Nar bitkisinə ziyan vuran əsas xəstəliklər
26 Oktyabr 2021 00:00
Nar qiymətli, eləcə də iqtisadi cəhətdən əhəmiyyətli subtropik bitkidir. Nar Punica L. cinsinə və Narkimilər fəsiləsinə (Punicaceae Horan.) mənsubdur. Lap qədimdən becərilən nar ağacı adətən 1,5-6 m hündürlükdə olan kol bitkisidir. Narın yetişmə dövrü 180-215 gün, meyvələrin inkişafı isə 120-160 gün arasında davam edir. Bu bitki inkişafının 3-cü ilində meyvə verir. Ağacının ömrü isə 50-70 ildir.
Narın 500-dən çox sortu məlum olsa da, onların əksəriyyəti hələ də kifayət qədər öyrənilməyib. Azərbaycanın torpaq və təbii iqlim şəraiti narın yetişdirilməsi üçün olduqca əlverişlidir. Torpağa az tələbkar, quraqlığa davamlı bitkidir. Lakin yaxşı boy və məhsul verməsi üçün nar bitkisi rütubət tələb edir. Ümumiyyətlə, havanın normal istiliyi 22-25° C temperatur və torpağın nisbi rütubətliliyi 75-80 % və daha çox olarsa, nar bol və keyfiyyətli məhsul verər. Subtropik meyvə bitkiləri içərisində şaxtaya davamlılığına görə nar Şərq xurmasından sonra ikinci yerdə durur. Nar Azərbaycanın demək olar ki, bütün bölgələrində becərilir. Respublikamızda yüksək keyfiyyətli və məhsuldar nar sortlarından olan Azərbaycan gülöyşəsi və ya Qırmızı gülöyşə, Çəhrayı gülöyşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Şüvəlan narı, Şah nar, Şirin nar, Qırmızı şirin, Ağ şirin, Göy nar, Zibeydə, Açıqdənə, Ağdənə və s. geniş yayılıb.
Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər (qranadin) və s. hazırlanır. Həmçinin narın şirəsindən milli mətbəximizin dadlı nümunələrindən biri olan narşərab hazırlanır ki, bu da ət və balıq yeməklərinə özünəməxsus ətir və dad verir. Şəki rayonunda nardan hazırlanan nardaşa şərbəti isə plov və kabablara sous kimi əlavə olunur. Narın qabığından alınan rənglərdən isə yun ipliyin, eləcə də parça boyanmasında geniş istifadə edilir.
Nar sortları quruluşuna, ölçüsünə, formasına, meyvəsinin rənginə, kimyəvi tərkibinə, dadına, yetişmə müddətinə, məhsuldarlığına və digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Qeyd edək ki, narın kimyəvi tərkibi sortdan, becərildiyi ərazi və şəraitdən, yetişmə dərəcəsindən, yığılma müddətindən, suvarmadan, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsullarından, daşınma və saxlanma şəraitindən asılı olaraq dəyişə bilir. Nar meyvəsi üç əsas hissədən ibarətdir: qabıq, dənə və şirəsi. Qabıq bütün meyvənin 27.89-51.76 %-ni, dənə 7.78-22.14 %-ni, şirə 38.86-63.43 %-ni təşkil edir. Nar şirəsinin tərkibində 4,4-21 % şəkər, 0,2-4,5 % limon turşusu, tanin, həmçinin kalsium, kalium, natrium, dəmir, fosfor, manqan, maqnezium və digər elementlərin sulfat və xlor birləşmələri vardır. Qeyd edək ki, limon turşusunun miqdarına görə nar şirin, turşa-şirin və turş kimi pomoloji sortlara bölünür. Narın şirəsində limon turşusu 0,9 %-ə qədər olanlar şirin, 0,9-dan 1,8 %-ə qədər olanlar isə turşa-şirin sortlara aid edilir. Turş nar sortlarının şirəsində isə limon turşusu 1,8 %-dən yuxarı olur. Ümumiyyətlə, ən yaxşı nar sortlarının meyvəsinin kütləsi 800-1000 qr, orta çəkisi isə 200-400 qr olur. Alimlərin qənaətinə görə, narın 100 qr yeməli hissəsinin enerji dəyəri 52 kkal/218 kC-a uyğundur.
