Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət olunmalıdır?
30 Oktyabr 2023 09:47
İnsanlar yeməli göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, C, D, B qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir dietoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələklər bir tərəfdən qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, digər tərəfdən çətin həzm olunan qidalar hesab edilir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır.
Göbələkdən zəhərlənməyə səbəb onların tərkibində toksinlərin olmasıdır. Papaqlı göbələklərin 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Qalanları zəhərlidir və ya yeyilməməsi tövsiyə olunur.
Göbələkdən zəhərlənmə ən çox yayılmış mövsümi qida zəhərlənmələrindən biridir. Azərbaycanda adi şampinyon, yay boletusu, çıxıntı boletus, ağ göbələk, qəşəng boletus, çəhrayı südlücə, narıncı südlücə, palıd südlücəsi, sarı yağlıca və digər yeməli göbələklərə rast gəlmək olar. Yeməli olmayan göbələklərə isə qızılı qaravul, sarı qaravul, gözəlayaqlı boletus, palıd boletusu, kele boletusu, yalançı sarıca, acıqoxu, kobud panus və digərlərini misal göstərmək olar.
Sağlamlıq üçün ən böyük təhlükəsi olan solğun amanita, sezar amanitası, qırmızı amanita, panterli amanita, şeytani boletus, ağarmış klitosibe, qifvari klitosibe, oyuqlu entoloma, konusvari hiqrosibe, kükürdlü qifoloma, çəhrayı lepiota, təmiz misena və digər göbələk növlərini numunə göstərə bilərik. Göbələk səhv yığılarsa və emal şərtləri pozularsa, onun istehlakı insan həyatı üçün təhlükə yaradar.
Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir:
- tanış olmayan və şübhəli olan göbələklərin yığılması;
- yol kənarında, sənaye müəssisələrinin yaxınlığında, radioaktivliyin yüksək olduğu yerlərdə göbələklərin yığılması;
- qurdlu və ya çürük, köhnə göbələklərin yığılması;
- aşağı keyfiyyətli qablaşdırmadan istifadə;
- göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi;
- emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması;
- köhnəlmiş göbələklərin qidada istifadəsi;
- göbələklərin spirtli içkilərlə birlikdə istehlakı.
Göbələkdən zəhərlənmənin əlamətləri onların növünə, hazırlanması və istehlak xüsusiyyətlərinə, alınan toksin miqdarına görə dəyişir. İlk simptomlar zəhərin bədənə daxil olmasından yarım saat sonra başlayır. Bəzi hallarda göbələk intoksikasiyasının klinik mənzərəsi hər hansı bir qida zəhərlənməsinin tipik təzahürləri ilə eyni olur: mədə ağrısı, ürəkbulanma və qusma, ishal, artan bədən hərarəti, titrəmə hissi.
Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir.
Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır.
Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, toplanması, daşınması, saxlanması, emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş