Kartof istehsalında 100 faiz məhsul itkisini yarada bilən xəstəlik
6 Oktyabr 2022 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən kartof xərçəngi xəstəliyinin ((Synchytrium endobioticum (Schilb) Percival, 1909) ekspress risk təhlili aparılıb. Təhlil zamanı bir daha təsdiqlənib ki, bu, kartof istehsalında ciddi itkilərin yaranmasına səbəb olan xəstəlikdir. Bitkiləri bu təhlükəli xəstəlikdən qorumaq üçün bir sıra qaydalara əməl etmək vacibdir.
Kartof xərçənginin yaranma tarixi
Synchytrium endobioticum ilk dəfə Cənubi Amerikanın And zonasında aşkarlanıb. Xəstəliyin Avropa qitəsinə XIX əsrin 80-ci illərində əkin materialı kimi idxal olunmuş kartof yumruları və torpaq nümunələri ilə gətirildiyi müəyyən edilib. Qitədə ilk dəfə Synchytrium endobioticuma İngiltərədə rast gəlinib və bu hal rəsmi olaraq 1901-ci ildə qeydə alınıb. Xəstəlik Türkiyədə 2003-cü ildə aşkarlanıb. Azərbaycanda bu zərərverici 2007-ci ildə karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına salınıb. Lakin ölkəmizdə bu xəstəliyin aşkarlanması ilə bağlı məlumat qeydə alınmayıb.
Xəstəliyin mənşəyi və yayılması
Synchytrium endobioticum torpaq mənşəli göbələkdir. Göbələyin sporları 200-300 ədəd hərəkətli zoosporangilərdən ibarətdir. Yazda 8 dərəcədən yuxarı temperaturda və yüksək rütubətdə qış sporları (hərəkətsiz sporlar da deyilir) kartof xərçəngi xəstəliyi ilə yoluxmuş torpaqda inkişaf edir və 2-2,5 mikrometr ölçülü tək qamçılı, birnüvəli zoosporangi ifraz edir. Yarpaqlar və çiçəklər nadir hallarda yoluxa bilsə də, xəstəlik əsasən kök istisna olmaqla, kartof bitkisinin yumrularını, stalon və gövdəsini yoluxdurur. Synchytrium endobioticum kartof bitkisinin yumrularında əvvəlcə ağ, sonra yaşıl, daha sonra tündləşən gül kələminə bənzər fırlar əmələ gətirir. Ümumiyyətlə, inkişaf etməkdə olan fırın rəngi bitkinin yerüstü hissəsində yaşıl rəngə, məhsul yetişəndə isə açıq qəhvəyidən tünd-qonur rəngə dəyişir və çürüyür. Bəzən kartof bitkisinin yumruları tamamilə fıra çevrilə bilər. Fırlar kartof yumrularında məhsul yığımından sonra, saxlama zamanı da inkişaf edə bilir.
Xəstəlik əsasən həssas sortların yoluxmuş kartof kök yumruları ilə yayılır. Yoluxmuş və yoluxmamış sahələr arasında hərəkət edən kənd təsərrüfatı maşınları və istifadə olunan alətlər də xəstəliyin yayılmasına səbəb ola bilir. Kartof yumruları, torpaq qalıqları, çiçəkli bitkilərin soğanaqları, tinglər və şitillərlə daşınma kartof xərçəngi xəstəliyinin ölkələr arasında əsas yayılma yolu hesab edilir. Bundan əlavə, xəstəlik fəsilənin yoluxmuş yabanı bitkiləri vasitəsilə ilə də yayıla bilir.
Yeri gəlmişkən, kartof xərçəngi xəstəliyi əsasən kartof bitkisində (Solanum tuberosum) aşkarlanır. Kartofun yabanı növləri, eyni zamanda, pomidor (Lycopersicon esculentum) da daxil olmaqla, Solanaceae fəsiləsinə aid bəzi bitkilər S.endobioticum xəstəliyinə yoluxur. S.endobioticum kartof köklərini yoluxdurmur, lakin digər bitkilərin, məsələn, pomidorun köklərini yoluxdurur. Synchytrium endobioticum kartof, pomidor kimi bir çox bitkilərin kök və kök yumrularına kifayət qədər zərər vurmaq potensialına malikdir və kartof EPPO ərazisində ən çox risk altında olan məhsuldur.
Kartof xərçənginin ziyanları
Synchytrium endobioticum göbələyinin yayıldığı ölkələrdə yüksək iqtisadi zərər müşahidə olunur.
Belə ki, xəstəlik sahədə bir bitkidə aşkarlansa, həmin ərazi tamamilə yoluxmuş hesab edilir. Oradan yığılan məhsul isə satışa çıxarılmamalıdır. Göbələk uzun illər torpaqda yaşaya bildiyi üçün sporları məhv olanadək yoluxmuş sahələrdə kartof əkininə icazə verilmir. Göbələklə yoluxmuş torpaqlarda potensial məhsul itkisinin 50-100 faiz ola biləcəyi proqnozlaşdırılır. Kök yumrularında sporların böyüməsi məhsul yığımından sonra davam etdiyindən anbarda da itkiyə səbəb olur.
Xəstəlikdən qorunmaq yolları
Göbələyin hərəkətsiz sporları ən azı 30 il həyat qabiliyyətini saxlamağa qadir olduğu üçün və torpağın 50 santimetr dərinliyində aşkar edilə bildiyindən respublikamız üçün də Synchytrium endobioticum xəstəliyi böyük təhlükə hesab olunur.
Qeyd edilənləri nəzərə alaraq, yeni populyasiyanın ölkəmizə daxil olmasının qarşısının alınması məqsədilə qonşu dövlətlərlə sərhəd keçid məntəqələrində və həmsərhəd ərazilərdə ciddi fitosanitar nəzarətin saxlanılması mütləqdir.
Eyni zamanda, əkin üçün hazırlanmış torpaqlı və ya torpaqsız şitillər, tinglər, calaq materialları, kök yumruları, eləcə də digər bitkilər və bitkiçilik məhsulları zərərli orqanizmlərdən azad zonalardan gətirilməli, azad istehsal yeri və ya sahələrində istehsal olunmalıdır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən kartof xərçəngi xəstəliyinin ((Synchytrium endobioticum (Schilb) Percival, 1909) ekspress risk təhlili hazırlanıb.
Qeyd edək ki, məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi T. Qorçiyeva tərəfindən hazırlanıb.