Heyvan sağlamlığının təmin olunmasında qidalanmanın rolu
22 İyun 2021 00:00
Heyvandarlığın, o cümlədən quşçuluq sahəsinin intensiv inkişaf etdirilməsi ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin heyvan mənşəli qida məhsullarına olan tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, heyvanların sağlam yetişdirilməsi, məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması bilavasitə onların yemləndirilməsindən asılıdır. Normal qidalanma heyvan sağlamlığının təmin olunmasında əsas amillərdən biri hesab edilir. Odur ki, tərtib olunan yem rasionları zəruri qida maddələri ilə balanslaşdırılmalı, heyvanlar üçün yemlərin tərkibi və strukturuna uyğun olaraq optimal qidalanma rejimi təşkil olunmalıdır.
Rasion (lat. ratio - hesab, say) - yemlərin qidalılıq dəyəri nəzərə alınmaqla normalara uyğun tərtib olunmuş və heyvanların sutkalıq tələbatını ödəyən yem dəstidir. Rasionların tərkibinə daxil olan yemlər heyvanın təbiətinə uyğun seçilməli və rasionun quru maddəsinin miqdarı heyvanın həzm traktının tutumuna münasib olmalıdır. Belə olduqda orqanizmdə fizioloji proseslərin (həzm, mübadilə, mənimsənilmə) optimal gedişatı üçün əlverişli şərait yaranır ki, bu da dolayısı ilə heyvan sağlamlığının təmin olunmasına xidmət edir.
Əvvəllər yem vahidi ilə dəyərləndirilən yem rasionları müasir nomenklaturada enerji vahidi ilə (mübadilə enerjisi) qiymətləndirilir. Bu isə heyvan orqanizminin həyat fəaliyyəti və məhsuldarlığından asılı olaraq enerjiyə olan tələbatının tənzimlənməsində operativliyi təmin edir.
Ümumiyyətlə, heyvanlar üçün tərtib olunan yem rasionları mahiyyət etibarilə üzvi və qeyri-üzvi maddələrin müxtəlif nisbətlərdə toplusunu əks etdirir. Üzvi maddələrə zülallar, yağlar, karbohidratlar, vitaminlər, azotsuz ekstraktiv maddələr, aminturşuları, amidlər, fermentlər, qeyri-üzvi maddələrə isə minerallar (makro- və mikroelementlər), duz və su şamil edilir. Heyvanların növü, cinsi, cinsiyyəti, yaşı və fizioloji vəziyyətindən (boğazlıq, laktasiya dövrü və s.), həmçinin mövcud olan yem ehtiyatı və ilin mövsümündən asılı olaraq yem rasionlarının müxtəlif tipləri (qaba, şirəli, konsentratlı, vitamin-, mineral- və ya protein əsaslı və s.) mövcuddur. Heyvanların qida maddələrinə olan tələbatını ödəyən və keyfiyyətli yem komponentlərindən təşkil olunan rasionlar tam dəyərli və ya balanslı hesab edilir. Rasionların balanslaşdırılmasında əsas yemlərlə bərabər yem əlavələri, premikslər, biostimulyatorlar, adsorbentlər və digər bioloji aktiv maddələrdən geniş istifadə olunur.
Qeyd etmək lazımdır ki, yemlərin tərkibinə daxil olan bütün qida maddələrinin heyvan sağlamlığının, eləcə də məhsuldarlığın təmin olunmasında özünəməxsus yeri vardır. Lakin sellüloza və zülalların (proteinlər) əhəmiyyəti digər qida maddələri ilə müqayisədə xüsusi qeyd edilməlidir. Məsələn, gövşəyən heyvanlarda mədənin mürəkkəb (dörd kameralı) quruluşa malik olması rasiona qaba (lifli) yemlərin daxil edilməsi zərurətini yaradır. Belə ki, tərkibində sellülozanın miqdarı çox olan qaba yemlər mədə önlüklərində (xüsusilə işgənbədə) və bağırsaqlarda mövcud olan mikrofauna və mikrofloranın həyat fəaliyyətində böyük əhəmiyyət kəsb edir. Lifli yemlərin həzm prosesinə təsiri böyük olduğundan qaba yemlər qəbul etmədiyi halda heyvanların sağlamlığında maddələr mübadiləsi ilə bağlı problemlər yaranır. Məlum olduğu kimi, sellülozanın parçalanması nəticəsində yaranan aralıq birləşmələr həm də heyvan orqanizmində lipid, zülal və enerji mübadiləsinin tənzimlənməsində iştirak edir.
Heyvanların qidalanmasında zülalların əhəmiyyəti daha böyükdür. Hüceyrə səviyyəsində orqan və toxumaların əsas struktur vahidlərindən biri olan zülallar orqanizmdə həyati əhəmiyyətli proseslərin (çoxalma, böyümə, inkişaf, məhsuldarlıq və b.) və biokimyəvi birləşmələrin (fermentlər, hormonlar, immun cisimlər və b.) əsasını təşkil edir. Aminturşu spektrindən asılı olaraq tam dəyərli zülalların tərkibinə demək olar ki, bütün əvəzolunmaz aminturşuları daxildir.
Heyvandarlığın və quşçuluğun intensiv inkişaf etdiyi müasir dövrdə yemləmənin yalnız rasionun balanslaşdırılması deyil, sinxronluğunun təmin olunması kontekstində təşkil olunması önəmli hesab edilir. Rasionun tərkibindəki enerji və qida maddələrinin heyvan orqanizmi tərəfindən mənimsənilmə səviyyəsini və paralel olaraq məhsuldarlıq göstəricilərinə təsirini əks etdirən bu proses heyvan sağlamlığı təmin olunduğu təqdirdə yemlərin konversiya əmsalının optimallaşması və heyvanların məhsuldarlıq potensialının maksimum realizə olunması ilə nəticələnir.
Odur ki, heyvanların yetişdirilməsi prosesində boy stimulyatorlarının istifadəsi qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq tənzimlənməli, qida təhlükəsizliyi baxımından riskli hesab edilən stimulyatorların (antibiotiklər, beta-aqonistlər, tireostatiklər və s.) istifadəsi məhdudlaşdırılmalı və təhlükəsiz alternativlərinin (probiotiklər, fitobiotiklər, prebiotiklər, fermentlər və s.) tətbiqinə üstünlük verilməlidir.
Antibiotiksiz yemləndirmə üsuluna keçidlə təhlükəsiz quşçuluq məhsulları istehsalına nail olmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsi tərəfindən sənaye quşçuluğu sahəsində “Antibiotiklərin quşçuluqda istifadəsi və antibiotikorezistentliyin elmi qiymətləndirilməsi” layihəsi çərçivəsində elmi-tədqiqat işləri həyata keçirilir.
Məqalə AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva, R. Kəngərli, J. İsgəndərova tərəfindən hazırlanıb.