Kartofda göbələk xəstəlikləri və bu məhsulun düzgün saxlanma qaydaları
21 Dekabr 2022 00:00
Kartof dünyada, o cümlədən Azərbaycanda ən çox yayılan və becərilən kənd təsərrüfatı bitkilərindən biridir. Rəsmi məlumatlara əsasən, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdə 1,031,100 ton kartof istehsal olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.
Kartof Badımcançiçəklilər fəsiləsinin Solanum cinsindən olan çoxillik ot bitkisidir. Kartofun tərkibinin orta hesabla 76,3%-i sudan, 23,7%-i quru maddələrdən ibarətdir. Bu maddələrin də 17,5%-ni nişasta, 0,5%-ni şəkər, 1-2%-ni zülal, 1%-dək mineral duzlar, eləcə də C, B1, B2, B6, PP, K vitaminləri və kapotinoidlər təşkil edir.
Kartof nişasta, spirt, kartof unu, çips sənayesində xammal, həmçinin heyvanlar üçün yem kimi işlədilir. Xalq təbabətində kartofun şirəsindən vərəmin, tənəffüs orqanlarının və mədə yarasının müalicəsində istifadə olunur.
Kartof nisbi rütubəti çox, temperaturu 16-26˚C aralığında olan yerlərdə daha yaxşı inkişaf edir və çox məhsul verir. 29˚C temperaturda yumruların böyüməsi, 33˚C temperaturda isə assimilyasiya prosesi dayanır.
Düzgün şəraitdə saxlanmadıqda, kartofun orqanoleptik xüsusiyyətlərində və tərkibindəki qida maddələrində dəyişikliklər baş verir. Həmçinin qara çürümə, adi dəmgili, qanqren, fitoftoroz, xərçəng, sürmə və digər göbələk xəstəlikləri yaranır.
Kartofun qara çürüməsi (Phoma andigena) xəstəliyinin törədicisi olan göbələklərin inkişafı nəticəsində yoluxduğu orqanların üzərində 55-160 mkm diametrli, qara rəngli, şarşəkilli piknidlər və birhüceyrəli, rəngsiz konidilər formalaşır. Bu göbələk kartof bitkisinin yarpaqlarında qırmızımtıl rəngli, 2,5-10 mm diametrli konsentrik ləkələr əmələ gətirir. Müəyyən vaxt keçdikdən sonra bu ləkələr qaralmağa başlayır. Göbələyin ilkin sirayətlənməsi aşağı yarus yarpaqlarda, sonra isə bitkinin bütün yarpaqlarında baş verir. Güclü yoluxma zamanı yarpaqların saralması və yanmış forma alması müşahidə olunur. Sonra belə yarpaqlar tökülməyə başlayır. Yoluxmuş kartof yumrularında qara, basıq ləkələr əmələ gəlir.
Kartofun adi dəmgili (Streptomyces scabies) xəstəliyi bu məhsul becərilən bütün ölkələrdə geniş yayılıb. Göbələklə yoluxma nəticəsində yumrunun səthində qeyri-düzgün formalı, diametri bir neçə mm-dən 1 sm və daha artıq olan, getdikcə ölçüləri böyüyən və mantarlaşan yaralar meydana çıxır. Əsas zərər yumruların istehlak keyfiyyətinin aşağı düşməsi ilə səciyyələnir. Dəmgilə yoluxmuş yumruların xarici görünüşündə ciddi dəyişikliklər baş verir. Eyni zamanda, tərkibində nişasta az olduğundan dad və əmtəəlik keyfiyyəti aşağı düşür. Güclü yoluxmuş yumruların cücərmə qabiliyyəti aşağı olduğundan əkin üçün yararsız hesab edilir.
Kartofda qanqren (Phoma exigua var.foveata) xəstəliyinin törədicisi bitkinin ən çox gövdə və yumrularında inkişaf edir. Yoluxmuş kartof yumrusunda və gövdədə açıq-qəhvəyidən tünd-qəhvəyi rəngə qədər çaları olan piknidilər əmələ gəlir. Gövdədə xəstəliyin simptomları bitkinin çiçəkləmə fazasında uzunsov, qeyri-müəyyən ləkələrin formalaşması ilə müşahidə olunur. Bu ləkələrin üzərində bir müddət keçdikdən sonra çoxsaylı, kiçik, açıq və tünd-qəhvəyi rəngli piknidilər əmələ gəlir. Sirayətlənmiş yumruları eninə kəsdikdə tünd haşiyəli, açıq rəngli toxuma müşahidə edilir. Bu simptom göbələyin ifraz etdiyi toksinin əlamətidir.