Narın meyvəsi avqustun sonu və sentyabrın əvvəlində yetişməyə başlayır, oktyabrın sonuna kimi davam edir. Meyvə tam yetişdikdən sonra yığılmalıdır. Narın meyvələri vaxtından əvvəl yığıldıqda məhsul keyfiyyətsiz olur. Meyvə yığım zamanı zədələnməməlidir, çünki zədələnmiş hissələrdən meyvənin daxilinə xəstəlik törədiciləri daxil olur və bu da saxlanma müddətini qısaldır. Meyvəsinin yetişməsindən asılı olaraq nar 3 qrupa bölünür: tez yetişən, orta yetişən, gec yetişən. Nar meyvəsini 1-2° C temperaturda və nisbi rütubət 85-90 % olan şəraitdə saxlamaq lazımdır. Qeyd edək ki, saxlanılma müddəti narın yetişməsindən asılıdır. Belə ki, tez yetişən nar sortları 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər saxlanıla bilər. Bundan başqa, narın uzunmüddət keyfiyyətli saxlanmasına onun sort xüsusiyyəti, vaxtında yığılması, daşınması, qablaşdırılması və digər amillər də əhəmiyyətli dərəcədə təsir edir.
Nar meyvəsinin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının standartı (202-74) və sahə standartı (CCT 46-120-81) ilə müəyyənləşdirilir. Bu zaman onun xarici görünüşü, təzəliyi, ölçüsü, forması, rəngi, yetişkənliyi, dadı, turşuluğu, mexaniki və ya zərərvericilər tərəfindən zədələnməsi qiymətləndirilir.
Xəstəlik və zərərvericilər nar bitkisinin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Kortəbii şəkildə aparılan fitosanitar tədbirlər nar bitkisinin xəstəliklərinin çoxalması ilə nəticələnir. Zərərli orqanizmlər bitkinin kökü, meyvələri və toxumları daxil olmaqla bütün orqanlarına və inkişafının müxtəlif mərhələlərində ziyan vurur. Zərərvericilərin növ tərkibi çox olduğundan onlara qarşı müxtəlif mübarizə üsullarından, xüsusilə də aqrotexniki mübarizə tədbirlərindən istifadə edilir.
Nar bitkisinə düzgün qulluq edilmədikdə bir çox bakterial və göbələk mənşəli xəstəliklər yaranır:
Narın meyvə çürüməsi və ya zitiozu (Zythia versoniana Sacc.) bitkiyə ziyan vuran əsas xəstəliklərdən biri hesab olunur. Meyvə çürüməsi xəstəliyinə nar bitkisinin becərildiyi bütün rayonların ərazisində rast gəlinir. Bitkinin kök boğazı, gövdəsi, budaqları, yarpaqları, çiçəkləri və meyvələri xəstəliyin təsirinə məruz qalır. Z.versoniana-nın yarpaqlarda yaratdığı qəhvəyi rəngli ləkələr onların vaxtından əvvəl saralaraq tökülməsinə səbəb olur. Xəstəlik törədicisi ilə sirayətlənmiş çiçəklər qəhvəyi və ya tünd-qəhvəyi ləkələrlə örtülərək əksər hallarda vaxtından əvvəl tökülür. Z.versoniana ilə meyvənin yoluxması isə əsasən kasacığın sirayətlənməsindən başlayır ki, sonradan ləkələr böyüyərək meyvənin digər hissəsinə keçir. Beləliklə, yoluxmuş nar meyvələrinin üzərində də qəhvəyi rəngli ləkələr əmələ gəlir. Sirayətlənmiş meyvələr qaralıb çürüyərək yerə tökülür. Xəstəliyin törədicisi qış dövründə çürümüş meyvələrdə həyat qabiliyyətini saxlayır. Xəstəlik mexaniki zədələnmiş meyvələrdə və rütubətli havada daha sürətlə inkişaf edir. Xəstəlik törədicisi ilə sirayətlənmiş gövdənin oduncaq hissəsi, kök boğazının qabığı və üst qatları qəhvəyi pas rəngi alaraq çürüyür. Müəyyən zaman kəsiyindən sonra ağacın qabığı çatlayaraq soyulmağa başlayır və nəticə etibarilə ağac tamamilə quruyur. Xəstəliyin yayılma mənbəyi xəstə ağaclar, mumyalaşmış meyvələr, yerə tökülmüş yarpaqlar və nar dənələri hesab olunur. Beləliklə, xəstəliyin təsirindən bitkinin məhsuldarlığı xeyli aşağı düşür və nar bağlarına ciddi ziyan dəyir. Odur ki, xəstəliyin simptomlarına rast gəldikdə müvafiq fitosanitar tədbirlər aparılmalı, o cümlədən bağlarda təmizlik işləri gücləndirilməli, ağacların üzərində olan və ya yerə tökülmüş zədəli meyvələr yığılaraq məhv edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda becərilən nar sortları çürümə xəstəliyinə qarşı davamsızdır. Azərbaycan gülöyşəsi və ya Qırmızı gülöyşə, Çəhrayı gülöyşə, Qırmızı qabıq, Nazik qabıq, Şah nar sortları xəstəliyə qarşı daha həssasdır.
