Omeqa-3 balıq yağının faydaları və istehlak qaydaları
4 Avqust 2023 12:40
Yağ turşularının xüsusiyyəti onların molekulundakı karbon atomlarının və karbon atomları arasındakı ikiqat rabitələrin sayı, eləcə də bu rabitələrin yerləşdiyi mövqeyə görə müəyyən edilir. Omeqa-3 yağ turşularının geniş yayılan və balıq mənşəli növüdür. Qida əlavəsi kimi tanınan bu məhsul uzun karbon zəncirinə malik doymamış yağ turşuları qrupundan təşkil olunub. İnsan sağlamlığı üçün faydalı olan və yağ turşularının ən yaxşı mənbəyi hesab edilən Omeqa-3 balıq yağı əlavəsi tuna, siyənək, skumbriya kimi yağlı balıqlardan əldə olunan heyvan mənşəli yağ qrupuna daxildir.
Tərkibində yağ turşuları və D vitamini olan Omeqa-3 istehlak üçün olduqca faydalı sayılır. Otaq şəraitində saxlanılan və maye halda olan bu balıq yağı növü həkimlərin tövsiyəsi ilə bütün insanların, xüsusilə də uşaqların asanlıqla istehlak edə biləcəyi bir qida əlavəsidir.
Omeqa-3 insan orqanizminin bir sıra funksiyaları üçün vacib və zəruridir. Elmi araşdırmalar əsasında bu yağ turşularından istifadənin insanların bir çox xəstəliklərdən qorunmasında əhəmiyyətli rol oynadığı aşkarlanıb. D vitamini ilə zəngin olan Omeqa-3 balıq yağı növü sümüklərin möhkəmlənməsinə, qaraciyərin yağlanmasının qarşısının alınmasına müsbət təsir göstərməklə, ürək-damar sistemi xəstəliklərinin profilaktikasında əhəmiyyətli rol oynayır. Bu yağ turşuları qrupu xərçəngin qarşısının alınmasında, iltihabi proseslərin azalmasında və gözlərin sağlamlığının təmin olunmasında böyük rol oynayır. A vitamini ilə zəngin olan balıq yağı xüsusilə uşaqlarda gözlərin sağlamlığını qorumaqla yanaşı, onların görmə qabiliyyətini də gücləndirir. Həmçinin tərkibindəki zəngin maddələr kompleksi sayəsində uşaqların immunitetini gücləndirir və onları qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur. Nəticədə Omeqa-3 uşaqlarda sağlam böyüməni və inkişafı təmin edir. Eyni zamanda onların idrakının inkişafına və yetkinləşməsinə müsbət təsir göstərir.
Omeqa-3 balıq yağı uzun illərdir ki, insanlar tərəfindən istifadə olunan pəhriz qida əlavəsi növüdür. Bu yağ müxtəlif formalarda istehsal edilir. Ticarət obyektlərində bu balıq yağına kapsul və həblər formasında rast gəlinir. Uşaqlar üçün daha cəlbedici olması üçün bu yağ çeynənən gel şəklində də istehsal edilir. Bununla yanaşı, balıq yağı kapsulalarında olan yağın kalori dəyərinin qəbul etdiyimiz digər qidalarla müqayisədə çox olmadığı bildirilir. Buna görə də, hesab edilir ki, bu yağ insanlarda kökəlməyə səbəb olmur.
Şübhəsiz ki, Omeqa-3 və digər bu kimi faydalı qida əlavələrinin təhlükəsiz formada qəbulu zəruri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının sağlam qidalanma ilə bağlı tövsiyələrində orqanizmə kifayət qədər Omeqa-3 yağ turşularının daxil olmasının təmin edilməsi məqsədi ilə insanın həftədə 2-3 dəfə balıq istehlak etməsi vacib hesab olunur. Balıq istehlakının geniş yayılmadığı coğrafi məkanlarda yaşayan və ya balıq bişirməyi və istehlak etməyi sevməyən insanlar isə həkimlərin tövsiyəsi ilə balıq yağından məqsədəuyğun şəkildə istifadə edə bilərlər. Kifayət qədər balıq istehlak olunmadığı halda, müvafiq mütəxəssis məsləhəti ilə balıq yağı əlavəsinin istehlakına başlanılmalıdır. Bütün qida əlavələri kimi, Omeqa-3 balıq yağının da kortəbii şəkildə deyil, həkim məsləhəti ilə istehlak edilməsinə üstünlük verilməlidir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Heyvan Sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Yusif Babayev tərəfindən hazırlanıb
Oxşar xəbərlər
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Giriş