Ev şəraitində konservləşdirmə zamanı qida təhlükəsizliyi
25 Aprel 2018 12:02
Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, qış aylarında da yemək istədiyi üçün ənənəvi üsullardan istifadə edərək, həmin meyvə və tərəvəzləri ev şəraitində konservləşdirir. Bəzən konservləşdirmə prosesinin düzgün aparılmaması ölümlə nəticələnə bilən, tibbdə Botulizm zəhərlənməsi adlanan qida zəhərlənmələrinə gətirib çıxara bilir.
Botulizm Clostridium Botulinum bakteriyasının ifraz etdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Clostridium Botulinum bakteriyası torpaqda geniş yayılmışdır. Bu bakteriya yüksək temperatura dözümlü olub, havasız mühitlərdə daha fəal şəkildə çoxala bilmək qabiliyyətinə malikdir. Havası olmayan konserv bankaları bu bakteriyanın toksin ifraz etməsi üçün ən “əlverişli” mühitdir..
Botulizm xəstəliyinin törədicisi turş mühitlərdə (pH səviyyəsi 4.6-dan az olan) inkişaf edə bilmədiyi üçün turşuluğu yüksək olan meyvə və tərəvəzlərdə toksin ifraz edə bilmir. Botulizm toksininə ən çox yaşıl lobya, ispanaq, göbələk, çuğundur kimi turşuluğu aşağı olan tərəvəzlərdə rast gəlinir. Bu toksin insan orqanizminə daxil olduqda, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin pozulması, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, xəstə dünyasını dəyişə bilər. Bu səbəbdən sadaladığımız əlamətləri (və onların hər hansı birini) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edilməli və ya "təcili yardım" çağırılmalıdır.
Botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilən xəstəlikdir.
Botulizm xəstəliyinə yoluxmamaq üçün ev şəraitində konserv hazırlayarkən aşağıda qeyd edilmiş gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir:
Konservləşdirmə üçün istifadə edilən meyvə və tərəvəzlər diqqətlə seçilərək axar su altında fırça vasitəsilə yaxşı yuyulmalıdır. Əks halda yaxşı yuyulmamış meyvə və tərəvəzlərdə torpaqdan həmin məhsullara keçmiş Botulizm törədiciləri qala bilər.
Meyvə və tərəvəzlərin yığılacağı bankalar əvvəlcədən yuyulub 10 dəqiqə müddətində qaynadılmalıdır. Bunun üçün, istiliyə və təzyiqə davamlı şüşə qablardan istifadə edilməlidir.
Konserv bankalarının zədəli (sınıq və ya çatlaq ) olmamasına xüsusilə diqqət yetirilməlidir.
İçərisi məhsullar ilə doldurulmuş bankalar 30 dəqiqə müddətində 100° C temperaturda qaynadılmalıdır.
Hazırlanmış konservlər soyuq yerdə (soyuducu, eyvan, zirzəmi) saxlanılmalıdır.
İstifadə etməzdən öncə konserv bankaları baxışdan keçirilməlidir. Bankası zədələnmiş (sınmış və ya çatlamış), qapağı şişmiş konserv məhsulları istifadə edilməməlidir.
İçərisindəki maye köpüklənibsə, məhsulun rəngində və qoxusunda dəyişiklik varsa, həmin konserv məhsulları istifadə edilməməlidir.
Qeyd etmək lazımdır ki, yalnız ev şəraitində hazırlanan konservləri deyil, ticarət şəbəkələrində satılan sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Bu səbəbdən dükanlarda tərəvəz, balıq, ət və s. konservləri aldıqda, qablaşmaya fikir verilməlidir; məhsul təzə olmalı (yararlıq müddətinə fikir verilməli), qapağı "şişməməli", metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır.
İstinadlar:
Microorganisms in foods (2005). Microbial Ecology of Food Commodities (Edited by: T. A. Roberts, I. Pitt, J. Farkas, F.H. Grau) St. Edmunds bury Press Ltd, Great Britain.
Canned Foods and Botulism Mahendra Pal*, Selamawit Mulu, Feben Adugna, Jemberu Alemu
Clinical Infectious Diseases, Volume 41, Issue 8, 15 October 2005, Pages 1167–1173,
National Institute of Food and Agriculture: Selecting, Preparing, and Canning Vegetables and Vegetable Products Guide 4
Botulism in Commercially Canned Foods RICHARD K. LYNT, DONALDA. KAUTTER and R. B. READ, Jr. Division of Microbiology U.S, Food & Dmg Administration, Washington, D.C. 20204
Oxşar xəbərlər
Şəki–Zaqatala bölgəsində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə işləri aparılır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizədə ictimai fəallığın artırılması məqsədilə bölgədəki təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə və meyvə bağlarına vurduğu zərər barədə məlumatlar verilir. Həmçinin zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılır. Bildirilir ki, qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərində, anbarlarda və digər tikililərdə toplaşır. Zərərverici aşkar edildikdə onun mexaniki üsulla toplanaraq məhv edilməsi, tikililərə daxil ola biləcəyi boşluqların bağlanması və digər profilaktik tədbirlərin görülməsi tövsiyə edilir.
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Giriş