İstixana şəraitində pepino mozaika virusuna qarşı mübarizə üsulları
20 Sentyabr 2023 17:57
Virus mənşəli bitki xəstəliklərinin idarə olunmasında ən səmərəli üsul istehsal sahəsinə virusun daxil olmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.
İstixanalarda xəstəliklərə davamlı və zərərli orqanizmlərdən azad sertifikatlı səpin və ya əkin materialından istifadə edilməlidir. Bununla yanaşı, toxum 1% natrium fosfat məhlulunda 45 dəqiqə, sonra 0,5%-li natrium hipoxlorid məhlulunda 30 dəqiqə saxlanıla bilər. Toxumlar məhlulda qarışdırılmalı və məhluldan çıxarıldıqdan sonra bir neçə dəfə təmiz suda durulaşdırılmalıdır.
Pepino mozaika virusunun yayılmasını və daşınmasını minimuma endirmək üçün, məhsul istehsalının bütün mərhələlərində ciddi gigiyena qaydalarına əməl etmək və əkinlər arasında hərtərəfli təmizləmə prosedurunu həyata keçirmək olduqca vacibdir.
Alət və ləvazimatların dezinfeksiyası:
- Dezinfeksiya məqsədilə istifadə edilən maddələr virus öldürücü xüsusiyyətə malik olmalı, daha yüksək konsentrasiyalarda və ən azı bir neçə dəqiqə ərzində istifadə edilməlidir;
- İstixanaların girişlərində dezinfektantlar və dezinfeksiyaedici məhlullar hopdurulmuş ayaqaltılar qoyulmalıdır;
- İstixana daxilində istifadə olunan arabalar və yükqaldırıcılar, habelə digər nəqliyyat vasitələri müvafiq qaydada dizenfeksiya edilməlidir;
- İşçilər hər səhər dezinfeksiya edilmiş xüsusi geyimlə, əlcəklə, baxil və dezinfeksiyaedici maddələrlə təmin edilməlidir. İşçi personalın şəxsi əşyaları ilə istixanaya daxil olmasına yol verilməməlidir;
- İstehsal sahəsinə daxil olmazdan əvvəl və sonra əllər sabunla yuyulmalı və ya dezinfeksiya olunmalıdır;
- Kəsici alətlər bir bitki cərgəsində istifadə olunduqdan sonra digərinə keçmədən öncə yağsız süd və ya digər dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilməlidir.
- Əkin prosesində, habelə məhsul yığımında istifadə edilən bütün alətlər, avadanlıqlar, eləcə də sirayətlənmiş bitki qalıqlarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri iş gününün sonunda dezinfeksiya edilməlidir;
- Yoluxmuş ərazilərdə istifadə olunan avadanlıqlar, araba və qablaşdırma materialları digər ərazilərdə istifadə olunmamalıdır. İş gününün sonunda bütün arabalar və yeşiklər təmizlənməli, yuyulmalı və dezinfeksiya edilməlidir. Kiçik alətlər natrium fosfatın 10%-li məhlulunda təxminən 30 dəqiqə isladılmalıdır.
