E621 kodu bizə nə deyir?
2 İyun 2025 15:01

Mononatrium qlütamat — yeməklərin dadını gücləndirmək üçün geniş istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd olunur. Bu maddə qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbul edildikdə, insanlarda allergik reaksiyalar, nevroloji təsirlər, həmçinin “Çin restoranı sindromu” adlanan simptomlar yarana bilər. Bunlara baş ağrısı, boyun və sinə nahiyəsində gərginlik, tərləmə, ürək döyüntüsünün artması və halsızlıq kimi əlamətlər daxildir.
Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul edildikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Qida etiketlərində mononatrium qlütamat müxtəlif adlarla qeyd oluna bilər. İstehlakçılar xüsusilə monosodium glutamate, E621, hidrolizə olunmuş bitki zülalı, ləzzət artırıcı və natrium qlütamat kimi ifadələrə diqqət yetirməlidirlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi E621 də daxil olmaqla qida əlavələrinin istifadəsini mövcud qanunvericiliyə uyğun şəkildə tənzimləyir və onların müəyyən olunmuş miqdarda təhlükəsiz şəkildə istifadəsinə nəzarət edir. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər.
Daha ətraflı videoda: https://www.youtube.com/shorts/Er-BTakezus
