Ərzaqlıq buğdanın əsas xəstəlikləri
24 May 2021 00:00
Taxıldan alınan məhsullar qida rasionunun demək olar ki, əsasını təşkil edir. Ona görə də taxılçılıq təsərrüfatının inkişafı böyük əhəmiyyətə malikdir. Dünyada ən çox yetişdirilən taxıl növü isə buğdadır. Buğda dənli bitkilər (Gramineae Juss.) fəsiləsinin Triticum (Triticum L.) cinsinə aid təkillik bitki növüdür. Strateji məhsul sayılan buğda (Triticum L.) əsas ərzaq bitkisi olaraq əhalinin əksəriyyətinin qida mənbəyini təşkil etməklə həm istehsalına, həm də əkin sahəsinə görə dənli bitkilər arasında aparıcı yerlərdən birini tutur.
Buğdanın tərkibində 65-68 % nişasta, 15 % zülal, 3 % şəkər, 2-2.5 % yağ, 2 % sellüloza, 2 % kül və 15 % su, həmçinin B1, B2, B6, PP, E vitaminləri vardır. Buğda dənində 80-85 % endosperm olması yüksək sortlu un istehsalında mühümdür. Respublika ərazisinin quru və nəmli, subtropik, kontinental və mülayim, yüksək dağlıq, aran, suvarma, dəmyə, nəmliklə az və ya çox təmin olunmuş iqlim şəraiti və müxtəlif torpaq tiplərinə malik olmasına baxmayaraq, buğdanın dünyada yayılmış 22 növündən 15-nə ölkəmizdə rast gəlinir. Onlardan yalnız 2 növü: yumşaq buğda (Triticum aestivum L-T Vulqare Host) və bərk buğda (Triticum durum ) növləri daha çox əkilir. Yumşaq buğdanın 9 növü, bərk buğdanın isə 10 növü vardır.
Yumşaq buğdanın sünbülü boş, qılçıqlı, dənin rəngi qırmızı, qəhvəyi və sarı, konsistensiyası yarımşüşəvari, şüşəvari və unlu olur. Yumşaq buğdanın unundan əsasən çörək sənayesində istifadə edilir. Yeni yumşaq buğda növlərindən Azəri, Tərəqqi, Əkinçi-84, Qobustan, Zirvə-80, Qızıl buğda, Şəfəq-2, Uğur sortlarını qeyd etmək olar.
Azərbaycan ərazisində bərk buğda növünün əkin sahəsi daha genişdir. Hazırda regionlarda bərk buğda növünə aid olan Qaraqılçıq 2, Şiraslan 23, Yaqut, Bərəkətli 95, Əlincə 84 və Qarabağ kimi sortlar daha çox əkilir. Bərk buğdanın sünbülü dolu, dəni uzunsov sarı, açıq və ya tünd kəhrəba rəngində, konsistensiyası isə şüşəvari olur. Bərk buğdadan əsasən makaron, vermişel, əriştə və qənnadı sənayesində geniş istifadə olunur.
Dənin keyfiyyəti onun genotipi, becərilmə şəraiti və aqrotexnologiyalardan asılıdır. Ərzaqlıq buğdanın keyfiyyət göstəricilərindən olan dənin naturası, yapışqanlığı, şüşəvariliyi, nəmliyi, dən və alaq otlarının qarışığı, iyi və dadı, sürmə və anbar zərərvericiləri ilə sirayətlənməməsinə daim nəzarət edilməlidir. Bu göstəricilərdən biri normalara uyğun olmadıqda dənin ərzaqlıq keyfiyyəti aşağı düşür. Bəzən təsərrüfatlarda xəstəlik, zərərverici və alaq otlarının taxıl bitkisinə vurduğu ziyan məhsuldarlığın 30-35 %-nin itirilməsi ilə nəticələnir.
Xəstəliklərin qarşısını almaq üçün onların törədicilərinin bioloji xüsusiyyətini yaxşı öyrənməli və kompleks mübarizə tədbirləri sistemi tətbiq edilməlidir. Taxıla ziyan vuran ən təhlükəli xəstəliklər əsasən sürmə və pas xəstəliyidir.
Toz sürmə (Ustilago tritici) buğda bitkisinin dənlərini zədələyərək orada qaramtıl toz halında kütlə - xlamidosporlar əmələ gətirir. Adətən külək vasitəsilə yayılan xlamidosporlar torpağa düşdükdə məhv olur, lakin anbarda və bəzi yerlərdə 3-5 ilə qədər cücərmə qabiliyyətini saxlayır. Çiçəklərin üzərinə düşən külək vasitəsilə yayılan xlamidosporlar cücərə və dənin inkişaf etməkdə olan embrionunu sirayətləndirə bilər. Toz sürməsi göbələyinin mitseli cücərənə qədər dənin embrion toxumalarında hərəkətsiz şəkildə qalır. Mitsel daha sonra bitkinin böyümə nöqtəsi ilə birlikdə inkişaf edir və çiçəklənmə zamanı sünbülün çiçək hissələrini qara spor kütlələri ilə əvəz edir. Sirayətlənmə və xəstəliyin inkişafı, sahib bitkinin çiçəkləmə müddətini uzadan sərin, rütubət şəraitinə əsasən müəyyən edilir. Xəstəlik buğda bitkisinin inkişaf etdiyi hər yerdə meydana gələ bilir. Məhsul itkisi sirayətlənən sünbüllərin sayından asılıdır. Sirayətlənmə isə 1%-dən azdır və nadir hallarda sünbüllərin 30 %-ni təşkil edir. Xəstəliyin formalaşması toxumdan başlanır. Ona görə də təsərrüfatda sağlam və keyfiyyətli toxum əldə etmək əsas məsələdir. Belə ki, toxumlar sağlam və keyfiyyətli olduqda tez cücərir və xəstəliyə qarşı davamlı olur. Aqrotexniki qaydalara əsasən, buğdanın əkin sahəsində toz sürmə xəstəliyi 2 %-dən artıq olarsa, oradan toxum götürülmür.
