Fındıq bağlarında rast gəlinən fındıq yastıcası zərərvericisi ilə mübarizə üsulları
26 May 2023 14:33
Fındıq yastıcası və ya akasiya yalançı çanaqlı yastıcası (Parthenolecanium corni) polifaq zərərverici olub Avrasiya materikinin əksər ölkələrində yayılıb. Bu zərərverici Azərbaycanda karantin statusu daşımır. İsraildə isə 2009-cu ildən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına əlavə edilib. Qax və Zaqatala rayonlarında yerləşən fındıq bağlarında bu zərərvericiyə rast gəlinib.
Fındıq yastıcası əsasən gavalı, moruq və üzümə ziyan vursa da, fındıq, qoz, armud, heyva, ərik, şaftalı, gilas, badam və digər meyvə bitkiləri, o cümlədən müxtəlif dekorativ və enliyarpaqlı meşə bitkilərinə (xüsusən də ağ akasiyaya) də ziyan vurur.
Zərərvericinin yetkin dişi fərdinin çanağı yarımkürə şəklindədir. İnkişaf mərhələlərində çanaq əvvəlcə tünd qəhvəyi rəngdə, daha sonra isə açıq qəhvəyi rəngdə olur. Dişilərin çanaqla birlikdə uzunluğu 3-6.5 mm, eni 2.4 mm olur. Erkək fərdlər isə qəhvəyi rəngdə olmaqla bir cüt qanada malikdir.
Zərərvericinin dişi fərdləri qış aylarında ağacların cavan budaqlarında və zoğlarında ikinci yaş sürfə mərhələsində keçirirlər. Yazda isə tumurcuqlar açılan zaman qidalanmağa və böyüməyə başlayırlar. Cütləşmədən sonra dişilər aprel ayının sonu – may ayının əvvəllərində yumurta qoymağa başlayır. İyun ayına qədər çanaqların altı yumurta ilə dolur. Bir dişi fərd orta hesabla 2070 ədəd yumurta qoyur. İyun ayının əvvəlindən başlayaraq yumurtadan hərəkətli sürfələr çıxmağa başlayır. Bu sürfələr yarpaqlara keçir, xüsusilə yarpaqların alt səthində, damarlar boyunca yerləşərək yarpaqların şirəsi ilə qidalanır. 75-80 günə qədər yarpaqda qidalanan sürfələr 2-ci yaş mərhələsinə keçdikdən sonra, ağacın budaq və zoğlarına keçir. Bu proses noyabr ayının ortalarına qədər davam edir. Burada qidalanan 2-ci yaş sürfələr qış diapauzasına keçir. İqlim şəraitindən asılı olaraq ildə 2-3 nəsil verdiyi məlumdur.
Dişi fərdlər qrup halında yaşayırlar. Onlar kiçik yaşlı sürfələrin yayılmasında külək mühüm rol oynayır.
Fındıq yastıcası yarpaq, zoğ, gövdədən bitki şirəsi ilə qidalanmaqla ciddi ziyan vurur, populyasiya sıxlığı çox olduğu meyvə bağlarında ifraz etdikləri şirin maddə saprofit göbələklərin inkişafına səbəb olur. Belə zoğ, yarpaq və meyvələrin üzəri tünd rəngli fumajinlə örtülür. Zərərvericinin sürfələri və yetkin fərdləri zoğ, yarpaqlarla qidalanmaqla bitkilərin zəifləməsinə, məhsuldarlığın və məhsulun keyfiyyətinin aşağı düşməsinə, güclü sirayətlənmə zamanı hətta qurumalara səbəb olur.
Zərərverici ilə kimyəvi mübarizə tədbirləri onların fenologiyası nəzərə alınmaqla aparılmalıdır. Bağda ümumi sirayətlənmə az olduqda üzərində zərərverici olan bitki hissələri kəsilərək sahədən çıxarılmalı və yandırılmalıdır. May və iyun aylarında aparılan monitorinqlərin nəticəsində bağın 10 müxtəlif yerindən təsadüfi seçilmiş sahib bitkinin 3 ədəd 1-3 yaşlı zoğuna baxış keçirilir (30 zoğ). Seçilmiş zoğlarda orta hesabla 5 ədəd canlı fərd aşkar edildikdə kimyəvi mübarizənin aparılmasına qərar verilir. Nəzərə almaq lazımdır ki, yastıcalarla mübarizədə kimyəvi mübarizə dövrünün düzgün seçilməsi çox önəmlidir. Belə ki, yanlış dövrdə aparılan kimyəvi mübarizə tədbirləri səmərəli olmamaqla yanaşı əlavə işləməyə səbəb olur ki, bu da ətraf mühitin çirklənməsinə və iqtisadi itkilərə gətirib çıxarır. Buna görə də, kimyəvi mübarizə hərəkətli – birinci və ikinci yaş sürfə mərhələlərində (iyun ayında) aparılmalıdır.