Pandemiya dövründə fəaliyyət göstərən mehmanxanaların ictimai iaşə zonalarında sanitariya və gigiyena qaydalarına əməl olunmalıdır
27 Avqust 2020 00:00
Yeni növ koronavirus pandemiyası dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qaydalara əməl olunmalıdır.
Mehmanxana xidmətinin təşkilində, xüsusilə ictimai iaşə zonalarında müvafiq metodiki göstərişlərin, tövsiyə və tələblərin yerinə yetirilməsi vacib şərtlərdəndir.
Belə ki, insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə təsirini nəzərə alaraq, müştərilər arasında növbəlilik sisteminin qurulması və digər qabaqlayıcı tədbirlər kimi, mehmanxanaların əhatə etdiyi ərazidə dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlarda maskası olmayan şəxslərə əlavə maskalar, digər gigiyena vasitələri təqdim olunmalıdır. Həmçinin müəssisənin bütün xidmət ərazilərində nağd ödənişlər məhdudlaşdırılmalı və təmassız ödəniş üsullarına üstünlük verilməlidir.
Mehmanxanaların ictimai iaşə zonalarında işçi heyət şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməlidir. Həmçinin mehmanxanaya daxil olarkən onların termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülməli və bədən hərarətinin 37.5° C və ya daha yüksək olduğu müəyyən edildikdə işə cəlb olunmamalıdırlar. Mehmanxanaların ictimai iaşə sahəsində çalışan işçi heyətin dəyişəkli təmiz iş geyimində olması əsas şərtlərdəndir.
Profilaktik tədbirlər çərçivəsində mehmanxanaların bütün ərazisində səthlərin xüsusiyyətinə uyğun olaraq, dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilməlidir. Qeyd edək ki, hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirklənmənin növü, səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.
Qonaqların yeyib-içmə zamanı istisna olmaqla, bütün digər vaxtlarda və masanı tərk etdikdə maskadan istifadə etmələrinə nəzarət olunmalıdır. Sosial məsafə saxlanması COVID-19-a yoluxmanın qarşısını alan əsas tədbirlərdən biridir. Buna görə də qonaqlar arasında minimum 2 metr məsafə təmin olunmalı, mümkün olan yerlərdə xüsusi işarələr yerləşdirilməlidir. Xatırladaq ki, eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqlara fiziki (sosial) məsafə tələbi şamil edilmir.
Mehmanxanaların ictimai iaşə zonalarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmalıdır. İctimai iaşə sahəsinin qarşısındakı (girişində) xüsusi lövhələrdə qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları əks olunmalıdır.
Mehmanxanaların mətbəxində qida ilə təmasda olan səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidir. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanmalıdır. Qida məhsullarına işçi heyətdən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır.
Eyni zamanda, heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması üçün mətbəxə gətirilən heyvan mənşəli məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır.
Mehmanxanaların ictimai iaşə zonalarında - mətbəxdə işçi heyətin şəxsi gigiyenaya əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət olunması, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub, təmizlənməsi təmin olunmalıdır.