Körpələr üçün ana südünün əhəmiyyəti
5 Dekabr 2022 00:00
Ana südü körpələr üçün əvəzedilməz və ideal qida hesab olunur. Bu qida sağlam böyümə və inkişaf üçün onları lazım olan enerji və qida maddələri ilə təmin edir.
Ana südü 6 ayadək olan körpələrin qidalanması üçün “qızıl standart” hesab olunur. Bu qida ilk 6 ayda onların orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını qarşılayır. 6 aydan 12 ayadək olan müddətdə ana südü uşaqların sadalanan ehtiyaclarının yarısını, 13 aydan 24 ayadək olan müddətdə üçdə birini ödəyir. Vaxtından əvvəl doğulan körpələrdə isə bu qida demək olar ki, onların həyatının mühafizəsini təmin edir. Belə körpələr üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, bu qida onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir.
Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının Pediatriya Akademiyası tərəfindən körpələrin ilk 6 ay ərzində yalnız ana südü ilə qidalandırılması tövsiyə olunur. Ardınca uşaq ən azı 1 yaşa çatanadək, ümumilikdə isə onun bərk qidaların istifadəsinə başlamasından sonra da prosesin davam etdirilməsi məsləhət görülür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə daha böyük fayda üçün körpələri ana südü ilə qidalandırmağa doğumdan bir saat sonra başlamaq, 2 yaş və ya daha uzun müddətə davam etdirmək tövsiyə olunur.
Ana südünün tərkibində qidalı maddələrdən əlavə bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də mövcuddur. Məhz bu fermentlər körpələrin orqanizmində yağ, karbohidrat və digər maddələrin həzm olunmasına kömək göstərir. Südün əsas tərkib hissəsini, 80%-dən artığını su təşkil edir. Lakin bu, adi deyil, bioloji aktiv sudur. Ana südündəki su uşaqların orqanizmi tərəfindən tam mənimsənilir. Bu su hətta isti yay günlərində onların suya olan ehtiyacını tam ödəyir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpələrə su, çay və digər mayelər verməyi tövsiyə etmirlər.
Ana südünün komponentlərindən biri də karbohidratlardır. Bu qidada karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək göstərir. Laktoza körpələrin mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza onların bağırsağında lakto- və bifidumbakteriyaların inkişafını stimullaşdırır. Lakto- və bifidumbakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına maneə yaradır. Nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur. Bundan əlavə, ana südünün tərkibində xüsusi yağ turşuları var ki, onlar körpənin, xüsusilə onun beyninin və bağırsağının inkişafı üçün olduqca vacibdir.
Ana südünün tərkibində uşaq orqanizmi üçün zəruri olan bütün vitamin və mikroelementlərə də rast gəlinir. Keyfiyyətinə və balanslaşdırılmış komponentlərinin tərkibinə görə bu qidada olan bioloji aktiv birləşmələri əvəz etmək mümkün deyil. Ana südünün tərkibindəki immunoqlobulinlər bağırsağın selikli qişasının səthi boyu yerləşərək immuniteti təmin edir. Ana südü maye mənbəyi olaraq orqanizmi dehidratasiyadan qoruyur və xəstəlik zamanı qida rejimini pozmur. Məsələn, diareya zamanı əksər maye və qidalardan imtina olunur, amma ana südünün qəbulu davam etdirilir.
Vaxtından əvvəl doğulmuş, az çəkili, zəif körpələr üçün ana südü ilə qidalanma xüsusilə vacibdir. Bu qidanın tərkibindəki hormonlar və müxtəlif boy faktorları körpədə iştahanın və metabolizmin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir.
Faydalı olması ilə yanaşı, tərkibində balanslaşdırılmış komponentlər, hormonlar, yüksək miqdarda bioloji aktiv maddələr, müxtəlif boy və müdafiə faktorları (immunoqlobulinlər, fermentlər) olan ana südünün həzmi də çox asandır. Tərkibindəki bütün komponentlər nisbət etibarilə mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün bu qidadakı fermentlər (amilaza, lipaza, fosfotaza, proteaza) və daşıyıcı zülallar körpələr tərəfindən asanlıqla mənimsənilir.
Ümumiyyətlə ana südü sadəcə qida deyil. Bu qida həmçinin körpələrin orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, müxtəlif immun faktorlarla (lizosim-təbii antibiotik, makrofaqlar-mikrobları məhv edən xüsusi hüceyrələr) zəngin olduğuna görə, immun sisteminin inkişafına kömək edir və bu sistemi aktivləşdirir. Eləcə də allergik reaksiyaların, qəfil uşaq ölümü sindromunun, diabet, piylənmə və artıq çəkinin əmələ gəlmə riskini azaldır. Uşaqları qulaq, boğaz və sinus infeksiyalarından, soyuqdəymədən, çoxsaylı tənəffüs, xroniki, mədə-bağırsaq və digər xəstəliklərdən qoruya bilir. Ana ilə körpə arasında erkən dövrlərdə tam emosional bağlılıq yaradır. Həmçinin ana südü ilə qidalanan körpələr fiziki inkişafları ilə seçilirlər. Beləliklə, ana südü ilə qidalanan uşaqlar müxtəlif xəstəliklərdən daha etibarlı müdafiə olunmuş sayılırlar. Təsadüfi deyil ki, anemiyadan əziyyət çəkən uşaqların çoxluğu məhz ana südü ilə qidalanma göstəricisinin aşağı olması ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, keyfiyyətsiz qidalanma və körpələrin qida rasionunda ana südünün olmaması anemiyanın əsas səbəbidir. Uşaqlar arasında anemiya halları onların böyüməsinə və inkişafına mənfi təsir göstərə, öyrənmə və idrak pozğunluqlarına səbəb ola bilər.