Kartof fitoftorozu (Phytophthora infestans) xəstəliyinin törədicisi Phytophthora infestans patogenidir. Bu göbələk pomidor və badımcanın da xəstəlik törədicisidir. İnkubasiya dövrü havanın istiliyindən asılıdır. Göbələyin mitselisinin inkişafı üçün minimal temperatur 1-3˚C, maksimum temperatur isə 30˚C hesab edilir. Fitoftora bitkinin yarpaqlarını və yumrularını zədələyir. Sahələrdə əvvəlcə kartofların üzərində tək-tək, yaxud külli miqdarda əzilmiş ləkələr əmələ gəlir. Ləkəli hissə kəsildikdə onların altında boz, yaxud qonurlaşmış sahələr görünür. Kartof anbarda saxlandığı dövrdə onun toxumasının zədələnmiş yerləri çürüməyə başlayır. Kəskin zədələnmələr zamanı kartofun səthi codlaşır, rəngi isə bozumtul-qonur olur.
Kartof xərçəngi (Synchytrium endobioticum) göbələyi endogen, obliqat, ixtisaslaşmış parazit olub, uzunmüddətli inkişaf tsiklində hif əmələ gətirmir. Göbələk sporangilərdən ibarət tallom formalaşdırır və inkişaf tsiklində qış və yay zoosporangiləri əmələ gətirir. Yazda 8˚C-dən yuxarı temperaturda və yüksək rütubətdə qış zoosporangilərindən 200-300-ə qədər zoosporlar çıxır. Bu zoosporlar qamçının köməyi ilə hərəkət edərək kartof gözcüklərindən toxumaya daxil olurlar. Göbələk kartof bitkisinin yumrularını, stalonlarını, bəzən gövdə və yarpaqlarını da yoluxdurur. Yoluxmuş gövdənin üzərində kiçik ziyillər formalaşır, bitki zəifləyir və inkişafdan qalır. Göbələk stalon və yumrularda açıq-qəhvəyidən tünd-qonur rəngə qədər müxtəlif ölçülü şişlər, fırlar əmələ gətirir. Xəstəlik yayıldığı bölgələrdə yüksək iqtisadi zərər müşahidə olunur. Məhsul itkisi 40-60%-ə çatır.
Kartofda sürmə xəstəliyi (Thecaphora solani) ilə sirayətlənmiş bitkinin yerüstü hissəsində heç bir əlamət müşahidə olunmur. Yoluxmuş yumrular anormal inkişaf edərək deformasiyaya uğrayır. Yumrularda çoxsaylı qəhvəyi və qara rəngli ləkələr müşahidə edilir. Ləkələrin diametri 1-4 mm-ə qədər olub, göbələyin spor yığımından ibarətdir. Yoluxmuş yumrular bir müddət sonra qəhvəyi rəngli, tozabənzər, çoxsaylı spor yığımından ibarət kütləyə çevrilir. Stalonlarda əmələ gələn şişlər deformasiyaya uğramış yumruya bənzəyir. Bitkinin kökü xəstəliklə sirayətlənmir. Thecaphora solani göbələyinin sporları torpaqda və yumrularda uzun müddət qala bilir. Göbələk yüksək rütubətdə və şoran torpaqlarda toxumluq yumrular vasitəsilə daha tez yayılır.
Sadalanan xəstəliklərin saxlanan məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinə mənfi təsirinin qarşısını almaq üçün kartofun saxlanma şəraitinə diqqət yetirmək lazımdır.
Belə ki, gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaranmasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, boğazda yanma, baş ağrısı və baş dönməsi yaradır. Buna görə də, rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün çox təhlükəlidir. Kartof qaranlıq yerdə saxlanmalıdır.
Kartofu polietilen torbalarda saxlamaq olmaz. Onları hava keçirən kisələrdə, səbətlərdə və ya qutularda saxlamaq daha düzgündür. Kartofu karton qutularda saxlayan zaman qutunun divarlarında mütləq hava dəlikləri açılmalıdır.
Kartofu rütubətli yerlərdə, həmçinin soğan və ya sarımsaqla eyni və ya bir-birinə yaxın qutularda saxlamaq tövsiyə olunmur. Əks halda kartof qısa müddətdə cücərməyə başlayır. Bunun qarşısını almaq üçün onları mümkün qədər sərin və havalandırma olan yerlərdə saxlamaq lazımdır. Kartof saxlanılan yerdə rütubət 85-90% olmalıdır.
Vaxtaşırı zədəli kartofları seçib kənarlaşdırmaq lazımdır. Çünki bir kartofda yaranan çürümə digərlərinin də çürüməsinə səbəb olur.
Kartofu saxlayan zaman bir sıra göstəricilərə də diqqət edilməlidir. Belə ki, kartof bilavasitə günəş işığı altında saxlandıqda temperatur 21-22˚C, rütubət 35-43%, işıqlanma (lüks) 335-1061, işıq altında saxlandıqda isə temperatur 22-23˚C, rütubət 33-47%, işıqlanma (lüks) 300-1036 olmalıdır. Kartof otaq temperaturunda qaranlıq və havalandırılmayan şəraitdə saxlandıqda temperatur 20-21˚C, rütubət 55-83%, qaranlıq soyuducuda saxlandıqda isə temperatur 4-6˚C, rütubət 22-39% təşkil etməlidir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Səidə Zeynalova tərəfindən hazırlanıb.