Virusun erkən aşkarlanması və ləğv edilməsi:
- Xəstəliyin erkən aşkarlanması və ləğvi üçün müntəzəm olaraq monitorinqlər həyata keçirilməli, aşkar olunan simptomların yaxından yoxlanılması və dəqiq təyinatı üçün bütün şübhəli bitkilərdən dərhal nümunələr götürülməlidir;
- Sahədə virus aşkar edilərsə, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə bütün işçilər və digər şəxslər xəbərdar edilməli, simptomlar barədə məlumatlandırılmalı və onlara xəstəliyin simptomlarının ilk əlamətlərində rəhbərliyi xəbərdar etmələri barədə göstərişlər verilməlidir;
- Sirayətlənmə əlamətləri olan bitki və ya bitkilər olan sıralar işarələnməli və həmin cərgələrə giriş məhdudlaşdırılmalıdır;
- Sanitariya-gigiyena tələblərinə əməl edilmək şərtilə sirayətlənmə əlaməti (rəng dəyişikliyi, yarpaqda və ya meyvədə deformasiya, inkişafın ləngiməsi və s.) olan bitkilər və onların hər tərəfindən ən azı 1.5-3.0 m radiusda olan bütün bitkilər üzərinə yuxarıdan aşağıya doğru polietilen torba keçirilməklə çıxarılmalı və həmin hissə dezinfeksiya edilməlidir;
- Virusla sirayətlənmiş material təhlükəsizlik qaydalarına əməl edilməklə yandırılmalı və ya dərin basdırılmalıdır;
- Virus aşkarlanan ərazilərdə işləyən işçilər gün ərzində başqa istixanaya keçməməlidirlər;
- Yoluxmuş bitki materialı heç vaxt açıq yerə atılmamalı və ya birbaşa torpağa qarışmamalıdır. İstehsal sahəsində yoluxmuş bitki qalıqları, seçilmiş xəstə pomidorlar və məhsul qalıqları dərhal məhv edilməli və ya üzərinə sönmüş əhəng tökülməklə basdırılmalıdır.
İstixanalarda gigiyena:
- İstixananın virusdan təmizlənməsinə tam əmin olmaq üçün yoluxmuş bitkilərin çıxarıldığı ərazilərdə asqı ipləri, damcı suvarma vasitələri və substratlar dezinfeksiya edilməli, bu mümkün olmadıqda isə dəyişdirilməlidir;
- Qablaşdırma bölməsində çalışan işçilər mümkün qədər istehsal sahələrində işləməməlidirlər. Ehtiyac olduğu hallarda işçilər istehsal sahəsinə getməzdən əvvəl əlləri dezinfeksiya etməli, əlcək taxmalı, təmiz kombinezon geyinməli və ayaqqabıları mütləq dezinfeksiya etməlidirlər;
- Bitki qalıqlarının təmizlənməsi və dezinfeksiya işlərinin istixanalarda çıxışa doğru edilməsi daha effektlidir;
- Beton səthlər, yerüstü hava və isitmə boruları xüsusi təzyiqlə yuyulmalıdır;
- Suvarma suyunun və təkrar dövriyyə suyunun dezinfeksiya edilməsi təmin edilməlidir. Damcı xətləri təmizlənərək dezinfeksiya edilməli və ya dəyişdirilməlidir. Xətləri təmizləmək üçün suvarma sistemində turş mühit yaradılmalı və xətlərdəki çöküntüləri çıxarmaq üçün 24 saat buraxılmalıdır. Bundan sonra təmiz su ilə yuyulmalıdır. Çənlər də 24 saat ərzində bir neçə dəfə dezinfeksiyaedici ilə yuyulmalı, daha sonra təzə su ilə yuyulmalıdır;
- Dezinfeksiyaedici damcı dirəklərinə səpilməli və sonra su ilə yuyulmalıdır.
Şitilliklərdə gigiyena:
- Şitilliklərdə mütəmadi müşahidələr aparılmalıdır. Ştilliklərdə işləyən işçilər infeksiyanın yayılmasının qarşısını almaq üçün istehsal sahələrində işləməməlidirlər. Bu mümkün olmadığı hallarda isə işçilər əvvəlcə şitilxanalarda, sonra istehsal sahələrində işləməlidirlər;
- Şitilliklərdə işləyən işçilər mütləq şəkildə təmiz və dezinfeksiya edilmiş geyimlərdən istifadə etməlidirlər. Şitilliklərin girişində bütün işçilər, arabalar və nəqliyyat vasitələri üçün dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir;
- İstehsal sahəsində tətbiq edilən müvafiq qabaqlayıcı gigiyena-sanitariya tədbirlərinə şitilliklərdə daha ciddi əməl olunmalıdır.
Oxşar xəbərlər
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Giriş