəqiqə davam edir. Təsirin gücü isə individual xarakter daşıdığı üçün insandan insana dəyişə bilər.
Nəzərə almaq lazımdır ki, hər bir insanın orqanizmində həyatı boyu fasiləsiz maddələr və enerji mübadiləsi gedir. Funksiyaların yerinə yetirilməsi və enerjinin əldə edilməsi üçün lazım olan qidalı maddələr isə orqanizmə qida məhsulları vasitəsilə daxil olur. Qida orqanizmə daxil olmadıqda, insanda aclıq hissi yaranır. Lakin aclıq hissinin yaranması orqanizmə hansı və nə qədər qidalı maddələrin lazım olduğunu müəyyən edə bilməz. Təsadüfi deyil ki, insan ac olanda, adətən dadlı və tez hazırlanan yeməklərə üstünlük verir. Nəticədə isə orqanizm ona lazım olan qədər qidalı maddələr qəbul edə bilmir. ÜST-nin məlumatlarında acqalma müəyyən qidalı maddələrin çatışmazlığı və qeyri-bərabər paylanması kimi qiymətləndirilir. Acqalma dedikdə, çox az miqdarda qida istehlakı nəzərdə tutulur. Bu, orqanizm üçün vacib olan qidalı maddələrin rasiondan kənarlaşdırılması deməkdir. Acqalma qidalanma balansını pozur ki, bu, çəkinin normadan çox və ya əksinə, az olması ilə nəticələnə bilir. ÜST göstəricilərinə əsasən, dünya əhalisinin 1.9 milyardı (yetkin insanlar) artıq çəkidən, 462 milyonu isə çəki azlığından əziyyət çəkir. Uzunmüddətli acqalmalar orqanizmin dehidratasiyasına da səbəb olur. Bədənin susuzlaşması dərinin qurumasına, sidik ifrazında problemlərə, arterial qan təzyiqinin pozulmasına və qəbizliyə şərait yaradır. Ona görə də, hətta pəhrizlərin saxlanması zamanı belə, bol su qəbul etmək tövsiyə edilir. Acqalma və susuzlaşma qlikogen səviyyəsinin tükənməsi və nəticədə elektrolit balansının pozulmasına da gətirib çıxara bilər. Siçanlar üzərində aparılan tədqiqat zamanı aşkar olunub ki, acqalma natrium, kalium, fosfor və kalsiumun səviyyəsini aşağı salır, qidalanmadan sonra isə yenidən artır. Acqalmanın səbəb olduğu problemlərdən biri də qəbizlik və qadınlarda hormonal balansın pozulmasıdır. Belə ki, piy toxuması qadın cinsi hormonlarının ifrazında rol oynayan reseptorların funksiyasını tənzimləyir. Uzunmüddətli acqalma və ya yağın rasiondan çıxarılması nəticəsində piy toxumalarının miqdarı azalır ki, bu da estrogen hormonun çatışmazlığına səbəb olur. Uzunmüddətli acqalma osteoklastların aktivliyinə mənfi təsir göstərir ki, bu da sümük kütləsinin azalmasına gətirib çıxarır. Bu, həmçinin sümüyün mineral kütləsinin itkisinə də səbəb olur. Acqalmanın ən geniş yayılmış yan təsiri isə yorğunluq hissidir. Belə ki, acqalma vitamin balansını və orqanizmdə fizioloji prosesləri pozur. Nəticədə yorğunluq hissi yaranır. Həmçinin acqalma qlükoza ehtiyatının tükənməsinə səbəb olur və bununla beyində biokimyəvi reaksiyalar pozulur. Bu da beynin işinə mənfi təsir göstərir. Acqalma maddələr mübadiləsinin sürətini də azaldır və orqanizmin enerji ehtiyatını tükəndirir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin mütəxəssisi Aynur Həsənova tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
AQTA-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova insan hüquqlarının qorunmasının dövlət idarəçiliyində və ictimai münasibətlər sistemində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq tədqiqatçısı Araz Abdullasoy çıxış edərək, Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilən islahatlar və formalaşdırılmış hüquqi baza barədə danışıb. O, çıxışında qida təhlükəsizliyinin insan hüquqlarının mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, təhlükəsiz və keyfiyyətli qida ilə təminatın insanların fundamental hüquqlarından biri hesab edildiyini qeyd edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli 2231 nömrəli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu tarix ölkədə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha ön plana çıxarır. Görüşdə Hüquq və İnsan Haqları İnstitutu ilə AQTA arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Debat zamanı idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, milli maraqların qorunması, istehlakçı hüquqlarının müdafiəsi, əhalinin sağlamlığının və genefondunun mühafizəsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər insan hüquqlarının qorunmasına xidmət edən vacib mexanizmlərdən biridir. