Ev heyvanlarında SARS-CoV-2 törədicisi ilə bağlı elmi-tədqiqat işləri həyata keçirilib
26 İyul 2021 16:22
Dünyada COVID-19 pandemiyasına səbəb olan və insanlarda atipik pnevmoniya yaradan SARS-CoV-2 infeksiyası ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkar olunaraq 2019-nCoV kimi adlandırılıb. Törədicinin genom quruluşu 50 % MERS-CoV, 79 % SARS-CoV və 88 % BtRsCoV-la homoloji olduğundan ikinci tip kəskin tənəffüs sindromu viruslarına aid edilib. Son məlumatlara əsasən, SARS-CoV-2 törədicisi Coronaviridae ailəsinin Orthocoronavirinae yarımailəsinin Beta- və Deltacoronavirus qruplarına aid yüksək mutagen xüsusiyyətlərə malik virus növü kimi təsnif edilir.
COVID-19 törədicisinin mənbəyi dəqiq məlum olmasa da, tədqiqatçılar tərəfindən bu barədə müxtəlif fərziyyələr irəli sürülür. İlkin qənaətə əsasən, xəstəliyin yayılmasına Çinin Uhan şəhərində yerləşən heyvan bazarında satılan yarasalar səbəb olub. Ehtimal olunur ki, virusun yarasalardan insanlara ötürülməsində gəmiricilər aralıq sahib rolunu oynayıb. Daha sonra aparılan araşdırmalar nəticəsində virusun yayılmasında panqolinlərin aralıq sahib rolu oynamasına da şübhə yaranıb. Qarışqalarla qidalanan və nəsli kəsilməkdə olan bu heyvanların gövdəsindəki pulcuqlar Çin təbabətində müalicə məqsədilə, əti isə delikates kimi istifadə olunur. Qeyd edək ki, Miçiqan Universitetinin tədqiqatçıları tərəfindən panqolinlərin ağciyər nümunələrində aşkar edilmiş koronavirus növü ilə COVID-19 virusunun genetik quruluşunda 91 %-ə qədər oxşarlıq müəyyən olunsa da, bu sahədə fundamental tədqiqatların aparılması zəruri hesab olunur. Hazırda COVID-19 virusunun su heyvanlarından (balıq, xərçəngkimilər, molyusklar, amfibiyalar) insanlara ötürülə biləcəyinə dair kifayət qədər dəlil yoxdur. Ona görə də virusun insanlar arasında yayılmasında onların epidemioloji roluna dair fikir yürütmək mümkün deyildir. Beləliklə, SARS-CoV-2 virusunun yarasa populyasiyalarında rezervasiya olunması barədə məlumatlar aktual olaraq qalır.
Qeyd edək ki, virusun ev heyvanlarından dəri, xəz və tük, eyni zamanda qida vasitəsilə insanlara ötürülməsi barədə məlumatlar yoxdur. Buna baxmayaraq, Beynəlxalq Qida Təhlükəsizliyi Təşkilatları Şəbəkəsinin (INFOSAN) tədqiqatlarına əsasən, virusun çiy və ya yaxşı bişirilməmiş heyvan mənşəli məhsullarla insanlara ötürülmə riski hələ də aktualdır.
Zoonoz xəstəlik olan SARS-CoV-2 törədicisinin heyvanlardan insanlara və ya əksinə ötürülmə mexanizminin təfərrüatları barədə əsaslı elmi nəticələrin olmamasına baxmayaraq, bir sıra ölkələrdə SARS-CoV-2 törədicisi ilə yoluxmuş it və pişiklərin sahiblərində bu xəstəlik aşkar olunub. Bununla yanaşı, ABŞ-da SARS-CoV-2 ilə yoluxmuş xidmətçidən zoopark heyvanlarına xəstəliyin ötürülməsi ilə bağlı məlumatlar da mövcuddur. SARS-CoV-2 ilə yoluxmuş insanlarla təmas nəticəsində heyvanlarının da bu infeksiyaya yoluxması barədə məlumatlara istinad edərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsi tərəfindən bu istiqamətdə elmi-tədqiqat işləri həyata keçirilib. Tədqiqatın məqsədi ev heyvanlarının (it, pişik, qaramal, qoyun və keçi) SARS-CoV-2 ilə yoluxmasının, eyni zamanda heyvanların infeksiyaya məruzqalmasının virusla yoluxmuş insan faktoru ilə bağlılığının araşdırılmasıdır. Bu məqsədlə tədqiqatın ilkin mərhələsində heyvanlardan PZR (Polimeraz zəncirvari reaksiya) müayinəsi üçün nazofaringeal və orofaringeal yaxma, immunoferment (ELİSA) müayinəsi üçün isə qan nümunələri götürülüb.
Tədqiqatın gedişatında 211 it, 136 pişik, 19 baş iribuynuzlu (qaramal) və 268 baş xırdabuynuzlu (qoyun, keçi) heyvandan nümunələr götürülüb. Təhlillər nəticəsində 7 it və 4 pişik qanında SARS-CoV-2 törədicisinə qarşı anticisimlər aşkar edilib ki, bu da xəstəliyin heyvanlar arasında məhdud şəkildə yayılmasını göstərir. Həmçinin müəyyən edilib ki, həmin heyvanlara xidmət edən işçi heyət arasında bu xəstəliyə yoluxanlar da olub. Daha dolğun məlumatların əldə olunması məqsədilə tədqiqatların davam etdirilməsi nəzərdə tutulub.
Məqalə AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ç. Əliyeva, S. Məmmədova, K. Əliyeva, Ş. Məmmədova, Ş. Rüstəmli, R. Kəngərli, J. İsgəndərova, F. Əlizadə tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş