Nyukasl quşlar arasında kütləvi tələfata səbəb olan təhlükəli yoluxucu xəstəlikdir
28 İyul 2022 00:00
Nyukasl xəstəliyi (lat. Pseudopestis avium) quşların yüksək kontagioz virus mənşəli yoluxucu xəstəliyi olub, psevdotaun, psevdoensefalit, atipik taun, Asiya taunu və s. kimi də tanınır. Xəstəliyin törədicisi Paramyxoviridae ailəsinə, Orthoavulavirus cinsinə mənsub olan RNT tərkibli sferik, oval və ya çöpşəkilli zoonoz virusdur. Törədicinin 10 müxtəlif serotipi mövcuddur. Nyukasl xəstəliyinə yoluxma zamanı virus quşların respirator orqanları, həzm və mərkəzi sinir sistemində lokalizasiya etməklə, əsasən ensefalit, pnevmoniya və mədə-bağırsağın selikli qişasının hemorragiyası, eyni zamanda digər patoloji dəyişikliklərə səbəb olur.
Xəstəlik demək olar ki, dünyanın bütün ölkələrində qeydə alınıb. Xəstəliyə bütün ev və vəhşi quş növləri (o cümlədən sinantrop və ekzotik quşlar) yoluxur. Toyuqlar, xüsusilə də cavan fərdlər xəstəliyə çox, hind quşları isə nisbətən az həssasdır. Vəhşi quşlar və su quşları (ördək, qaz və s.) xəstəliyi subkliniki formada keçirsə də, virus daşıyıcısı hesab olunurlar. Xəstəlik dəvəquşular arasında da qeydə alınır. Toyuqların yoluxması nəticəsində cavan fərdlər arasında məhsuldarlıq göstəriciləri kəskin (20-60 %) azalmaqla yanaşı, törədicinin virulentliyindən asılı olaraq tələfat, hətta 90-100 %-ə çatır.
Xəstə quşlarla təmas nəticəsində yoluxan insanlarda konyunktivit, yuxarı tənəffüs yollarının iltihabı və bəzən limfadenit kimi əlamətlər müşahidə olunur.
Nyukasl törədicisi quşçuluq sahəsində təhlükəli infeksiya növlərindən biri kimi qiymətləndirilir. Xəstəlik epizootiki alovlanmalar şəklində baş verir. Nyukasl xəstəliyi quşçuluq təsərrüfatlarında aparılan peyvəndləmədən sonra sporadik formada da müşahidə edilə bilər. Törədicinin müxtəlif patotipləri tərəfindən törədilən xəstəliyin aşağıdakı formaları mövcuddur:
Velogen (iti) forma yüksək patogen ştamlar tərəfindən törədilməklə, visserotrop (həzm orqanlarında hemorragik əlamətlərin olması) və neyrotrop (nevroloji, həmçinin respirator simptomların olması) şəkildə təzahür edir. Ümumiyyətlə, velogen ştamlarla yoluxma zamanı quşlarda qanlı ishal, xırıltılı öskürək, asqırma, dimdikdən selikli maye axıntısı, boğulma, başın şişməsi və əyilməsi, apatiya, boyun, qanad və ətrafların parezi, qida və sudan imtina və s. kimi kliniki əlamətlər müşahidə edilir.
Mezogen (yarımiti) forma orta virulentliyə malik ştamlar tərəfindən törədilməklə, kəskin respirator və nevroloji əlamətlərlə xarakterizə olunur. Xəstə quşlarda öskürmə, boğulma, sinir sisteminin pozulması və s. kimi əlamətlər müşahidə edilir. Xəstəlik sekundar infeksiyalarla müşayiət olunmadığı təqdirdə adətən aşağı (10 %-ə qədər) tələfatla nəticələnir.
Lentogen (xroniki) forma zəif virulentli ştamlar tərəfindən törədilməklə, yüngül respirator və bağırsaq simptomları ilə, o cümlədən traxeit, enterit, kloaka ətrafında zılın yapışması və s. kimi əlamətlərlə xarakterizə olunur. Ölüm faizi aşağı olsa da, sekundar infeksiyalarla müşayiət olunduğu halda xəstəlik kəskin formada təzahür edir.