Narın antraknozu və ya dəmgil xəstəliyi (Sphaceloma punicae) də nar bitkisinin məhsuldarlığını kəskin şəkildə aşağı salır. Dəmgil xəstəliyi Göygöl, Tərtər, Gəncə, Ağdam, Lənkəran və Astara rayonları ərazisində daha geniş yayılıb. Xəstəlik törədicisi narın yarpaq, saplaq, zoğ və yaşıl meyvələrini yoluxdurur. Dəmgil xəstəliyi çiçək kasacığını və meyvənin qabıq hissəsini zədələməklə tünd-qəhvəyi batıq ləkələr əmələ gətirir. Sirayətlənmiş yarpaqlar kiçik, həlqəvi qırmızıyabənzər qəhvəyi və ya açıq-çəhrayı ləkələrlə əhatə olunur. Bu ləkələr sonradan çoxalaraq tünd-qonur və ya tünd-qəhvəyi rəng alır. Xəstəlik törədicisi ilə sirayətlənmiş yarpaqlar vaxtından əvvəl tökülür. Yoluxmuş zoğların qabıqları partlayır və soyulur. Saplaqların yoluxması isə yarpaqların vaxtından əvvəl tökülməsinə səbəb olur. Xəstə zoğlar inkişafdan qalır, bəzən isə tamamilə məhv olur. Meyvələrin xəstəlik törədicisi ilə sirayətlənməsi yetişmənin ilk mərhələsində baş verir. Bu zaman meyvələr cılızlaşır, kobudlaşır və partlayır. Meyvələrin belə partlaması onların keyfiyyətini aşağı salır, saxlanma müddətini azaldır. Yetişmə dövrünün ilk vaxtlarında dəmgil xəstəliyinə yoluxan meyvələr tam inkişafdan qalır. Ona görə də xəstəliyə qarşı effektiv fitosanitar tədbirlər həyata keçirilməlidir.
Narın bakterial ləkəliliyi xəstəliyi (Xanthomonas axonopodis pv. punicae) də nar bitkisinin məhsuldarlığına ciddi ziyan vurur. Xəstəlik yarpaqlarda 2-5 mm-ə qədər kiçik sarı, açıq qəhvəyi və nekrotik ləkələrin əmələ gəlməsi ilə təzahür edir. Qeyd edək ki, ilkin mərhələdə xəstəliyin simptomları işıqda aydın görünür. Ləkələr tədricən birləşərək böyüyür və tündləşir. Getdikcə yarpaq saplaqlarına sirayətlənən xəstəlik yarpaqların tökülməsinə səbəb olur. Nəticə etibarilə qışlamanı pis keçirməklə yanaşı, ağacların xəstəliyə dözümlülüyü də azalır. Yarpaqların tamlığının pozulması fotosintez prosesinin gedişatına mənfi təsir göstərməklə məhsuldarlığın azalmasına səbəb olur. Xəstəlik xüsusilə də 2-5 yaşlı nar ağacının qabığının çatlaması və soyulması ilə özünü göstərir. Bu çatlar 5-7 yaşlı nar ağaclarında daha da dərinləşir və çatlardan sıx axıntı müşahidə edilir. Meyvələrdə xəstəliyin simptomları əvvəlcə tipik qara ləkələr şəklində başlayır və bakterial axıntı bu ləkələrdə müşahidə edilir. Sirayətlənmə şiddətləndikcə meyvədə çatlar əmələ gəlir. Xəstəliyə qarşı mübarizə tədbirləri çərçivəsində xəstə ağacların yoluxmuş hissələri kəsilərək məhv edilməlidir. Yüksək aqrotexniki qulluq və optimal becərmə nar bitkisində bakteriozun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.
Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Bürhanə Mürşüdova tərəfindən hazırlanıb.
İSTİNADLAR:
1. Nəcəfova U. B. Azərbaycanda nar zərərvericiləri. Tbilisi, 1973, s. 247- 248.
2. Qaraşarlı A. S., Əhmədov A. İ. Meyvə və tərəvəzlərin satışı. Bakı, 1981, s. 85.
3. Cəfərov İ., Fitopatologiya, Bakı, 2012, s.533-541.
4. Абдуллаев А. Г. Субтропические растения в Азербайджана «Природа», №1, 1956, с. 35-37.
5. Алиев А. Г. Сорта граната в Агдамском районе. Бюлл. ВНИИСС, 1941, с. 8-10.
6. Məmmədov C. Ş., Hacıyev T. Y., Əliyev F. Q., Əliyev M. M., Hacıyev Z. V. Narın becərilməsi. Bakı, “Elm və Təhsil”, 2009, 28 s.
7. Kahramanoğlu İ., Usanmaz S. Nar yetiştiriciliği. Kıbrıs, 2005, 50 s.
8. https://www.cabi.org/isc/datasheet/45931
9. https://dergipark.org.tr/tr/download/article-file/797361
10. https://coastlinesurfsystem.com
11. Atlas, “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər” Bakı-2018
13. Metin A., Şahin A., Canıhoş E., Öztürk N. Nar yetiştiriciliği. Ankara, 2012, 33 s.
14. Özgüven A., Yılmaz C., Yılmaz M., İmrak B., Dikkaya Y. Nar yetiştiriciliği. Kıbrıs, 2015, 29 s.
15. Identification the Pathogens Causing Rot Disease in Pomegranate (Punica granatum L.) in China and the Antifungal Activity of Aqueous Garlic Extract
16. https://www.mdpi.com/1999-4907/11/1/34/htm
17. Асадов К. С., Асадов А. К. Дикорастущие плодовые растения Азербайджана. Баку, 2001, 256 с.
18. http://journal.geonatres.az/wp-content/uploads/2020/12/QuliyevF_2020N2.pdf
19. Кульков О. П. Культура граната в Узбекистане. Ташкент: “Фон”, 1983, 192 с.
20. Калюжный Ю. В. Болезни субтропических и тропических плодовых культур и борьба с ними. Киев: Украинская Сельскохозяйственная Академия, 1987, 29 с.
21. Гарашарлы А. С, Ахмедов А.И. Товароведение плодов и овощей. Баку, 1981, с. 85.
22. Гарашарлы А. С Гранат и его использования. Баку, Азернешр, 1979, с. 119.
23. Гончарова В. Н. и др. Товароведение пищевых продуктов. М, Экономика, 1990, с. 65.
24. Джафаров А. Ф. Товароведение плодов и овощей. М., Экономика, 1985, с. 96-97.
25. Дамиров И. А. и др. Лекарственные растения Азербайджана. Азернешр, 1976, с. 15-16.
26. Жарова С. Н. и др. Заготовка и хранение плодов. Лениздат, 1987, с 29-30.
27. http://ecosystema.ru/08nature/fruits/033.htm
28. Аslanova M. S. Narın bəzi xassələri və onun saxlanması problemləri // AMEA GREM, Xəbərlər Məcmuəsi. Gəncə, 2010, № 42, s. 59-63.
29. İ. Əliyev İ. H. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq olunmasına dair AR Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı. Bakı.
30. Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı. Azərbaycan, aprel-iyun 2011-ci il. http://www.foodsec.org.
31. Fətəliyev H. K. Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası. Elm, Bakı, 2010, 432 səh.
32. Qurbanov X., Fətəliyev K. Elmi-tədqiqat işlərinin tərtibi və nəticələrin riyazi işlənməsi / “vektor” nəşriyyat evi, Bakı, 2011, 158 s.