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və insan hüquqlarının təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə Azərbaycanla Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub, eyni zamanda, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qeyd olunub ki, AQTA ilə ÇXR Baş Gömrük Administrasiyası arasında qida məhsullarının təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində müntəzəm əməkdaşlıq həyata keçirilir. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının daha da genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı, rəqəmsal həllərin tətbiqi, sertifikatlaşmanın qarşılıqlı şəkildə tanınması, eləcə də təhlükəsiz və səmərəli ticarətin təşviqi ilə bağlı aktual məsələlər barədə razılaşmalar əldə edilib. Daha sonra iki qurum arasında rəsmi əməkdaşlıq sənədlərini AQTA sədri Qoşqar Təhməzli və ÇXR-in Baş Gömrük Administrasiyasının naziri xanım Sun Meycun imzalayıb. • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə vəhşi su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol; • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə yetişdirilmə (akvakultura) su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol; • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə quş ətinin ixracı üzrə inspeksiya, karantin və qida təhlükəsizliyi tələblərinə dair Protokol. İmzalanan sənədlər quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verərək yerli məhsulların ixracında maraqlı olan sahibkarlar üçün də yeni imkanlar açır. Qeyd edək ki, imzalanan sənədlər ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına öz mühüm töhfəsini verəcəkdir. Müzakirələrdə həmçinin bitkiçilik və digər kənd təsərrüfatı məhsullarının Çinə ixracı məsələləri də nəzərdən keçirilib, bu sahədə mövcud olan potensial yüksək qiymətləndirilərək əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Nümayəndə heyəti həmçinin ÇXR Baş Gömrük Administrasiyasının elmi tədqiqat mərkəzləri və laboratoriyaların fəaliyyəti ilə də yaxından tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə ÇXR Baş Gömrük Administrasiyasının tabeliyində fəaliyyət göstərən laboratoriyalar və elmi-tədqiqat institutları arasında əməkdaşlıq imkanları, eləcə də müasir texnologiyaların tətbiqi məsələləri müzakirə olunub. Səfər proqramına uyğun olaraq, AQTA sədri Qoşqar Təhməzli ÇXR Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) naziri Luo Ven ilə rəsmi görüş keçirib. Görüşdə qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin gücləndirilməsi, effektiv təftiş sistemlərinin tətbiqi, risk əsaslı qida təhlükəsizliyinin təmin edilməsində rəqəmsal transformasiya imkanları, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Keçirilən görüşlər, əldə edilən razılaşmalar və imzalanan sənədlər Azərbaycanla Çin arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti sahələrində əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsinə, qarşılıqlı etimadın gücləndirilməsinə və iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Heyvanların identifikasiyası nə üçün vacibdir? - VİDEO
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. Heyvanların identifikasiyası xəstəliklərin diaqnostikası və profilaktikası ilə bağlı baytarlıq tədbirlərinin effektiv həyata keçirilməsinə nəzarət etmək məqsədi daşıyır. Proses çərçivəsində hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və onun həyat dövrü boyunca izlənilməsi təmin olunur. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili, identifikasiya və izlənilmə departamentinin müdiri Yavər Məmmədov bildirib. Onun sözlərinə görə, heyvanın keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, müalicələr və digər baytarlıq məlumatları sistemdə qeydiyyata alınır. Toplanan məlumatlar “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sisteminin (AQTİS) alt modulu olan Heyvanların Qeydiyyatı Sistemində vahid məlumat bazası kimi formalaşdırılır. Daha ətraflı:
Giriş