Leptospirozun yayılması, fəsadları və bu xəstəliklə mübarizə yolları
7 Mart 2023 00:00
Leptospiroz (lat.Leptospirosis, Veyl xəstəliyi, İnfeksion sarılıq) Antarktida istisna edilməklə, demək olar ki, bütün qitələrdə aşkarlanmış zoonoz xəstəlikdir. Bu xəstəlik heyvandarlıq sahəsində iqtisadi itkilərlə, o cümlədən məhsuldarlığın azalması, reproduktiv fəaliyyətin zəifləməsi və heyvan təlafatı ilə nəticələnir. İnsanlarda da müşahidə edilən xəstəliyə nəzarət və onun ləğvi üzrə aparılan seromonitorinqlər, diaqnostika, müalicə-profilaktika, karantin və digər tədbirlərə sərf olunan maddi vəsait, eyni zamanda heyvan və heyvan mənşəli məhsulların ixracı ilə idxalı proseslərində tətbiq edilən məhdudiyyətlər iqtisadiyyatda böyük itkilərə səbəb olur.
Leptospirozun törədicisi (leptospirlər) Tripanemaceae ailəsinin Leptospira cinsinə aid olan, spiral formalı, spor əmələ gətirməyən obliqat aerob, qram-mənfi bakteriyalardır. Bakteriyalar xəstə heyvanlardan sidik, cinsiyyət orqanlarının sekresiyası, plasentar maye, süd, qan və digər vasitələrlə ətraf mühitə yayılır. Leptospirilər arasında iki qrup insan və heyvanlar üçün patogen olan parazit leptospirilər (L.interrogans) və qeyri patogen saprofit leptospirilər (L.biflexa) mövcuddur.
Leptospirozun mənbəyi və rezervuarı xəstə və ya xəstəlikdən sağalmış qaramal, qoyun, keçi, dəvə, donuz və digər təsərrüfat heyvanları, ev heyvanları olan it və pişiklər, eləcə də canavar, tülkü, çaqqal və başqa vəhşi heyvanlar, eləcə də quşlar mühüm rol oynasa da, xəstəliyin əsas daşıyıcısı gəmiricilər hesab olunur. Gəmiricilər infeksiyaya yoluxduqda, leptospirlər əsasən onların böyrəklərində lokalizasiya etməklə, bütün həyatları boyu, qaramal yoluxduqda isə 12 aydan artıq infeksiya daşıyıcısı ola bilir.Xəstəlik törədicilərinin keçirici faktorları su,yem,otlaq sahəsi,döşəmə materialı və digər xarici mühit obyektləri hesab olunur.
Leptospiroz xəstəliyinin inkubasiya müddəti heyvanlarda 4-14, insanlarda 7-12, bəzən isə 2-29 günə qədər davam edir. Xəstəlik iti, yarımiti, xroniki, abortiv və bəzi hallarda latent formada özünü göstərir. Həmçinin müxtəlif növ heyvanlarda iştahsızlıq, ishal, qızdırma, hemoqlobinuriya, depressiya, sonsuzluq, balasalma, ölü doğuşlar, süd məhsuldarlığının azalması və digər bu kimi kliniki əlamətlərlə xarakterizə olunur.
Heyvanlarda infeksiya ilə yoluxma müxtəlif yollarla baş verir. Belə ki, bətndaxili ötürülmə-boğazlıq dövründə törədici ana bətnindən plasenta vasitəsilə dölə ötürülür. Həmçinin doğumdan sonrakı dövrdə ötürülmə-yoluxma alimentar, aerogen və eləcə də cinsi yolla, yəni heyvanların cütləşməsi zamanı baş verir.
İnsanlarda bu xəstəlik anikterik və ya ikterik formada təzahür edir. Anikterik forma bir neçə gün davam edən şiddətli baş ağrısı, boyun nahiyəsində sərtlik və meningeal simptomlarla xarakterizə olunur. İkterik forma (Veyl xəstəliyi) ağır gedişata malik olub, daxili orqanların funksiyasının pozulması ilə nəticələnir. Xəstəlik törədicisinin insan orqanizminə əsasən zədələnmiş dəri və selikli qişalar vasitəsilə daxil olduğu bildirilir. Yoluxma əsasən xəstə heyvanlarla birbaşa təmas nəticəsində, həmçinin törədici ilə sirayətlənmiş ət, süd, su, meyvə-tərəvəz və digər məhsulların qəbulu zamanı alimentar olaraq, eləcə də aerogen yolla baş verir. İnfeksiyanın 7 cinsi və ya ana südü ilə insandan-insana yoluxma riski mövcuddur. Yoluxmanın nadir hallarda heyvanların dişləməsi nəticəsində baş verməsinə dair məlumatlar da mövcuddur.
Leptospirozun simptomatik müalicəsi (antibakterial terapiya, passiv immunizasiya) mümkündür və xəstəliyə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi böyük iqtisadi əhəmiyyət kəsb edir. Bu çərçivədə bütün heyvanların dövri peyvəndlənmədən keçirilməsi, təsərrüfatlarda biotəhlükəsizliyin, baytarlıq sanitariya və sanitar-gigiyenik tələblərin təmin edilməsi, eyni zamanda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin tənzimlənməsi zəruridir. Xüsusilə infeksiya mənbəyi olan heyvan cəsədlərinin, törədici ilə kontaminasiya edilmiş yem, ot, heyvan mənşəli məhsulların yandırılma və ya basdırılma yolu ilə məhv edilməsi vacib hesab olunur.
Eyni zamanda xəstəlik aşkar edildiyi halda, təsərrüfata karantin tətbiq olunur. Xəstə heyvanlar izolyasiya edilərək müalicə edilir, sağlamları isə peyvəndlənir. Peyvəndləmə epizootik vəziyyətin qiymətləndirilməsi əsasında seçilən polivalent və ya assosiasiya olunmuş vaksinlərdən istifadə edilməklə aparılır. Bu proses endemik ərazilərdə xəstəliyə nəzarət və epidemiyalar zamanı xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Səbinə Məmmədova və Seyidxanım Seyidova tərəfindən hazırlanıb.