Ana südü körpələr üçün əhəmiyyətli olsa da, bəzən onların bu qida ilə bəslənməsində müəyyən problemlər də ortaya çıxır. Məsələn, analar arasında bəzi hallarda südün az əmələ gəlməsi narahatlığa səbəb olur. Lakin uşaq bezinin gün ərzində dəyişdirilmə sayını və körpələrin çəki artımını bilməklə, onların kifayət qədər ana südü ilə qidalanıb-qidalanmadığını müəyyən etmək mümkündür. Belə ki, uşaq bezi gün ərzində ən azı 5-6 dəfə dəyişdirilirsə və körpələrin çəkisi gündə ən azı 14 qram artırsa, deməli, onların ana südü ilə qidalanması normaldır.
Yeri gəlmişkən, ana südü ifraz olunma müddətinə və tərkibinə görə kolostrum, keçid südü və yetkin süd formalarına bölünür. Kolostrum doğuşdan sonra ilk 5 gün ərzində ifraz olunan, qatı və sarımtıl rəngli süddür. Tərkibində az miqdarda yağ və laktoza olan bu süd zülallarla, xüsusilə də infeksiya əleyhinə xüsusiyyətlərə malik zülallarla zəngindir. Kolostrum immunoqlobulinlərlə zəngin olduğu üçün yeni doğulmuş körpələri xarici mühitin patogen amillərindən (mikroorqanizmlərdən) qoruyur. Bu xüsusiyyətinə görə, kolostrum uşaqların ilk peyvəndi kimi qəbul olunur. Həmçinin körpələrin formalaşmamış həzm sisteminin inkişafına kömək edir. Keçid südü doğuşdan 7-14 gün, yetişmiş süd isə doğuşun 15-ci günündən sonra ifraz olunur. Yetişmiş südün tərkibi anaların orqanizminin xüsusiyyətlərindən, zamandan, həmçinin onların qidalanma xüsusiyyətindən və fərdi metabolik amillərdən asılı olaraq dəyişə bilər. Həm də doğulduqları ilk 1-2 ay ərzində körpələrin sistemsiz qidalanması mümkündür. Lakin vaxt keçdikcə dəqiq qidalanma rejimi yaradılmaqla, onların ana südü ilə qidalanma tezliyi azaldılır. Ana və ya körpələrin xəstələnməsi isə südün tərkibində xəstəlik törədicisinə qarşı əlavə anticisimlərin ifraz edilməsinə səbəb olur. Eyni zamanda, anaların qidalandığı yeməklərin dadı südə tam verir. Məhz bu səbəbdən ana südü ilə qidalanan körpələr daha rahat “ümumi qida masasına” keçir və yeməklər arasında daha az fərq qoyurlar.
Şübhəsiz ki, ana südü və süni qidanın tərkibində olan vitaminlərin miqdarını müqayisə etdikdə, süni qidaların tərkibində vitaminlərin daha çox olduğunu görürük. Lakin buna baxmayaraq, ana südü üstünlüyünü itirmir. Çünki bu qidadakı az miqdarda dəmir təbii mənşəli olduğundan daha faydalı hesab edilir. Eləcə də ana südü körpələrin virus və bakteriyalarla mübarizə aparmasına kömək edən antitellərlə zəngindir. Süni qidalar isə uşaqlar üçün antitel müdafiəsi təmin etmir. Tədqiqatlar göstərir ki, ana südü ilə qidalanmayan körpələr sətəlcəm, ishal və digər infeksiyalara daha həssasdırlar. Ana südü ilə qidalanan uşaqlar süni qida ilə qidalanan həmyaşıdlarına nisbətən bəzi peyvəndlərə qarşı daha müsbət reaksiya verirlər. Ana südü və süni qida ilə qidalanan körpələrin beyin inkişafında da fərqlər var. Ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Həmçinin bu qida ilə qidalanan körpələr daha yüksək intellektə malikdirlər. Onlar böyüyəndə daha az yaddaş və davranış problemləri ilə qarşılaşırlar.
Sadalanan problemlərin baş verməməsi, xüsusilə anemiyanın azaldılması və uşaqların ümumi sağlamlığının təmin olunması üçün anaların və pediatriya sahəsində çalışan tibb işçilərinin ana südünün əhəmiyyəti və üstünlüyü barədə məlumatlı olması, eləcə də körpələrin ana südü ilə qidalandırılmasının təmin edilməsi çox vacibdir.
Qeyd edək ki, ana südü ilə qidalanma körpələr üçün əhəmiyyətli olmaqla yanaşı, bu prosesin həyata keçirilməsi anaların sağlamlığı üçün də vacib sayılan reproduktiv prosesin bir hissəsidir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Ülviyyə Cəlilova və Cəmilə Hacızadə tərəfindən hazırlanıb.