Nyukasl xəstəliyinin zəif virulentli ştamlar tərəfindən törədilən asimptomatik (atipik) forması da mövcuddur ki, bu zaman xəstəlik spesifik olmayan əlamətlərlə və ya gizli olaraq (simptomsuz) davam edir.
Qeyd edək ki, Nyukasl virusu mutasiyaya meyillidir və zəif virulentli ştamların vəhşi quşlardan ev quşlarına ötürülməsi zamanı və ya digər hallarda yüksək virulentlilik qazana bilər.
Nəzərə almaq lazımdır ki, quşlar arasında yoluxma alimentar və hava-damcı yolu ilə (yem, su, hava vasitəsilə, xəstə quşlarla təmas nəticəsində və s.) baş verir. Xəstəliyin mənbəyi xəstəliyə yoluxmuş, həmçinin xəstəlikdən sağalmış quşlar hesab olunur. Köçəri vəhşi quşlar (o cümlədən sinantroplar) və suda üzən quşlar törədicinin rezervuarı kimi xəstəliyin yayılmasında böyük rol oynayır. Həşəratlar tərəfindən infeksiyanın transmissiv ötürülməsi də istisna deyildir. Xəstəlik törədicisi ətraf mühitə xəstə quşların ifrazatı (zıl, respirator axıntılar və s.), yumurta, yem qalığı, su, döşənək materialları, işçi heyətin geyimi, inventarlar və s. ilə yayılmaqla infeksiyanın baş verməsinə səbəb olur.
Xəstəliyin inkubasiya dövrü 2-15 gün, bəzən isə 20-21 günədək (orta olaraq 5-6 gün) davam edir. Virusla yoluxma zamanı kliniki əlamətlər törədicinin patotipi, quşun növü, yaşı, sekundar infeksiyaların olub-olmaması, ekoloji stres, orqanizmin immun fonu və digər amillərdən asılı olaraq dəyişir.
Nyukasl virusu ətraf mühit amillərinə qarşı davamlıdır. Belə ki, törədici xəstə quşların zılında 20-30 gün, döşənəkdə 42-53 gün, lələklərdə 255 gün, yoluxmuş dondurulmuş quş cəmdəyində 1-2 il, torpağa basdırılmış xəstə quş cəmdəyində 1 ay müddətində həyat qabiliyyətini qoruyub saxlayır. Xəstəlik törədicisi 100° C-də 1 dəq., 75° C-də isə 30 dəq. müddətində tələf olur. Mənfi temperaturda virus aktivliyini uzun müddət (-20° C-də 3 ilə qədər) saxlayır.
Xəstəliyə diaqnoz kliniki əlamətlər, patoloji-anatomik dəyişikliklər, seroloji test (immunoferment analizi, ELISA) və molekulyar-genetik müayinə (PZR) üsulları əsasında qoyulur.
Nyukasl xəstəliyinin spesifik müalicə üsulu mövcud olmadığından xəstəlik baş verən təsərrüfatlarda bütün quşlar qansız üsulla öldürülür və yandırılaraq zərərsizləşdirilir. Daha sonra təsərrüfatda təmizlik işləri aparılmaqla yem qalıqları, döşənək materialları, tük və lələklər, eyni zamanda xəstə quşlarla təmasda olan digər əşyalar toplanaraq məhv edilir və zəruri dezinfeksiya tədbirləri həyata keçirilir.
Nyukasl xəstəliyinə qarşı səmərəli mübarizə üsulu kimi quşlar arasında spesifik immunoprofilaktik tədbirlərin həyata keçirilməsi, eyni zamanda təsərrüfatda biotəhlükəsizlik və sanitar-gigiyenik qaydaların gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Peyvəndlənmədən sonra quşların orqanizmində yaranan antitel titrinin izlənilməsi ilə yaranmış immunitetin dinamikası nəzarətdə saxlanılır.
Nyukasl quşlar arasında kütləvi tələfata və böyük iqtisadi zərərə səbəb olan təhlükəli yoluxucu xəstəlikdir. Bu da xəstəliyə qarşı profilaktiki tədbirlərin qida təhlükəsizliyi tələbləri çərçivəsində və baytarlıq-sanitariya qaydalarına uyğun həyata keçirilməsini zəruri edir.
Məqalə AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Kəngərli, K. Əliyeva, Ç. Əliyeva, S. Məmmədova, Ş. Məmmədova, J. İsgəndərova tərəfindən hazırlanıb.