Bərk sürmə xəstəliyi (Tilletia caries, T. foetida, T. controversa) əsasən toxumla, bundan əlavə külək, həşərat, mexaniki toxunma vasitəsilə yayılır və xəstəliyi adi gözlə müşahidə etmək mümkündür. Məhsul yığımı zamanı və ya taxıl döyülərkən mexaniki təsir nəticəsində sürmə kisəcikləri dağılaraq xlamidosporları sağlam dənələrin üzərinə tökür. Tilletia caries, T. foetida, T. controversa göbələklərinin səbəb olduğu əsas simptomlar, dənə bənzər, lakin tamamilə qara xlamidosporla dolu olan göbələk formasiyalarıdır. Sirayətlənmiş buğda dənləri çürümüş, qurudulmuş balıq iyi verir və unun keyfiyyətini aşağı salır. Bərk sürmənin törədiciləri torpaqda öz həyat qabiliyyətini uzun müddət saxlaya bilmir, adi şeh damlasının təsiri nəticəsində cücərir və torpaqdakı mikroorqanizmlər tərəfindən məhv edilir. Bərk sürmə xəstəliyinə tutulmuş bitkilərin məhsuldarlığı azalır və keyfiyyəti pisləşir, bəzən sahədə bütün cücərtilər məhv olur.
Pas xəstəliklərindən buğdanın sarı pas, qonur pas və gövdə pas xəstəlikləri bazidili göbələklərin Uredinales sırasına daxildir. Sortların bioloji xüsusiyyətindən və təbii iqlim şəraitindən asılı olaraq, mum yetişmə mərhələsində gövdə pası, vegetasiyanın əvvəlində payızda və erkən yazda sarı pas, süd yetişmə mərhələsində qonur pas inkişaf edir. Ölkəmizdə sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılıb və ciddi məhsul itkisi ilə nəticələnir.
Ən çox buğdada rast gəlinən sarı pas (Puccinia striiformis West.) xəstəliyinin əsas əlaməti bitkinin yarpaqlarını (əvvəlcə bitkilərin aşağı hissəsində yerləşən yarpaqlar), yarpaq qınlarını, sünbülü və bəzi hallarda isə dənələri zədələməklə xəstəlik inkişaf etdikcə böyüyən açıq-sarı rəngdə (uzunluğu 1-2 sm, eni 0,5-1,0 mm) nazik xətvari ləkələr (pustullar) əmələ gətirməsidir. Uredosporlar deyilən bu konidilər toz şəklində yayılaraq (küləklə), yenidən ətrafda olan sağlam bitkiləri sirayətləndirir. Xəstəliyə yoluxmuş bitkinin yarpaqları saralıb quruyur, onların inkişaf prosesi pozulur və məhsuldarlıq azalır. Bəzən isə bitkilər məhv olur.
Qonur pas xəstəliyinin törədicisi Puccinia recondita Rab. Et Dest. F. Tritici Eriks göbələyidir. Xəstəlik buğdanın yarpaqlarını zədələyərək qonur uredosporların əmələ gəlməsinə səbəb olur. Xəstəliklə sirayətlənmə əsasən məhsul toplanarkən torpağa düşən dən vasitəsilə baş verir. Yəni dən torpaqda cücərib xəstəliyə yoluxur. Xəstəliyin təsirindən bitkidə bəzi proseslər zəifləyir, su balansı pozulur, buxarlanma artır, nəticədə yarpaqlar quruyaraq tökülür və məhsuldarlıq aşağı düşür.
Çovdar mahmızı ərzaqlıq buğda da daxil olmaqla bir neçə taxıl bitkisini sirayətləndirən xəstəlikdir. Sirayətlənmiş undan istehsal edilən çörəyin istehlakı insanlarda erqotizm xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilir.
Seliakiya xəstəliyi, qlüten həssaslığı və buğda allergiyası da orqanizmdə ciddi fəsadlara səbəb olur. Seliakiya xəstəliyi - qlüten tərkibli qidaların istehlakı zamanı meydana gələn genetik autoimmun xəstəlikdir. Çikaqo Universitetinin Seliakiya Xəstəlikləri Mərkəzinin məlumatına görə, seliakiya xəstəliyi ABŞ-da hər 133 adamdan təxminən bir nəfərə təsir edir. Bu xəstəlik nazik bağırsağın həzm prosesinə təsir göstərir, onu örtən sağlam hüceyrələrə zərər verir. Xəstəliyə qarşı yeganə effektiv müalicə ömürlük qlütensiz pəhrizlə qidalanmaqdır. Qlüten həssaslığına dair bioloji proseslər isə tam olaraq müəyyən edilməyib. Elmi sübuta yetirilməsə də, qlüten həssaslığının anadangəlmə immun birləşmələri olduğu hesab edilir. Buğda allergiyası olan şəxslər buğdanın istənilən növünün istehlakından çəkinməlidirlər. Lakin digər qida mənbələrindən qlüten qəbul edə bilərlər.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri C. Quliyev, T. Qorçiyeva, A. Səlimova tərəfindən hazırlanıb.